Laçında müntəzəm marşrut xətləri açılıb – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bu gündən Laçın şəhəri – Zabux kəndi və Laçın şəhəri – Qarıkaha kəndi –
”Zerti” Aqro-Sənaye Parkı müntəzəm marşrut xətləri sakinlərin istifadəsinə
verilib.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Laçın rayonunda Azərbaycan Respublikası
Prezidentinin xüsusi nümayəndəliyinin rəsmisi Hüseyn Quliyev deyib.
O bildirib ki, marşrutlar arasında interval əhalinin sayına uyğun olaraq
müəyyən ediləcək: “Avtobuslar laçınlı sahibkar tərəfindən hər hansı bir gəlir
gözlənilmədən hər gün xəttə buraxılacaq və intensiv işləyəcək. Nəzərdə tutulan
istiqamət üzrə yolun uzunluğu təxminən 40 kilometrə qədərdir”.
“Gələcəkdə “Yaşıl enerji zonası” elan olunan Laçın rayonunda zamanın
çağırışlarına çevik cavab verən elektrikli nəqliyyat vasitələrinin də
istifadəyə verilməsi gözlənilir”, – deyə Hüseyn Quliyev əlavə edib.
Qeyd edək ki, indiyədək Laçın şəhərində 493 ailənin, yəni 1838 nəfərin, Zabux
kəndində 217 ailə, 823 nəfərin daimi məskunlaşması təmin olunub.