d911be3f-ed1f-4b03-b653-115f5b93580d..jpg

Laçında onlarla abidə erməniləşdirilməyə məruz qalıb ARAŞDIRMA – FOTO

Baxış sayı: 599 dəfə baxılıb.

Laçında onlarla abidə erməniləşdirilməyə məruz qalıb ARAŞDIRMA – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

44 günlük müharibə ilə erməni işğalından azad olunandan sonra bərpa-quruculuq
dövrünə qədəm qoyan Laçın rayonunun bu gün hər kəs ecazkar gözəlliyindən
danışır. Lakin son 30 ildə Laçın ərazilərinin tarixinin və mədəniyyətinin
sərhəd tanımayan erməni vandalizmi nəticəsində dağıdılmasından və mənimsənilmə
cəhdlərindən çox az adamın xəbəri var. Laçın şəhərini “Berdzor”, yəni, “qala
dərəsi” adlandıran ermənilər bu ərazinin “qədim erməni torpaqları” olması
barədə heç bir dəlili olmayan əsassız iddialarla çıxışlar edir, onlara yad olan
Alban mədəniyyətini mənimsəməyə çalışırdılar. Təqribən minillik tarixi olan
Alban dövlətinin mövcudluğu dövründə Şimali Azərbaycanın bütün bölgələrində,
eləcə də Laçın rayonunda xristianlıq dövrünə qədər bazilikalar, sovmələr, digər
tikili və qurğular, xristianlıq dövründə isə alban-xristian dininə aid
məbədlər, kilsələr və monastırlar meydana gəlməyə başlamışdı. Öz dövrü üçün
xarakterik olan bu cür memarlıq üslubunun, yəni, divar yazılarının, ornamental
oymaların, bədii memarlıq elementlərinin, xaç simvollarının ermənilərə heç bir
aidiyyətinin olmadığını sübut edir. Bunu Alban tarixini öyrənən müxtəlif xarici
ölkələrin tarixçiləri də təsdiqləyirlər.

Bu sözləri AZƏRTAC-a açıqlamasında AMEA A.A.Bakıxanov adına Tarix və
Etimologiya İnstitutunun əməkdaşı Faiq İsmayılov deyib.

O bildirib ki, Laçın rayonu ərazisində Qafqaz albanları dövrünə aid onlarca
memarlıq abidəsinin böyük əksəriyyəti dağıdılsa da, bəziləri indiyə qədər
qalmaqdadır. Coğrafi baxımdan çətin dağ şəraitində alban memarlığının bu cür
hərtərəfli inkişafı onu deməyə əsas verir ki, burada həmin məbədlərin
tikintisində və onların qorunub saxlanmasında din xadimləri ilə yanaşı, yerli
əhali də yaxından iştirak edib. Laçın ərazisində xristianlıq dövrü memarlıq
sənətinin meydana gəlməsində və inkişafında bölgənin yeganə işçi qüvvəsi
sayılan yerli türk əhalinin xüsusi xidmətləri olub. Tarixçilər göstərirlər ki,
türk tayfalarının Alban dövlətinin idarə olunmasında, onun mədəniyyətinin və
memarlığının inkişafında danılmaz rolu var. Bunu bina və qurğuların, hətta xaç
rəmzləri üzərindəki çoxsaylı oğuz-türk elementlərinin mövcudluğu sübut edir.
Məhz bu səbəbdən ermənilər işğal dövründə bu abidələrin üzərindəki yazıların,
bədii daş nümunələrinin silinməsini, xaç simvollarının, bina və qurğuların
xarici görünüşünün dəyişdirilməsini, bunu bacarmadıqda isə uçurub məhv
edilməsini həyata keçiriblər.

Qeyd olunub ki, Alban dövlətinin əsasını yerli türk tayfaları təşkil edib.
Məhz bu səbəbdən Azərbaycanda Alban dövrü mədəniyyətinin də meydana gəlməsində
və inkişafında türk tayfalarının önəmli rolu olub. Azərbaycanda müxtəlif
dövrlərdə dövlət quruluşlarının dəyişməsi yerli mədəniyyətinə, eyni zamanda,
bölgələrdə tikilməkdə olan memarlıq abidələrinin forma və quruluşlarına da
təsir göstərib. Bu da bölgədə abidələrin müxtəlifliyinə səbəb olub. Bu baxımdan
Laçın ərazilərindəki Qafqaz Albaniyası dövrü abidələri xüsusi maraq doğurur. Bu
cür abidələrə rayonun əsasən Şəlvə, Qorçu, Piçənis, Ərikli, Aşağı Fərəcan,
Hoçaz, Əhmədli, Mirik, Sadınlar, Qarakeşdi, Qatos və digər kəndlərində rast
gəlinir.

