29daba68-ee68-4dd7-b220-4cdd6749639c.jpg

Kredit borcuna görə edilən zənglər: Bankı məhkəməyə verib təzminat almaq olar

Baxış sayı: 271 dəfə baxılıb.

Son zamanlar bank sektorunda müşahidə olunan narahatedici tendensiyalardan
biri də kredit borclarının gecikməsi səbəbindən borclu şəxslərin ailə üzvlərinə
və ya zaminlərinə banklar tərəfindən edilən zənglərdir.

Cixisyolu.com xəbər verir ki, mütəxəssislərin fikrincə, bu cür hərəkətlər bank
sirrinin və müştərilərin hüquqlarının kobud şəkildə pozulması kimi
qiymətləndirilməlidir.

Məsələ ilə bağlı Cixisyolu.com-a açıqlama verən hüquqşünas, bank sektoru üzrə
mütəxəssisƏkrəm Həsənov bildirdi ki, qanunvericiliyə əsasən, bank heç bir halda
borclu şəxsin yaxınlarından borcun ödənilməsini tələb edə bilməz.

“Kredit borcu yalnız birbaşa borclu şəxsin özündən tələb olunmalıdır. Burada
bir incə nüans var, əgər müştəri kredit müqaviləsi bağlayarkən onunla əlaqə
yaratmaq mümkün olmadığı təqdirdə yaxınlarına zəng etməklə bağlı banka icazə
veribsə, onu tapa bilmədikdə bank onun göstərdiyi şəxslərlə əlaqə saxlaya
bilər. Əks halda, bu, bank sirrinin pozulması hesab edilir və müştəri mənəvi
zərərin əvəzini tələb etmək üçün məhkəməyə müraciət edə bilər.

Azərbaycanda artıq bu cür işlər üzrə məhkəmə praktikası da mövcuddur. Banklar
müştərinin razılığı olmadan kredit məlumatlarını üçüncü şəxslərə verməklə
faktiki olaraq bank sirrini yaymış olurlar. Borclu şəxsin yaxınlarının isə tam
hüququ var ki, bankdan gələn zənglərə etiraz etsinlər və bir daha narahat
edilməməyi tələb etsinlər. Əks təqdirdə, onlar da mənəvi zərərin əvəzini tələb
etmək üçün məhkəməyə müraciət edə bilərlər.

Beləliklə, banklar kredit borclarının gecikməsi zamanı yalnız borclu şəxsin
özü ilə əlaqə saxlamalı, ailə üzvləri və ya zaminləri narahat etməməlidirlər.
Bu, həm qanunvericiliyin tələbi, həm də bank-müştəri münasibətlərində etimad və
məxfiliyin qorunması baxımından vacibdir”, – deyə hüquqşünas vurğulayıb.

Əzizə İsmayılova

Source link