Lənkəranda baş verən kütləvi davada beş nəfər xəsarət alıb.
APA xəbər verir ki, gənclər arasında yaranan kütləvi dava təsadüfən baş verib.
İlkin məlumata görə, mübahisəyə səbəb tərəflərdən birinin axşam saatlarında
kənd yolunda avtomobili yüksək sürətlə idarə etməsi olub. Qarşı tərəfin
avtomobili saxlatdırıb irad bildirməsi ilə mübahisə yaranıb və zərbənin
təsirindən gənclərdən biri yıxılaraq yol kənarında olan dəmir məhəccərin üstünə
düşüb. O, döş qəfəsi nahiyəsindən kəsici-deşici xəsarət alıb.
Kütləvi dava nəticəsində ümumilikdə 5 nəfər xəsarət alaraq Lənkəran Rayon
Mərkəzi Xəstəxanasına çatdırılıb.
Qeyd edək ki, hadisə ötən gecə Lənkəran rayonunun Ürgə kəndi ərazisində qeydə
alınmışdı.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Cixisyolu.com
-ın sorğusuna cavab olaraq bildirilib ki, şəxsi münasibətlər zəminində baş
vermiş həmin insidentlə bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırma
aparılır.
Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertizalar təyin
olunub. Araşdırmanın nəticəsində məsələyə hüquqi qiymət veriləcək.