4dc495ae-f32f-44f2-9b8c-aa59c7cb6dfb..jpg

Laçın şəhərinin içməli və tullantı su sistemləri yenidən qurulur – FOTO

Baxış sayı: 682 dəfə baxılıb.

Laçın şəhərinin içməli və tullantı su sistemləri yenidən qurulur – FOTO

“Azərsu” ASC Laçın şəhərinin içməli və tullantı su sistemlərini yenidən qurur.

Bu barədə “Azərsu” ASC məlumat yayıb.

Məlumata görə, işğal dövründə Laçında su təchizatı infrastrukturu dağıdılaraq
istismara yararsız vəziyyətə salınıb. Şəhərdə icra olunan yeni layihə hazırda
bərpa edilən və tikilən yaşayış evlərinin, obyektlərin yeni yaradılan içməli su
təchizatı və tullantı su sistemlərinə qoşulmasını təmin etməklə, ümumilikdə 18
min nəfərin bu xidmətlərdən istifadəsinə hesablanıb.

Layihəyə əsasən, Laçın şəhərini dayanıqlı və keyfiyyətli içməli su ilə təmin
etmək məqsədilə Sus kəndi yaxınlığındakı mövcud 6 subartezian quyusu bərpa
edilir. Eyni zamanda quyu zonasında sutoplayıcı anbar və nasos stansiyası,
zərərsizləşdirici qurğu, transformator məntəqəsi və digər yardımçı binalar inşa
olunur.

Su mənbəyindən Laçın şəhərinə qədər polad borularla 10 kilometr uzunluğunda
magistral su kəmərinin inşası nəzərdə tutulub. İndiyə qədər kəmərin tikintisi
üzrə işlərin 70%-i başa çatdırılıb. Şəhərə içməli su pilləli nasoslarla
çatdırılacaq. Bu məqsədlə quyu zonasında və magistral su kəməri üzərində 3
nasos stansiyası inşa edilir. Laçın şəhərində məskunlaşacaq əhalinin, idarə və
müəssisələrin, ictimai-iaşə və turizm obyektlərinin fasiləsiz su təminatı
məqsədi ilə şəhər ərazisində ümumi tutumu 4 min kubmetr olan 9 anbarın tikinti
və bərpası işləri davam etdirilir. Anbarlara toplanan su şəhərin böyük
hissəsinə özüaxımlı rejimdə veriləcək. Relyef baxımından yüksəklikdə yerləşən
yaşayış evlərini və obyektləri içməli su ilə təmin etmək məqsədilə 2 ədəd
hidrofor quraşdırılır.

Layihəyə əsasən, Laçın şəhərində 58 kilometr içməli su şəbəkəsinin 42
kilometrlik hissəsi, 49 kilometr tullantı su şəbəkəsinin isə 39 kilometrlik
hissəsi inşa edilib. 4 km yağış su xətlərinin və tullantı sularının təmizləyici
qurğuya ötürülməsi məqsədilə 7 km uzunluğunda kanalizasiya kollektorunun
tikintisi yekunlaşıb. Hazırda məhsuldarlığı sutkada 4 min kubmetr
layihələndirilən tullantı sutəmizləyici qurğunun inşası davam etdirilir. Laçın
şəhərində formalaşacaq tullantı suları bu qurğuda ekoloji baxımdan tam
təmizlənib kənarlaşdırılacaq. Layihə üzrə işlərin cari ildə başa çatdırılması
nəzərdə tutulur.

Laçın şəhərində yaradılan yeni infrastruktur “Ağıllı su” sistemi əsasında
idarə olunacaq. Layihə çərçivəsində hər bir infrastruktur elementi SCADA
sistemilə təmin ediləcək. Suyun mənbədən götürülməsi, subartezian quyularının
işçi vəziyyəti, anbarların səviyyəsi, hidravlik rejimlər və digər proseslər
SCADA sistemləri vasitəsilə tənzimlənəcək.

Hazırda “Azərsu” ASC Laçın şəhərində fasiləsiz xidmət təşkil edib. Bununla
yanaşı Şuşa şəhərində, Zəngilan və Kəlbəcər rayonlarında, Hadrut, Talış və
Suqovuşan qəsəbələrində də fasiləsiz xidmət göstərilir.

Source link