dd3449ff-13a7-4f0f-b441-500143fea286..jpg

Kreml alət kimi istifadə etdiyi Vardanyanın üzərinə hansı vəzifələr qoyub? – ARAŞDIRMA + FOTO

Baxış sayı: 811 dəfə baxılıb.

Kreml alət kimi istifadə etdiyi Vardanyanın üzərinə hansı vəzifələr qoyub? –
ARAŞDIRMA + FOTO

Bir neçə gün bundan öncə Qarabağdakı separatçıların “lideri” Araik
Arutyunyanın, ardınca “dövlət naziri” Ruben Vardanyanın gizli yolla Ermənistana
qaçması, oradan da Moskvaya getməsi xəbəri yayıldı. Erməni mənbələrinə görə,
Vardanyan rusiyalı sülhməramlılarının yük avtomobilində, çirkli əsgər
paltarlarının altında gizlənərək bölgədən çıxarılıbmış. Lakin bu həftənin
əvvəlində məlum oldu ki, Vardanyan yenidən Qarabağda peyda oldu. Yığıncaq
keçirərək gələcək planlardan, görüləcək işlərdən danışıb, Qarabağdakı
separatçıları “işıqlı günlərə” çıxaracağına dair vədlər verib.

Maraqlıdır, Vardanyanın gizli yolla Moskvaya getməsinə səbəb nə idi? Yenidən
Qarabağa qayıtmaqda məqsədi nədir? Kreml alət kimi istifadə etdiyi bu şəxsin
üzərinə hansı vəzifələr qoyub?

“Kaspi”

qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Millət vəkili, siyasi şərhçi Sahib Alıyev mövzu ilə bağlı açıqlamasında
bildirib ki, R.Vardanyan Qarabağa öz xoşu ilə gəlməyib. Deputatın qənaətincə,
ona Qarabağa getməklə bağlı xüsusi tapşırıq verilib:

“Əgər Vardanyan bu tapşırıqdan imtina etsəydi, Ukrayna-Rusiya savaşı
başlayandan indiyə qədər özünə qarşı sui-qəsd etmiş bir çox milyarderlərin
taleyini yaşayacaqdı. Onun sir-sifətinə, həyat yoluna fikir versək görərik ki,
bu adam harın və komfort həyat tərzi yaşayan dələduzun biridir. Bu tip
insanları Qarabağdakı haylar heç zaman maraqlandırmayıb. Vardanyanı Qarabağa
heç nə bağlamır. Bu nöqteyi-nəzərdən çıxış etsək, Vardanyan Qarabağa məcburi
şəkildə göndərilib. Onun bu günlərdə Araik Arutyunyanın ardınca Moskvaya
getməsi də birmənalı deyil. O, Moskvaya çağrılmamışdı. Özü bu təşəbbüsdə
bulunmuşdu. Kreml rəhbərliyini inandırmaq istəyirdi ki, Qarabağda mövcudluğu
heç bir nəticə vermir, sadəcə, Azərbaycan rəhbərliyi deyil, eyni zamanda
Ermənistanın baş naziri Nikol Paşinyan da onun bu ərazidə olmasını istəmir”.

Siyasi şərhçi deyib ki, R.Vardanyan Moskvadakı kuratorlarını inandıra
bilməyib: “Bu kimi şəxslərin Moskvadakı kuratorları anlamalıdır ki, Vardanyan
kimi onların Qarabağdakı hərbi kontingenti də müvəqqətidir:

“Vardanyanların Qarabağda mövcudluğu, hərəkətləri ən azından Azərbaycan
cəmiyyətində onları oraya göndərənlərə qarşı böyük qəzəb doğurur. Hər kəs
anlayır ki, Vardanyan heç kimdir. Bu şəxsi Qarabağa göndərənlər vardanyanlıq
edir, bununla da regionda daimi sülhün yaranmasında, Qarabağdakı hayların
Azərbaycana reinteqrasiyasında maraqlı olmadıqlarını ortaya qoyurlar.
Proseslərin bu cür gedişi, eyni zamanda Ermənistan rəhbərliyinin kənar güclərin
təsiri altında danışıqları uzatmaq cəhdi yaxşı nəticə verməyəcək. Bu, sadəcə
haylar üçün deyil, onlardan alət vasitəsi kimi yararlanmaq istəyənlər üçün də
yaxşı nəticələnməyəcək”.

