Laçında peyk internet platforması quraşdırılıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Azərkosmos” Laçında “Azconnexus” platforması üzərindən internet xidmətlərini
təmin etmək məqsədilə ilk KA diapazonlu anten quraşdırıb.
Bu barədə Cixisyolu.com-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.
Bildirilib ki, məqsəd dağlıq relyefə malik olan Laçın rayonu ərazisində
“Azconnexus” peyk interneti sayəsində müasir rəqəmsal xidmətlərə əlçatanlığı
təmin etmək və telekommunikasiya sahəsini inkişaf etdirməkdir.
Belə ki, ənənəvi peyk tezlik diapazonlarından daha yüksək ötürmə qabiliyyətinə
malik olan KA diapazonu çox kiçik ölçülü antenlər üçün əlverişli əhatə dairəsi
yaradır. Bu da internet xidməti provayderləri və telekommunikasiya
operatorlarına ucqar və dağlıq ərazilərdə öz şəbəkələrini genişləndirməyə imkan
verəcək.
Qeyd edək ki, 2021-ci ildən fəaliyyətə başlayan “Azərkosmos”un “Azconnexus”
platforması fasiləsiz, təhlükəsiz, yüksəksürətli və keyfiyyətli internet
xidməti təqdim edir. “Azconnexus” peyk interneti dövlət müəssisələrində,
dənizdə, quruda, dəmir yollarında və digər nəqliyyat xətlərində, ucqar
ərazilərdəki iş və məlumat mərkəzlərində, yəni kifayət qədər internet əhatəsi
olmayan ərazilərdəki istifadəçilər üçün əlçatandır. Bu platforma istifadəçilərə
peyk interneti vasitəsilə video, audio və data daxil olmaqla müxtəlif trafik
növləri təqdim edir.