1487292b-e066-4855-92ef-c348c2b68bea..jpg

Kremlin “Bakı dosyesi”: Lavrovun səfəri, mübahisəli məqamlar, ortaq maraqlar – TƏHLİL

Baxış sayı: 825 dəfə baxılıb.

Kremlin “Bakı dosyesi”: Lavrovun səfəri, mübahisəli məqamlar, ortaq maraqlar –
TƏHLİL

Rusiyanın xarici işlər naziri Sergey Lavrov fevralın 27-də Bakıya gələrək
Azərbaycan Prezidentiİlham Əliyevlə görüşdü.

Azərbaycanla Rusiya arasında ötən il fevralın 22-də imzalanmış Müttəfiqlik
Qarşılıqlı Fəaliyyəti Haqqında Bəyannamənin prinsiplərindən irəli gələn
tezisləri inkişaf etdirmək, reallıqla həmin sənəd arasındakı ziddiyyətləri
aradan qaldırmaq Bakı-Moskva körpüsündə aktuallıq təşkil edir.

Əliyevlə Lavrovun görüşünə dair yayılan rəsmi məlumatlarda da bunu aydın
görmək mümkündür.

Azərbaycan imzaladığı sənədin mətnindən yayınmır, lakin Rusiya, xüsusilə 11-ci
və 18-ci maddənin formulunu fərqli xəttə çıxarır.

Həmin maddələr bir-birilə bağlıdır, ümumi formada ölkələrin ərazi bütövlüyünə,
suverenliyinə təhdid yaradan elementlərin qarşılıqlı maraqlar şəklində
zərərsizləşdirilməsi kimi tövsif olunur.

Ancaq Moskva iki amillə Rusiya lideri Vladimir Putinin imzası olan
Bəyannamənin ruhunu pozur.

Birincisi, Kreml Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri Azərbaycan
ərazilərini imperiya ambisiyalarının çərçivəsində tutmağa çalışır.

İkincisi, Rusiya Qarabağa separatçılığı körükləyəcək, Azərbaycan
Konstitusiyasına zidd fəaliyyət göstərən fiqurları göndərərək Bakının
maraqlarına toxunur.

Deməli, Azərbaycan tərəfi Lavrova açıq qalan və mübahisə yaradan məsələlərin
yoluna qoyulmasında Rusiyanın məsuliyyətini xatırladıb, hərçənd ki, Moskvanın
tam şəkildə öhdəliklərə riayət etməsini söyləmək hələ tezdir.

İlk baxışda Lavrovun Bakıya gəlişini Bəyannamənin ildönümü münasibətilə tərtib
edilən bayram protokolu kimi başa düşmək olardı, lakin bu səfər xüsusi
əhəmiyyət kəsb edən detalları təsvir edir.

Detallar Qərbin Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsindəki
rolunu artırmasına, Rusiyanı danışıqlar prosesindən sıxışdırmaq istəklərinə
qarşı Moskvanın tutumu, Kremlin İrəvanı cəzalandırmaq planı kontekstində açıla
bilər.

Ermənistanın Rusiyadan uzaqlaşmağa çalışması, üstəgəl Azərbaycanla
münasibətlərdə sülh gündəliyindən yayınması Bakı-Moskva xəttini bir-birinə
yaxınlaşdırır. Lakin Qərbin sülh gündəliyini ələ keçirmək cəhdləri və Moskvanı
regionda sıxışdırmaq planları Kremli qıcıqlandırır və bu, Moskvaya bəhanələr
verir.

Azərbaycan həmin bəhanələr kompleksinin yalnız Ermənistana qarşı hissələrini
qəbul edə bilər. Yəni Bakı bəhanələri Moskvanın İrəvana qarşı mövqeyini
stimullaşdırmaq üçün istifadə edir.

Bu nöqtədə Azərbaycanla Rusiyanın maraqları bir nöqtədə də cəmləşir – Avropa
İttifaqının Ermənistandakı missiyası iki ölkəni birgə tədbirlərə sövq edir.

