“KXDR Cənubi Koreyaya məxsus pilotsuz təyyarənin öz hava məkanında yenidən
peyda olmasını müharibə elanı kimi qiymətləndirəcək”.
Cixisyolu.com Koreya Mərkəzi Xəbər Agentliyinə (KCNA) istinadən xəbər verir ki, bunu
KXDR-in Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi deyib.
“Biz inanırıq ki, Koreya Respublikasının hərbçiləri pilotsuz təyyarələrin
müdaxiləsi ilə bağlı insidentlərdə iştirak edir. Bir daha xəbərdarlıq edirik
ki, PUA yenidən görünsə, biz onu Koreya Respublikasından gəlmiş hesab edəcəyik,
bunu respublikamıza müharibə elanı kimi qiymətləndirəcəyik və öz mülahizəmizlə
hərəkət edəcəyik”, – məmur bildirib.
Bundan əvvəl KXDR Xarici İşlər Nazirliyi bəyanat yaymışdı ki, Cənubi Koreya
oktyabr ayında siyasi vərəqələr yaymaq üçün üç dəfə Pxenyanın hava məkanına
PUA-lar göndərib. Cənubi Koreya ordusu isə KXDR-ə pilotsuz aparatları
göndərmədiyini bildirib.
Qeyd edilib ki, Koreya Xalq Ordusunun (KXO) Baş Qərargahı sərhəd xəttinə yaxın
artilleriya birləşmələrini atəşə tam hazır vəziyyətə gətirmək əmrini verib.
KXDR hərbçiləri oktyabrın 13-də yerli vaxtla saat 20:00-a (Bakı vaxtı ilə
15:00) tam döyüş hazırlığına gətirilib. Pxenyanda hava hücumundan müdafiə
müşahidə məntəqələri gücləndirilib.