7ed469bd-081b-4eac-aef5-7bbae1384067..jpg

Kremldə “Moskvaya hücum edilə bilər” narahatlıqları – TƏHLİL

Baxış sayı: 2. 607 dəfə baxılıb.

Kremldə “Moskvaya hücum edilə bilər” narahatlıqları – TƏHLİL

Ukraynadan Rusiyaya raket zərbələri endirilməsi indi üçün mümkünsüz görünür,
çünki Kiyevin əlində uzaqmənzilli raketlər yoxdur.

NATO özü də Ukraynaya uzaq hədəfləri dağıda biləcək raketlər verməkdən ehtiyat
edir, Alyansın məqsədi hərb meydanının hüdudlarını genişlətməməkdir.

NATO-nun qayğıları anlaşılandır, onun bu narahatlıqları Rusiyanın da
təhlükəsizliyə dair fikirlərini qarışdırır. Hərçənd ki, Rusiya Ukraynanı dağıda
biləcək kütləvi qırğın silahlarından, nüvə hücumundan bəhslər edir. Ancaq hər
şey o qədər də sadə deyil, çünki Rusiya ata biləcəyi nüvə silahına NATO-nun
necə qarşılıq verəcəyini hesablaya bilmir.

Bir sözlə, Rusiya ilə NATO arasındakı qarşılıqlı təhdidləri elə qarşılıqlı
qorxu müşayiət edir. Qitələrarası müharibənin baş tuta biləcəyi həyəcanı
Rusiyanı da, NATO-nu da Ukraynadakı silah sınağında ehtiyatlı davranmağa
gətirib çıxarır.

İki ziddiyyətli qütbün silahlı nazik pərdəni təyin etməsi onların strateji
aktivlərini zəiflətmir, ancaq bu qarşılıqlı ehtiyatlılıq Ukrayna üçün dəhşətlər
yaşadır. Fakt budur ki, Ukrayna ötən ilin sentyabrından bu yana ərazi
nailiyyətləri qazana bilmir və Rusiya Donetsk cəbhəsində cüzi də olsa,
irəliləyir.

Qərb də, Ukrayna da Rusiyanın hərbi yollarla şişmək cəhdlərinə sinə gərməyi
bacarmalıdırlar, bu baxımdan daha ağıllı varianta əl atılır.

Qərbin Ukraynaya tədarük etdiyi döyüş dronları müharibənin nüvə silahı tətbiqi
həddinə çatmaması üçün etibarlı çıxış yoludur.

Ukrayna bundan məharətlə istifadə edərək ötən ilin dekabrında dronlar
vasitəsilə Rusiyadakı “Engels-2” aviabazasını vurdu.

Ukraynanın Rusiyanın hava hücumundan müdafiə sistemlərinin radarlarından
yayına bilən dronları Moskvada dramatik eskalasiya kimi başa düşülür.

Bu o deməkdir ki, Ukraynanın pilotsuz təyyarələrinin Rusiya ərazisinə
hücumları Moskvaya da zərbə endirmək qabiliyyətini simvolizə edir.

Bu, Rusiyanın müdafiə potensialına qarşı təbliğatın böyüməsi üçün yaxşı
fürsətdir, üstəgəl Kremldə də ölkənin dərinliklərindəki mövqelərə zərbələr
endirələcəyi həyəcanı var.

Rusiya bu həyəcanın ölkə daxilində təhlükəsizliyə dair narahatlıq yaratmaması
üçün Ukraynaya nüvə zərbələri endirmək ritorikasını aktual saxlayır.

Rusiyanın metastaz verən narahatlıqları onu ölkə daxilində bəzi hərbi müdafiə
tədbirlərini gücləndirməyə də vadar edir.

Ukraynanın Rusiya ərazisinin dərinliklərinə zərbə endirməsi ehtimalları ilə
bağlı narahatlıqlar Moskvanın mərkəzində hiss edilməkdədir.

Müdafiə siyasətinin zərurətlərindən irəli gəlsə də, indi Moskvanın bir çox
yerində, o cümlədən Müdafiə Nazirliyinin damında zenit-raket kompleksləri
yerləşdirməsi diqqət çəkməyə bilməz.

Bundan başqa, Rusiya ölkə ərazisində “S-400” hava hücumundan müdafiə
komplekslərinin iş rejimini gücləndirib.

Proqnozlaşdırılan xüsusiyyət budur ki, Rusiya Qərblə gizli təmaslara girərək
Ukraynanın zərbələrinin miqyasının böyütməməsini tələb edə bilər.

Düzü, Qərb də Ukraynaya silahları Rusiyanın strateji dərinliklərindəki
aktivlərə zərbələr endirmək məqsədilə vermir. Amma Kiyev üçün başqa yol da
qalmır. Bu dilemma ilə bağlı Ukrayna ilə Qərb arasında da intensiv danışıqlar
gedəcəyini söyləmək olar.

Amma Ukrayna israrlı görünür, o, torpaqlarının işğala məruz qalmasının əvəzini
Rusiya ərazisinə hansısa formada növbəti hücumda görə bilər. Ukrayna, yəqin,
düşünür ki, onun bu addımları Rusiyanın Ukraynadakı hərbi kampaniyasını
zəiflədə və ya dayandıra bilər.

Ancaq hər şey bu qədər sadə deyil…

Aqşin Kərimov

Source link