1cda9667-7e6c-485f-b4ca-9dc8fe0a9265..jpg

Laçın rayonunda “Hoçazfilm” yaradıcılıq studiyasının çəkiliş pavilyonunun açılışı olub – FOTO

Baxış sayı: 440 dəfə baxılıb.

Laçın rayonunda “Hoçazfilm” yaradıcılıq studiyasının çəkiliş pavilyonunun
açılışı olub – FOTO

Avqustun 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci
vitse-prezidentMehriban Əliyeva Laçın rayonunda “Hoçazfilm” yaradıcılıq
studiyasının çəkiliş pavilyonunun açılışında iştirak ediblər.

AZƏRTAC

xəbər verir ki, dövlətimizin başçısına və Birinci vitse-prezidentə pavilyonda
yaradılan şərait barədə məlumat verilib.

Bildirilib ki, Qarabağın çoxşaxəli nadir yaradıcılıq məkanı layihəsi olan
“Hoçazfilm” studiyası Laçın şəhərində iki inzibati binadan və bir çəkiliş
pavilyonundan ibarətdir. Studiyanın adı Laçın rayonunun əsas rəmzlərindən
sayılan Hoçaz qayalıqlarının adından götürülüb. Studiya Laçın başda olmaqla,
ümumilikdə Qarabağ regionunun işğal və işğaldan sonrakı dövrlərinin salnaməsini
yaratmaqda regional audiovizual mərkəz kimi fəaliyyət göstərəcək. Studiya
çəkiliş məqsədilə regiona gələn yerli və xarici film istehsalçılarına bölgənin
zəngin təbiəti, imkanları ilə bağlı bələdçilik və lokasiya xidmətləri
göstərəcək, onları müvafiq avadanlıqla təmin edəcək. Studiya, həmçinin yerli və
xarici media, dövlət təşkilatları, dövlət və özəl kinostudiyalar ilə əməkdaşlıq
əsasında regiondan audiovizual kontent təqdim edəcək.

Diqqətə çatdırılıb ki, çoxşaxəli yaradıcılıq məkanı olan “Hoçazfilm”in
perspektiv fəaliyyət istiqamətləri çox genişdir. Bu istiqamətlərə Qarabağ
regionunun genişmiqyaslı təbliğatı ilə bağlı layihələrin həyata keçirilməsi,
bölgədə keçiriləcək mədəni-kütləvi tədbirlərin işıqlandırılması, Laçında
yenidənqurma işlərinin, regionun milli brendlərinin və yerli məhsulların
təşviqi, kinoteatr və yaradıcı ittifaqla əməkdaşlıq, gənclər üçün yay
məktəbləri, yaradıcılıq atelyeləri, kinematoqrafiya, rəsm kursları və
müsabiqələrinin təşkili daxildir. Studiyanın tərkibində “Hochaz Hotel” və
“Hochaz Kafe” də fəaliyyət göstərəcək.

Məlumat verilib ki, pavilyon texniki təchizat, o cümlədən səs, işıq
izolyasiyası baxımından beynəlxalq standartlara uyğundur. Kino sənayesində ən
çox tələbat duyulan dekorların hər biri xüsusi olaraq “Hoçazfilm”in sifarişi
əsasında hazırlanmış əl işidir. Bütün bunlar kino və digər kommersial
çəkilişlər üçün müxtəlif agentliklər və studiyalarla qarşılıqlı faydalı
əməkdaşlığın yaradılması baxımından çox əhəmiyyətlidir. Pavilyonda ilkin
mərhələdə nadir dekorasiyalar – təyyarə, helikopter, həbsxana, elmi
laboratoriya və üçtərəfli yaşıl ekran quraşdırılıb. Kinopavilyonun tələbata
uyğun olaraq mütəmadi qaydada yeni dekorlarla zənginləşdirilməsi nəzərdə
tutulub.

Həmçinin bildirilib ki, “Hoçazfilm” yaradıcılıq studiyasının ilk layihəsi
Azərbaycan Xalq Cümhuriyyətinin ilk hərbi naziri, əslən laçınlı Xosrov bəy
Sultanovun həyat və fəaliyyətindən bəhs edən “Qarabağ qubernatoru”
bədii-sənədli filmidir. Layihənin məqsədi tarixi paralellər aparmaqla Qarabağ
və Zəngəzur ətrafında erməni daşnaklarının və Qafqazda maraqları olan böyük
siyasi güclərin həyata keçirdikləri işğalçılıq siyasəti, törətdikləri
cinayətlər barədə həqiqətləri dünyaya çatdırmaq, 44 günlük Vətən müharibəsində
Zəfər qazanmış Azərbaycan xalqının, dövlətçiliyinin əzəmətini, qüdrətini
tərənnüm və təbliğ etməkdir.

Birinci vitse-prezident Mehriban Əliyeva: Kino müharibədən sonra Azərbaycan
üçün çox vacibdir.

Prezident İlham Əliyev: Xüsusilə indi Qarabağ müharibəsi ilə bağlı,
ümumiyyətlə, mövzular çox ola bilər. Müharibənin özü, həm müxtəlif epizodlar,
müxtəlif əməliyyatlar.

Birinci vitse-prezident Mehriban Əliyeva: Əlbəttə.

Studiyanın əməkdaşı: Silsilə sənədli filmlərimiz var. Sizin uğurlu siyasətiniz
sayəsində 44 günlük müharibə ilə böyük uğur əldə etmişik. Bundan artıq heç nə
ola bilməz. İnşallah, yaxşı olacaq.

Birinci vitse-prezident Mehriban Əliyeva: Amin.

Prezident İlham Əliyev: İndi laçınlılar gəlib öz dədə-baba torpağında
yaşayırlar. Uğurlar.

Birinci vitse-prezident Mehriban Əliyeva: Sağ olun.

Studiyanın əməkdaşı: Sağ olun.

Source link