Paytaxtın Sabunçu rayonunun Zabrat qəsəbəsinin sakini, əvvəllər məhkum olunmuş
Nəzirxan Ağaxanovu oğurlayaraq üzərində nalayiq hərəkətlər etməklə ona
xəsarətlər yetirən ikisi yetkinlik yaşına çatmayan şəxs olmaqla 7 nəfərin
cinayət işi üzrə məhkəmə prosesinə start verilib.
Cixisyolu.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla
Məmmədovanın (Əsgərova) sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənlər –
Şücaət Rzayev, Samir Hüseynov, Murad Rzayev, Kamran Rzayev, Elnur Alışov,
Təbriz Əliyev və Elsevər Əhmədovun anket məlumatları dəqiqləşdirilərək cinayət
işinin məhkəmə baxışına verilməsi ilə bağlı qərar qəbul edilib.
İstintaqla müəyyən edilib ki, Sabunçu rayonunun Zabrat qəsəbəsinin sakini
Nəzirxan Ağaxanov “TikTok” sosial şəbəkəsində “Nəzirxan qanuni oğruların
dədəsi” adlı hesab açaraq, həmin hesab vasitəsilə kriminal aləmdə “Rövşən
Lənkəranski” ləqəbi ilə tanınan mərhum Rövşən Caniyev haqqında xoşagəlməyən
ifadələr paylaşıb. Bundan sonra Nəzirxanın paylaşımlarını görən bir qrup şəxs
onu cəzalandırmaq qərarına gəlib.
Təqsirləndirilən Şücaət Rzayev isə tanışı Elsevər Əhmədovun sifarişi ilə digər
şəxslərlə birlikdə Nəzirxan Ağaxanovu oğurlayaraq təhqir edib, xəsarət
yetirməkdə şübhəli bilinir. İttihamda bildirilir ki, təqsirləndirilənlər
Nəzirxan Ağaxanovun mobil telefonunu əldə edib, onu iş görmək adı ilə Zabrat
qəsəbəsindəki 118 saylı marşrut avtobusunun sonuncu dayanacağına çağırıblar.
Onlar Nəzirxan Ağaxanovu orada qarşıladıqdan sonra söhbətə tutaraq bir qədər
aralıya aparıb, öncədən planlaşdırdıqları kimi yük avtomobilinin yük yerinə
yerləşdirərək əl qolunu və gözlərini yapışqan lentlə bağlayıb, yaşadığı Zabrat
qəsəbəsindəki evinə aparıblar.
İstintaq materiallarında daha sonra qeyd olunub ki, Təbriz Əliyev, Elnur
Alışov, Əhməd Əzizov və Murad Rzayev kəsici-deşici alətlərdən istifadə edərək
müxtəlif işgəncələr verməklə onu yaşadığı evin həyətindəki toyuq hininə
salıblar. Bundan sonra həmin şəxslər öncədən gətirdikləri qırmızı rəngli
“gəlinlik” paltarını onun əyninə geyindirərək etdiyi paylaşımlara görə üzr
istəməsi tələb edib, üzr videosunu sosial şəbəkələrdə paylaşıblar. Polis
əməkdaşlarının keçirdikləri tədbirlərlə şübhəli şəxslər müəyyən olunaraq
saxlanılıblar. Qanunsuz əməllərinə görə hüquq mühafizə orqanları tərəfindən
cinayət işi açılaraq təqsirləndirilən 7 nəfər barəsində cinayət məcəlləsinin
144 (adam oğurluğu) maddəsi ilə yanaşı daha bir neçə ağır maddə ilə cinayət işi
açılaraq barələrində həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, sözügüdən cinayət işi üzrə daha 4 nəfər barəsində də axtarış
elan edilərək onların saxlanılaraq istintaqa cəlb olunması istiqamətində
müvafiq tədbirlər davam etdirilir.
Elgün Həsənli