Laçın şəhərində müasir kitabxana istifadəyə verilib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bu gün Laçın şəhərində “LaCinema” kinoteatrının nəzdində yeni, müasir
kitabxananın açılışı olub.
AZƏRTAC xəbər verir ki, “Simurq” adı verilmiş kitabxananın əsas özəlliyi
funksionallığındadır.
Açılış mərasimində Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi
Məsim Məmmədov, “Laçın Abadlıq Xidməti”nin rəhbəri Nəsimi Əsədov, şəhərin
ziyalıları, ictimaiyyət nümayəndələri, sakinlər iştirak ediblər. Tədbirə
şəhərdə və Zabux kəndində fəaliyyət göstərən məktəblərin müəllim və şagird
heyəti də qatılıb.
“Simurq”u elə bura gələn ziyalıların, jurnalistlərin oxuyub təsirindən çıxa
bilmədiyi kitablar zənginləşdirəcək. İlk olaraq bu addımı Məsim Məmmmədov atıb.
O, ən sevimli, dəyərli kitabını kitabxanaya hədiyyə edib.
“Simurq”un adının hekayəsi də maraqlıdır. Belə ki, ad elə orada yaşayanların
təklifi ilə, vaxtilə Laçın şəhərinin əsasını qoymuş Tağı Şahbazi Simurqun
şərəfinə verilib. M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası da işə öz
töhfəsini verib və “Simurq”a 185 kitab göndərib.
Açılış mərasimində Azərbaycanın ən böyük mobil kitab tətbiqi “Audiokitab”ın
kitablar və onların müəllifləri ilə bağlı keçirdiyi oyun-müsabiqədə məktəblilər
fəal iştirak ediblər. Burada hər həftə kitab təqdimatları, uşaqlar üçün bu gün
start verilən “Audiokitab” müsabiqələri keçiriləcək.
Açılış, həmçinin “Mən səni araram” adlı konsert ilə də yadda qalıb. Konsertdə
bəstəkar, pianoçu Sevda Rəhimova, tarzən Zəfər Əhmədli, pianoçu Şahin
Yahyazadə, caz pianoçu İsa Bağırov, zərb alətləri ifaçısı Məhəmməd İbrahimli
çıxış ediblər.
Böyük kitabxanaların, qalereyaların açılacağı şəhərdə səyyar kitabxanalar da
olacaq. Əhalinin kitaba, mütailəyə olan ehtiyacı nəzərə alınaraq, müxtəlif
nəqliyyat vasitələri ilə hərbi hissələrə, köç həyata keçirilmiş yaşayış
yerlərinə kitablar göndərilərək.
Kinoteatr, kinopavilyondan sonra bu kitabxananın da şəhərin mədəniyyət
mərkəzlərindən birinə çevriləcəyi gözlənilir. Şəhərdə qurulacaq böyük kitab
mərkəzləri hazır olana qədər sözügedən kitabxana sakinlərin ehtiyaclarını
qarşılayacaq.