F.İsmayılov diqqətə çatdırıb ki, Laçın rayonu ərazisində Alban memarlığının ən
kütləvi forması olan sovmələr daha geniş yayılıb. Sovmələr karvan yolları
kənarında insanların təbiət təsirlərindən (qar, çovğun, külək və s.) qorunması
üçün istifadə olunsa da, onlar, əslində, memorial tikililərdir. Bu abidələrin
siyahısına “Sadınlar dərəsi” və “Mirik dərəsi” deyilən ərazilərdəki sovmələri,
eyni zamanda, Quşçu kəndi yaxınlığında “Dəmiovlu pir” adlanan sovməni misal
göstərmək olar. Alban dövrünün ən mürəkkəb tikililəri isə bazilikalar və
monastırlar hesab olunur. Monastır tipli abidələrə Laçın rayonunun Kosalar
kəndindəki Ağoğlan məbədini aid etmək olar. Bir çox tədqiqatçılar hesab edirlər
ki, bu üslub Cənubi Qafqazda yalnız Alban dövrü memarlıq abidələrinə məxsusdur.
Çünki Alban dövrü memarlıq abidələrinin daş və divarları üzərindəki elementləri
yalnız Alban dövrü abidələrinin özünəməxsus xüsusiyyətləri kimi dəyərləndirilir.

“Nəinki Laçın ərazisində, eləcə də Azərbaycanın işğal altında qalmış bütün
digər ərazilərindəki Alban dövrü abidələri üzərindəki ornamentləri, elementləri
və digər yazı nümunələrini bu bölgədə yaşayan erməni millətindən olanlar
mənimsəməyə, yəni, erməniləşdirməyə çalışırlar. Bu da Alban dövrü abidələrinin
ilkin görkəminin kütləvi şəkildə itirilməsinə və Alban mədəniyyətinin tədricən
məhv edilməsinə səbəb olur. Cənubi Qafqazın bütün bölgələrində, xüsusilə də
ermənilər tərəfindən 30 il işğal altında saxlanılan Azərbaycan torpaqlarında, o
cümlədən Laçın rayonu ərazilərində alban dövrü abidələrinin
erməniləşdirilməsini çox sürətlə həyata keçirirdilər. Ermənilər Alban dövrü
memarlıq abidələrinin üzərindəki bəzəklərin, müxtəlif növ süjetlərin ornamental
quruluşlarında forma və məzmun dəyişiklikləri edərək, onları erməni
mədəniyyətinin memarlıq nümunələri kimi dünyaya çıxarmağa çalışıblar.

Bu yolla da onlar nəinki Laçın rayonunda, ümumiyyətlə, bütün bölgədə qədim
Alban memarlığının nümunələrini erməniləşdirərək Alban mədəniyyətinə böyük
ziyan vurublar”, – deyən tarixçi diqqətə çatdırıb ki, Qafqazda köklü tarixləri
olmayan ermənilər burada süni şəkildə öz “tarixlərinin izləri”ni yaratmağa və
dünyanı Cənubi Qafqazda tarixən var olmuş erməni dövlətinin mövcudluğuna
inandırmağa cəhd göstəriblər. Ermənilər məqsədli şəkildə Alban abidələrini
mənimsəmək, Alban memarlığının milli mənsubiyyətini dəyişmək yolunu tutublar və
bu istiqamətdə “yorulmadan” “mübarizə” aparırlar. Burada ermənilər Alban dövrü
abidələri üzərindəki xristian dininin rəmzlərini, eləcə də daş və divar rəsm
nümunələrini əsas götürərək bunları qriqoryan dininə məxsus elementlər kimi
təqdim edirlər. Bu da öz növbəsində tarixin saxtalaşdırılmasına gətirib
çıxarır. Azərbaycanın xristianlıq dövrü abidələrinin ermənilər tərəfindən
mənimsənilməsi faktlarını gürcü tarixçisi A.Çavçavadze “Ermənilər və qan
ağlayan daşlar” əsərində dolğun şəkildə əks etdirib. O yazırdı: “… Ermənilər
aborigen albanları süni şəkildə qriqoryanlaşdıraraq vaxtilə sığındıqları
Azərbaycan torpaqlarını “Hay ölkəsi” adlandırırlar”. Lakin tədqiqatlar göstərir
ki, hətta xristianlıq dövrü abidələri belə nə erməni dininə (qriqoryanlıq), nə
də erməni mədəniyyətinə və mənşəyinə uyğun gəlir.

Qeyd edilib ki, işğal dövründə erməni vandalizminə uğrayan və ümumi görünüşü
dəyişdirilən abidələrdən biri Hoçaz kəndindəki birnefli bazilikadır. Hoçaz
kəndi Laçın rayonunun ən qədim yaşayış mərkəzlərindən biridir. Bu ərazi tarixi
baxımdan hələ tam öyrənilmədiyindən oranın tarixi barədə tam və qəti fikir
söyləmək mümkün deyil. 2016-cı ildə Hoçaz kəndinin mərkəzində yerləşən tarixi
əhəmiyyətli bu birnefli bazilikanın forması ermənilər tərəfindən dəyişdirilib.
Kəndin mərkəzində yerləşən, inşa tarixi XII-XIII əsr hesab edilən Qafqaz
Albaniyası dövrünə aid ikinefli məbədin uzunluğu 13,4 metr, eni 8,15 metr,
divarlarının qalınlığı isə 105-110 santimetrdir. Abidənin cənub fasadının
üzərindəki yazılı daş 1995-ci ildə ermənilər tərəfindən yararsız hala salınıb.
Sovet dövründə abidədən çörək sexi kimi istifadə edilib. Abidə 1992-ci ildə
işğaldan sonra ermənilər tərəfindən təmir olunub və əzəli görkəmindən məhrum
edilib. Belə ki, binanın çardağı hündürləşdirilib, üzəri metal təbəqə ilə
örtülüb.

Source link