f1d90928-6a31-4af1-9356-ba65a34c89c6..jpg

Kür çayında suyun səviyyəsi qalxıb: Su istifadəçiləri hansı tədbirlər görməlidir?

Baxış sayı: 887 dəfə baxılıb.

Kür çayında suyun səviyyəsi qalxıb: Su istifadəçiləri hansı tədbirlər
görməlidir?

İqlim dəyişikliyi və məhdud su resursları şəraitində Kür çayının aşağı axarına
digər çaylar üzrə daxilolmaların kritik səviyyədə azalması hesabına su
təchizatında müəyyən çətinliklər müşahidə olunduğu üçün Mingəçevir su
anbarından Kür çayına, Yuxarı Qarabağ kanalına və Yuxarı Şirvan kanalına
buraxılan suyun həcmi artırılıb.

Bu barədə “Report”a “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-dən
(“Azmelsutəsərrüfat”) bildirilib.

Məlumata görə, martın 17-dən Mingəçevir su anbarından Kür çayına saniyədə 160
kubmetr, Yuxarı Qarabağ kanalına 80 kubmetr və Yuxarı Şirvan kanalına 50
kubmetr su buraxılır.

“Qeyd edilən su sərfləri mart ayı üçün xarakterik olmayan, yəni yüksək
səviyyədədir. Belə ki, ötən ilin müvafiq dövründə Mingəçevir su anbarından Kür
çayına saniyədə 90 kubmetr, Yuxarı Qarabağ kanalına 70 kubmetr və Yuxarı Şirvan
kanalına 45 kubmetr su buraxılırdı.

Araz çayı üzrə su ehtiyatlarının kəskin şəkildə aşağı olması səbəbindən bu
mənbədən təmin edilən suvarma sahələrinin suya olan tələbatının ödənilməsi
məqsədilə Yuxarı Qarabağ kanalı vasitəsilə Araz çayı hövzəsinə – Bəhrəmtəpə
hidroqovşağına saniyədə 22,4 kubmetr su transferi həyata keçirilir”, –
“Azmelsutəsərrüfat”dan bildirilib.

Vurğulanır ki, ölkə Prezidentinin müvafiq sərəncamı ilə yaradılmış su
ehtiyatlarından səmərəli istifadə üzrə Komissiyanın fəaliyyəti çərçivəsində son
bir neçə il ərzində yaradılmış ehtiyatlar hesabına Kür çayının aşağı axarında
yaranmış çətinliklərin cari ilin suvarma mövsümündə operativ qaydada tam
tənzimlənməsi nəzərdə tutulur.

“Ölkədə su ehtiyatları sahəsində gərgin şəraitin davam etdiyi bir zamanda qeyd
edilənlərlə yanaşı su istifadəçiləri də öz öhdəliklərinə düşən, onlardan asılı
olan məsələlərə məsuliyyətlə yanaşmalı, sudan qənaətli istifadə üçün bir sıra
zəruri tədbirlər görməlidirlər.

Belə ki, torpaqda aqrotexniki tədbirlər, hamarlama işləri, şırımların
normalara uyğun açılması, digər tərəfdən selləmə suvarmasından imtina edərək
suya qənaət edən suvarma üsullarından, habelə gecə suvarmasından istifadə
edilməsi, məhdud su ehtiyatlarının ədalətli, optimal və proporsional bölgüsü
prinsipinə əsaslanan suvarma qrafiklərinə və sudan istifadə limitlərinə riayət
edilməsi zəruridir”, – ASC qeyd edib.

Source link