Lənkəranda narkotikin təsiri altında avtomobil idarə edən şəxs həbs olundu
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Lənkəran rayonu ərazisində hərəkətdə olan KIA markalı avtomobilin sürücüsü
ötmə qaydasını pozduğu üçün Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin
əməkdaşları tərəfindən həmin nəqliyyat vasitəsi saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan
verilən məlumata görə, həmin avtomobil saxlanıldıqdan sonra sükan arxasında
olan Lənkəran rayon sakini A.Əkbərzadənin nəqliyyat vasitəsini idarə etmək
hüququnun olmadığı müəyyən edilib. Bundan əlavə, həmin şəxsin narkotik vasitə
qəbul etməsinə dair şübhələr yarandığından onun tibbi müayinədən keçirilməsi
təmin edilib.
Müayinənin nəticəsinə əsasən, A.Əkbərzadənin nəqliyyat vasitəsini narkotik
vasitənin təsiri altında idarə etdiyi məlum olub.
Həmin şəxs barəsində toplanmış material hüquqi qiymət verilməsi üçün Rayon
Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə A.Əkbərzadə 1 ay müddətində
inzibati qaydada həbs edilib.