Kriminal hesablaşmaya görə tanışını güllələyən şəxs yenidən hakim qarşısında
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bakıda tanışını güllələyərək öldürməyə cəhddə təqsirli bilinən Pərviz
Mayılovun barəsindəki hökmdən yenidən kassasiya şikayəti verilib.
Pravda.az xəbər verir ki, şikayət Ali Məhkəmənin hakimi Ələsgər Novruzovun
sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin ilkin hazırlıq iclası yanvarın 30-na təyin edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Pərviz Mayılov 15 il müddətinə
azadlıqdan məhrum edilib. Ali Məhkəmədə keçirilən prosesdə bildirilib ki,
təqsirləndirilən şəxs şikayətini geri götürüb. Bu səbəbdən Pərviz Mayılov
tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması barədə qərar
çıxarılıb.
İttihama görə, polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış
tədbirləri nəticəsində 2021-ci il fevralın 22-də paytaxtın Biləcəri qəsəbəsi
ərazisində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Əli Abıyevə hər iki bud
və qol nahiyələrinə tapançadan atəş açmaqla xəsarət yetirməkdə şübhəli bilinən
Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Pərviz Mayılov saxlanılıb.
Hadisə “Dəyirman” kimi tanınan ərazidə qeydə alınıb. Əli Elxan oğlu Abıyev
Pərviz Mayılovla mübahisə zamanı tapança ilə güllələnib. Hadisəni törədən
Pərviz Ə.Abıyevə məxsus “Niva” markalı avtomobillə ərazidən qaçıb. Yaralı 1
saylı Xəstəxanaya yerləşdirilib.
Xəsarət alan Əli Abıyev cərrahi əməliyyat olunub. Onun müayinəsi zaman üç
güllə yarası aşkar edilsə də, güllələr Ə.Abıyevin bədənində olmayıb.
Azadlığın məhdudlaşdırılması cəzası ilə məhkum olunan Ə.Abıyev kriminal
hesablaşmaya görə güllələnib.
Ona “Makarov” tipli tapançadan atəş açılıb.