49cba49d-229d-444e-a5dd-b5d90f3b03b5..jpg

Kreditlərin də faizləri artır? – FOTO

Baxış sayı: 791 dəfə baxılıb.

Kreditlərin də faizləri artır? – FOTO

Azərbaycanda fiziki şəxslərin əmanətləri üzrə ödənilən illik faiz gəlirləri
fevralın 1-dən yenidən vergiyə cəlb edilib. Buna qədər isə yeddi il müddətində
yerli bank və xarici bankın Azərbaycanda fəaliyyət göstərən filialları
tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən illik faiz gəlirləri
vergidən azad idi. Ödəmə mənbəyindən 10 faiz dərəcəsi ilə tutulan bu verginin
yaratdığı xərcin əmanət faizlərinə əlavə olunacağı, yoxsa əmanətin faiz
gəlirlərindən reallaşdırılacağı maraq doğurur.

“Qafqazinfo”nun məlumatına görə, Azərbaycan Mərkəzi Bankının sədri Taleh
Kazımov bu ayın əvvəlində keçirilən mətbuat konfransında bankların həmin xərci
öz əmanət faizlərində əks etdirəcəklərini hesab etdiyini bildirmişdi. Onun
ehtimalına görə, bu, kredit faizlərinə təsir edə bilər.

Aydın məsələdir ki, banklar əmanətçilərin ödəməli olduqları vergini faizlərə
əlavə edərlərsə və yaxud onların əvəzinə ödəyərlərsə, bu, xərcləri artırmış
olacaq. Bu da kreditlərin faizlərinin artması ilə müşahidə oluna bilər. Bəs
bütün bunlar nə dərəcədə real görünür?

Son illərin rəsmi göstəriciləri onu deməyə əsas verir ki, Azərbaycanda
əmanətlərin faizləri azalmaqdadır. Hətta ötən il ikirəqəmli inflyasiya fonunda
belə, əmanətlərin orta faizi azalıb. Mərkəzi Bankın məlumatına görə, ötən ilin
əvvəlində bankların yeni cəlb etdikləri müddətli əmanətlərin orta göstəricisi
9,07 faiz, bu ilin əvvəlində isə 8,35 faiz olub. Azalma kreditlərin faizlərində
də özünü göstərib. Belə ki, ötən ilin əvvəlində bankların yeni verdikləri
kreditlərin orta göstəricisi 16,43 faizdən bu ilin əvvəlində 15,85 faizə enib.

Ötən il bankların depozit portfeli 6 milyard 824,3 milyon manat artaraq 33
milyard 762,6 milyon manata yüksəlib. Bunun müqabilində bankların kredit
portfeli 2 milyard 935,2 milyon manat çoxalaraq 19 milyard 594,4 milyon manata
çatıb. Bu, bankların vəsait baxımından “korluq çəkmədiklərindən” xəbər verir.
Nəticədə bu amil banklara əmanətlərə ikirəqəmli inflyasiya şəraitində təklif
etdikləri birrəqəmli faizləri bir az da azaltmağa imkan yaradır.

Digər tərəfdən, depozit portfelinin əksər hissəsi hüquqi və fiziki şəxslərin
tələbli depozit və əmanətlərindən ibarət olsa da, vəsaitin artması onun kreditə
çevrilməsi istiqamətində banklar arasında rəqabəti artırır. Bu məsələ
kreditlərin faizlərinin enməsini şərtləndirir.

Belə şəraitdə bankların əmanətçilərin vergi öhdəliklərini üzərlərinə
götürmələri, yaxud kredit faizlərinə əlavə etmələri real görünmür.

Hazırda ölkədə fəaliyyət göstərən 25 bankdan biri əmanət faizlərinə tətbiq
edilən bu vergi xərcini üzərinə götürüb. Lakin bu, kampaniya xarakteri daşıyır.
Belə ki, həmin bank yalnız fevralın 1-dən mayın 1-nə qədər olan dövrdə əmanət
yerləşdirmiş fiziki şəxslərin bir il ərzində hesablanmış faiz xərcini özü
ödəyəcək.

Bəzi ekspertlər faiz gəlirlərinin vergiyə cəlb edilməsinin əhalinin
banklardakı vəsaitləri çıxarıb daşınmaz əmlaka yönəldəcəklərini bildirsələr də,
bu da inandırıcı deyil.

İlk növbədə, əksər əmanətlərin məbləği daşınmaz əmlak almağa imkan vermir.
Eyni zamanda, vergiyə cəlb ediləndən sonra belə, banka əmanət yerləşdirmək
daşınmaz əmlaka investisiya etməkdən daha sərfəlidir. İstər gəlirin miqdarı,
istərsə də likvidlik cəhətdən bank əmanəti daşınmaz əmlaka investisiyanı
üstələyir. Həmçinin Türkiyədə baş verən zəlzələdən sonra xüsusilə də mənzil
tikintisində keyfiyyət məsələsini də aktuallaşdırdığından banklardakı
əmanətlərin daşınmaz əmlak sektoruna axın edəcəyi mümkün görünmür.

Ümumilikdə isə əmanətlərin sığortalanması mexanizminin mövcudluğu, milli
valyutanın məzənnəsinin sabit qalmaqda davam etməsi və əhalinin investisiya
edəcəyi alətlərin məhdud olması şəraitində bank əmanətləri hazırda ən əlverişli
passiv yatırım növüdür.

Source link