Külli miqdarda mənimsəmədə təqsirləndirilən teatr işçisinin ittiham olunduğu
maddələrdən biri ləğv edilib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycan Dövlət Pantomima Teatrında mənimsəmə edən əməkdaş Aytən Kərimovanın
cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
“Report” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla
Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə veriblər.
İş üzrə şahid qismində tanınan Ramiz İsmayılov ifadə verib. O,
təqsirləndirilən şəxsin qardaşı olduğunu deyib:
“2018-ci ildən teatrda işləyirəm. Sərəncam olandan sonra problemlər yarandı.
Özüm əlbəəl üç nəfərə maaş verirdim. Bir ilə yaxın Eldar Əliyevə, Hüseyn
İsmayılova 8-9 ay, Gülöyşə Qasımlıya isə iki il maaşı mənim kartıma yatırılıb.
Bu barədə bacımla da dalaşmışam. Nelli xanımla da əlaqə saxlayanda deyirdi ki,
məni soruşsalar, de ki, vəziyyətim ağırdır. Ancaq özü Dubayda idi. Teatrda
təxminən 35 işçi var idi, 15 nəfərin kartı yox idi. Maaşları verəndə imza
atmırdıq. İndinin özündə də xadimənin pulunu direktor özü verir. Bir dəfə Nelli
xanımın qızı ilə bankdan pul çıxarmağa getdik. Onlar bankı tanımırdılar.
Yoldaşımın yanında Nelli deyirmiş ki, Aytən necə edirsən et”.
Daha sonra Lalə İsmayılova ifadə verib. O, təqsirləndirilən şəxsin qohumu
olduğunu deyib:
“Mühasib xərçəng xəstəsi olduğunu deyirdilər. Mənə Mehribanın maaşı yazılırdı.
Hadisədən xəbərim yox idi. Mehribana nə qədər maaş verilirdi bilmirdim”.
Teatrın indiki baş mühasibi Səfəralı Dəmirli ifadəsində ondan öncə kartlarla
bağlı problem olduğunu eşitdiyini deyib:
“Mən teatra 2022-ci ildə təyin edilmişəm. Hadisələr məndən öncə olub. Nelli
xanım xəstəliyi ilə bağlı işdən çıxdı. Ona görə də təhvil-təslim aktını
imzalaya bilmədim. Bundan başqa mən gələndə mühasibatlıqla bağlı sənədlər də
yox idi. Bu barədə direktora və nazirliyə xəbər verdim. Direktor dedi sənədlər
var. Hamısı Nelli xanımdadır. Aytən xanımla birgə akt təyin etdik. Mən
eşitdiyimə görə, teatrın DSMF-yə borcu olduğuna görə kart problemi olub.
2023-cü ildən kart problemi həll edilib. Mən özüm də təzə gələndə iki ay maaşı
Aytən xanımdan almışam”.
Sonda iş üzrə sonuncu şahid Nelli Axundzadə ifadə verib. O, teatrda 2-3
nəfərin kartı olmadığını deyib:
“Korrupsiyaya bizi çağıranda təəccübləndim. Aytən yaxşı qız idi. Mənim bütün
işlərimi o görürdü. Sənədləri elektron poçt vasitəsilə Aytənə göndərirdim. Ona
görə sənədlərlə bağlı banka gedə bilmirdim. Teatrda 43 nəfər işçi vardı.
Onların 2-3 nəfərdə kart problemi vardı. Qalanları maaşı kartla alırdılar”.
Daha sonra dövlət ittihamçısı Orxan Səmədov təqsirləndirilən şəxsin üzərindən
308.2-ci maddənin (vəzifə səlahiyyətlərindən sui-istifadə) götürülməsi ilə
bağlı məhkəməyə təklif verib.
Hakimlər qısa müşavirədən sonra vəsatəti təmin edərək Aytən Kərimovanın
üzərindən həmin maddənin götürülməsi ilə bağlı qərar çıxarıblar.
Qeyd edək ki, Aytən Kərimova 179.3.2 və 313-cü maddələr ilə ittiham olunur.
Təqsirləndirilən şəxsin vəkili istintaqın yekunlaşmamasını, vəsatətləri
olacağını deyib. Ona görə də prosesi növbəti məhkəmədə bitirməyi təklif edib.
Növbəti məhkəmə prosesi aprelin 15-nə təyin edilib.
Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israfetmə külli
miqdarda törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır
nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham
irəli sürülüb.
Aytən Kərimova mühasib vəzifəsini icra etdiyi müddətdə həmin teatrda müxtəlif
vasitələrlə ümumilikdə 332 000 manat məbləğində pul vəsaitini mənimsəməkdə
ittiham edilir.