Külək güclənəcək, qar yağacaq, temperatur enəcək – XƏBƏRDARLIQ
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bir neçə gün davam edən mülayim hava şəraitindən sonra Bakıda və Abşeron
yarımadasında yanvarın 21-i axşamdan 24-ü səhərədək şimal-qərb küləyinin 15-20
m/s, arabir 23-28 m/s, 22-si gecə və səhər yarımadanın bəzi yerlərində arabir
30 m/s-dək güclənəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin
Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki,
yanvarın 23-dən 24-ü gündüzədək fasilələrlə yağıntılı olacağı, yağışla başlayan
prosesin bəzi yerlərdə sulu qara keçəcəyi ehtimalı var. Havanın temperaturu
ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək.
“Yanvarın 22-si Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq hava
şəraitinin dəyişəcəyi, 24-ü axşamadək arabir yağıntılı olacağı, bəzi yerlərdə
sulu qar, qar yağacağı gözlənilir”.
G.Məmmədovanın sözlərinə görə, Naxçıvan MR, Qarabağ və Şərqi Zəngəzur,
Balakən-Şəki, Quba-Qusar, Lənkəran-Astara, Mərkəzi Aran bölgəsində yağıntıların
intensivləşəcəyi ehtimalı var.
“Qərb küləyi 15-20 m/s, əsasən, dağlıq və dağətəyi rayonlarda arabir 23-28
m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-10 dərəcə
enəcək. Gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq”.