Bakı Aİ ilə münasibətlərə üstünlük verir, lakin İttifaq Bakının razılığını
almadan sərhədə monitorinq qrupu göndərir. Bunun özü Avroatlantik məkanın
bölünməzliyi və təhlükəsizliyini önə çıxaran Avropa İttifaqının özünün də
maraqlarına ziddir. Çünki Rusiya Ermənistanda xidmət aparan Aİ missiyasının
fəaliyyətinin ABŞ tərəfindən yüksək səviyyədə koordinasiya edildiyi qənaətində
olduğundan, İrəvanı bu fürsəti yaratdığına görə cəza taxtına qoymağı hədəfləyir.

İstənilən halda, Qərbin Cənubi Qafqaz oxunda aktivləşməsi,
Azərbaycan-Ermənistan sülh proqramına müdaxiləsi Moskva üçün məqbul variant
deyil.

Azərbaycan sülhün tərəfdarıdır və öz təhlükəsizliyi kontekstində həqiqi
barışıq axtarışlarında olan istənilən platformanı dəstəkləyir.

Bakı üçün bu məsələdə “Qərb, yoxsa Rusiya” dilemması yoxdur, lakin
Ermənistanın baxışı bir qədər fərqlidir. İrəvan təhlükəsizlik risklərini heçə
sayaraq Rusiyadan birdəfəlik imtina etməyə çalışır.

Məntiqlə Moskva prosesləri “Bakı üçün sülh” modelinə yönəltməklə İrəvanı
tamamilə özünə tabe etdirməyi qarşıya məqsəd qoyur.

Deməli, Rusiya sülh modelinin parametrlərini Azərbaycan hakimiyyəti ilə
razılaşdıra və bunu İrəvana məcburi fəaliyyət planı kimi təqdim edə bilər.

Ermənistana diktələr daha çox sərhədlərin delimitasiyası və Zəngəzur
dəhlizinin açılması məsələsində özünü aydın göstərir, lakin Qarabağla əlaqədar
strateji baxış fərqli məna yükünə sahibdir.

Rusiya Qarabağdakı erməni əhalini özünün gələcək planlarının gerçəkləşməsindən
ötrü əlaltına çevirməyə girişir və ortaya Ruben Vardanyan kimi obrazlar çıxarır.

Bəlkə də, Vardanyan hansısa bir nöqtədə İrəvan üçün də sövdələşmə predmeti
idi, lakin oliqarxın qondarma vəzifəsindən çıxarılmasından sonra məsələ
tamamilə fərqli yerə yönəlir. Azərbaycan Vardanyan layihəsinin ilkin
mərhələsini boğa bildi və bununla da gələcəyə yönələn kampaniyanın qarşısını
almaqda mühüm addım atdı.

NƏTİCƏLƏR:

Lavrovun səfəri Azərbaycanla Rusiya arasındakı əlaqələri gücləndirmək
məqsədlərinə xidmət edir. Bu, Moskva üçün vacibdir, ona görə ki, Ermənistan
Rusiyaya arxa çevirib və Bakı balanslı siyasətinə sadiq qalıb. Kreml seçim
edərkən Bakıya üstünlük verməyə məcburdur.

Kremli buna vadar edən amillərdən biri də Ankaranın maraqlarıdır. Təsadüfi
deyil ki, İlham Əliyev Lavrovun səfərindən öncə İstanbula gedərək Türkiyə
lideri Rəcəb Tayyib Ərdoğanla görüşmüşdü.

Lavrovun “Bakı portfeli” Azərbaycan-Türkiyə-Rusiya üçbucağının elementlərini
daha çox nəzərə çarpdıracaq.

Bakı Qərbin sülh üçün təkliflərini də nəzərdən keçirməyə davam edəcək və uyğun
Brüssel formatından qaçmayacaq.

Aqşin Kərimov

Source link