Politoloq Qabil Hüseynli də hesab edir ki, R.Vardanyanı Qarabağa zorla
qaytarıblar. Onun fikrincə, bu dəfə Vardanyanın qarşısına daha ciddi vəzifələr
qoyublar:

“Bu vəzifələr bilavasitə Ermənistanda siyasi hakimiyyət dəyişiklikləri ilə
əlaqədardır. Düzdür, buna qədər Vardanyan Qarabağda müəyyən hərəkətlər edəcək,
aksiyalar keçirəcək, çalışacaq ki, şöhrətinin daha yüksək pilləsinə çatsın.
Bunlar hamısı Qarabağdan İrəvana sıçrayış məqsədi daşıyacaq. Rusiya Paşinyanın
devrilməsi ilə bağlı konkret plan hazırlayıb. Bu planın həyata keçirilməsinin
əsas siması Vardanyandır. Yaxın bir ay ərzində Ermənistanda vəziyyət qarışacaq.
Bu zaman kəsiyində Araik Arutyunyanla Ruben Vardanyan Qarabağda da nələri isə
etməyə cəhd göstərəcəklər. Bura Laçın yolunun açılması üçün əlavə cəhdlər və
sair uğursuz hərəkətlər daxildir. Rəsmi Moskva Paşinyanın Ermənistan ərazisinə
Avropa İttifaqının mülki missiyasının, əslində isə Volodinin vurğuladığı kimi,
yaxın perspektivdə hərbi funksiya daşıyacaq missiyanın çağırılmasını Rusiyanın
strateji maraqlarına ağır zərbə kimi qəbul edir”.

Politoloq qeyd edib ki, Rusiya tərəfindən ard-arda verilən bəyanatlarla
Ermənistanın siyasi rəhbərliyi qorxudulur:

“Rusiya tərəfdən verilən belə bəyanatlar ürküdücü, bir çox hallarda isə
diplomatik etiketləri aşacaq səviyyədə olur. Zənnimcə, Vardanyanın Moskvaya
çağırılacağı ilə bağlı Azərbaycan rəhbərliyinə verilmiş vəd, sonradan bu vədin
pozulması da deməyə əsas verir ki, onun qarşısına indi tamamilə fərqli
vəzifələr qoyulub. Ola bilsin bu vəzifələrin Azərbaycana ziyan vurmayacağına
dair yeni təminatlar, əslində isə yalançı vədlər verilib. Vardanyan o zaman
Qarabağa qaytarılıb ki, həmin vaxt Azərbaycan Milli Məclisinin sədri Sahibə
Qafarova Moskvada səfərdə olub. Rusiya Cənubi Qafqazda çox mürəkkəb bir oyuna
girişib. Bu oyunun nəticəsinin necə olacağını, nə ilə nəticələnəcəyini əvvəldən
proqnozlaşdırmaq çətindir. Bununla paralel olaraq Ukrayna cəbhəsində Qərb
Rusiyanın məğlubiyyətinə hesablanmış ciddi addımlar atır. Dünyanın, o cümlədən
Qərb dövlətlərinin gündəmində Rusiyanı tamamilə sıradan çıxarmaq kimi bir hədəf
var. Bunu gizlətmirlər. Rusiya Cənubi Qafqaza xüsusi diqqət ayırıb və regiona
nəzarəti əldən verməməyə çalışır. Fikrimcə, Rusiyanın burada uğur qazanması
çətindir”.

Q.Hüseynli söyləyib ki, Rusiya həm Qərb cəbhəsində, həm də Cənubi Qafqazda son
çırpıntılarını yaşayır:

“Azərbaycan dünyada baş verən geosiyasi hadisələri izləməli, ehtiyatlı və
tədbirli davranmalı, Ukrayna-Rusiya cəbhəsindəki prosesləri izləməklə yanaşı,
Qarabağdakı erməni silahlı birləşmələrinin çıxarılması üçün səylər
göstərməlidir. Çünki Qarabağda baş verən bir sıra proseslər darmadağın edilmiş
Ermənistan ordusunun qalıqlarının orada olmasından qaynaqlanır. Dünyada və
regionda həyata keçirilən anti-Rusiya hərəkətlərinin tərkib hissəsinə
çevrilmədən milli maraqlarımız uğrunda mübarizəni davam etdirməli, Qarabağ
üzərində tam nəzarəti təmin etməliyik. Bunun ilkin şərti erməni yaraqlılarının
ərazidən çıxarılmasıdır. Bunu ultimatum və bəyanatlar verib konkret tələb irəli
sürməklə, ardınca isə antiterror əməliyyatına başlamaqla həyata keçirmək olar”.

Source link