Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ”la heç-heçə (0:0) edən “Kukesi”nin idman direktoru Nderim Necipi matçdan sonra müsahibə verib.
ÇıxışYolu.Com xəbər verir ki, Ağdam klubunun sabiq futbolçusu nəticədən razılıq bildirib və növbəti mərhələ şanslarının olduğunu söyləyib:
“Bilirdik ki, asan oyun olmayacaq. “Qarabağ”ın necə səviyyəli komanda olduğundan məlumatlı idik. Qol buraxmamaq çox önəmli idi. Uşaqları təbrik edirəm. 90 dəqiqə ərzində qapımız qarşısında ciddi təhlükə yaşamadıq. 0:0 yaxşı nəticədir. Ancaq qarşıda bizi daha 90 dəqiqə gözləyir. Hansı ki, orada artıq möhtəşəm çıxış etməliyik. Komandamız getdikcə formalaşır, bu nəticə isə bizə əlavə özünəinam verdi. Reqinaldo hücumda qol silahımız olacaq.
“Qarabağ” yenə də cütün favoritidir. Ancaq futbolda heç nə bilmək olmur. Sürpriz üçün əlimizdən gələni edəcəyik”.
34 yaşlı Nderim Necipi “Qarabağ”da çıxış edən sol cinah müdafiəçisi Ansi Aqolli barəsində verilən suala belə cavab verib:
“Bakıda il yarım vaxt keçirdim və onu tanıdım. Onlara oyunda əziyyət verdik. Bəlkə də belə kompakt futbol oynayacağımızı gözləmirdilər. Ansi mənim oradakı dostlarımdan biridir. Onun Azərbaycan klubunun əfsanələri arasında olmasından şadam. Orda keyfiyyətli oyunlar sərgiləyib. Albaniyaya rəqib kimi ilk dəfə gəldiyi üçün ona hörmət göstərməliyik”.
Qeyd edək ki, alban mənşəli makedoniyalı olan Nderim Necipi 2011-2012-ci illərdə Ağdam klubunun hücumameyilli yarımmüdafiəçisi olub.