59a1883e-21fc-460f-83d9-32d29c6f6f9f..jpg

“Kulakovun sülhməramlılara komandanlığı heç nəyi dəyişməyəcək” – RƏY + FOTO

Baxış sayı: 529 dəfə baxılıb.

“Kulakovun sülhməramlılara komandanlığı heç nəyi dəyişməyəcək” – RƏY + FOTO

“General-mayor Kiril Denisoviç Kulakovun Rusiyanın Azərbaycan ərazisində
müvəqqəti yerləşdirilmiş sülhməramlı kontingentinin komandanı olması heç nəyi
dəyişməyəcək. Çünki burada müəyyən əlaqələrini quracaq və daha çox
separatçılarla əlaqəsi olacaq”.

Bunu “Report”a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib. O vurğulayıb
ki, sülhməramlı kontingent Azərbaycan və qarşı tərəflə balanslı əsaslarla
münasibət qurmaq əvəzinə, daha çox separatçılarla görüşür. O bildirib ki,
sülhməramlıların komandanı əmrə tabe olduğu üçün təkbaşına heç nəyi həll etmək
iqtidarında olmur:

“İndiyədək altı komandan olub, içlərində ən təcrübəsizi budur, normal döyüş
təcrübəsi də yoxdur. Digərlərinin kifayət qədər təcrübəsi vardı, amma onlar
belə, vəzifələrinin öhdəsindən gələ bilmədilər. Məndə olan məlumata görə,
Kulakovu gəlmədən əvvəl Rusiyanın müdafiə naziri Sergey Şoyqu qəbul edib və ona
növbəti rütbəsini almaq üçün Qarabağa gedib özünü doğrultmaqla bağlı göstəriş
verib”.

Ü.Cəfərov hesab edir ki, əgər Kulakov xidmətinə Bakıdan başlayacaqsa, nəyəsə
ümid etmək olar. Ancaq bütün hallarda bölgədə fəaliyyət göstərmək onun üçün
rahat olmayacaq:

“Qanuna əsasən, bütün komandanlar fəaliyyətə Bakıdan başlamalıdırlar, çünki
onlar Azərbaycan ərazisində xidmət göstərirlər. Hərbi qaydaya görə, komandanlar
gəlib Müdafiə Nazirliyində özlərini təqdim edirlər. Burada onlara müəyyən
tövsiyələr verilir. Təəssüf ki, Kulakova qədərki son üç komandan bunu etməyib.
Heç Kulakov da hələ Bakıya gəlib Zakir Həsənovla görüşməyib. Halbuki,
sentyabrın 3-də bölgəyə gələn kimi birinci Bakıya gəlməliydi. Bu vəzifə onun
üçün çox çətin olacaq. Çünki separatçılar hiss edirlər ki, halqa daralıb, ona
görə də gərginlik yaradacaqlar. O gərginlikdə qoşunu idarə etmək, operativ
qərar qəbul etmək vacibdir. Kulakov isə indiyə qədər sakit həyat sürüb, belə
vəziyyətə öyrəşməyib”.

Həmsöhbətimiz indiyə qədərki komandanların xidmət müddətlərini tam başa
vurmamalarından da söz açıb. Qeyd edib ki, Kiril Denisoviç Kulakov Rusiyanın
Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş sülhməramlı kontingentinin
altıncı komandanıdır, ona qədər fəaliyyət göstərən beş komandandan, sadəcə,
biri altı aylıq müddət ərzində öz yerində olub:

“Rotasiya qaydasına əsasən, komandan altı aydan bir dəyişməlidir, amma reallıq
da var ki, sülhməramlı kontingentin komandanlarının əksəriyyəti göstərilən
müddət ərzində öz yerində olmayıb. Təkcə Rüstəm Muradov altı ay vəzifə başında
olub, o da bölgəyə gələn kimi xoşagəlməz hadisələr yaşandı. Rusiyalı əsgərlər
ermənilərlə müəyyən münaqişələr yaşadılar, əyyaşlıq kimi problemlər ortaya
çıxdı. Nəticədə Muradovu Mixail Kosobokov əvəzlədi. Ancaq o da çox qısa müddət
fəaliyyət göstərdi.

Ermənilərdə Kulakovun əvəzlədiyi general-polkovnik Aleksandr Lentsovla da
bağlı çox maraqlı məlumat var. Bəllidir ki, Lentsov cəmi dörd ay vəzifəsini
icra etdi. Erməni mətbuatı isə onunla bağlı belə yazır ki, başı biznesə
qarışmışdı, Qarabağdakı separatçı ermənilərdən böyük miqdarda pullar əldə
edirdi, ona görə də onu vaxtından əvvəl geri çağırıblar. Bundan əlavə, qeyd
edilir ki, onu həyat yoldaşı ilə hədələyiblər. Çünki onun həyat yoldaşı
milliyyətcə ermənidir. Ümumilikdə isə fikrimcə, müharibə yaşayan bir ölkənin
təcrübəli general-polkovnikini Azərbaycanda saxlamağın heç bir mənası yoxdur”.

Qeyd edək ki, Rusiyanın Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş
sülhməramlı kontingentinin komandanı dəyişib. Bu vəzifə general-mayor Kirill
Denisoviç Kulakova həvalə edilib. Kulakov 20 iyul 1969-cu ildə anadan olub.
2017-ci ilin mart ayından Kazan Ali Hərbi Komandanlıq Məktəbinin rəisi olub.

Source link