91d6ffbf-8676-4462-92be-ca3d3a95fb1c..jpg

Laçında qeyri-filiz faydalı qazıntı yataqlarının 36-sının ehtiyatları yenidən qiymətləndirilib – FOTO

Baxış sayı: 686 dəfə baxılıb.

Laçında qeyri-filiz faydalı qazıntı yataqlarının 36-sının ehtiyatları yenidən
qiymətləndirilib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Laçın şəhərində Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində
məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış
Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin
Ekoloji məsələlər üzrə işçi qrupunun növbəti iclası keçirilib.

İclasda işçi qrupda təmsil olunan müvafiq dövlət qurumlarının nümayəndələri,
İdarələrarası Mərkəzin və Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın
rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Şərqi
Zəngəzur iqtisadi rayonuna daxil olan Qubadlı, Cəbrayıl və Zəngilan
rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin,
Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə (Şuşa
rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi
nümayəndəliyinin, Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və
İdarəetmə Publik Hüquqi Şəxsin nümayəndələri iştirak edib.

“Report” xəbər verir ki, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın
rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim
Məmmədov Laçın şəhərinin bərpası və yenidən qurulması, gələcək inkişafının
təmin edilməsi məqsədilə planlaşdırma və layihələndirmə, Zerti Aqro-Sənaye
Parkının fəaliyyəti barədə məlumat verdi. Laçında aparılan tikinti-quruculuq,
bərpa işləri çərçivəsində ekoloji məsələlərə xüsusi diqqət ayrıldığı qeyd
olundu.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının şöbə müdirinin müavini,
İdarələrarası Mərkəzin Katibliyinin rəhbəri Nüsrət Süleymanov İdarələrarası
Mərkəzin işi ilə bağlı, eləcə də “Azərbaycan Respublikasının işğaldan azad
edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində Şərqi
Zəngəzurda həyata keçirilən layihələr, Laçın şəhərinə əhalinin köçürülməsi və
işlə təmin olunması ilə bağlı görülən işlər, hazırda icrası davam edən və
planlaşdırılan genişmiqyaslı infrastruktur layihələrinin icra vəziyyəti barədə
ətraflı məlumat verdi və bu tədbirlərin icrasında işçi qruplarının
əlaqələndirici rolunun vacibliyini vurğuladı.

İşçi qrupunun rəhbəri, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar
Kərimov nazirlik tərəfindən Laçın rayonu ərazisində həyata keçirilən ekoloji
tədbirlər, o cümlədən meşəbərpa və yeni yaşıllıq sahələrinin salınması
tədbirləri, xüsusi mühafizə olunan təbiət ərazilərin fəaliyyətinin yenidən
bərpası istiqamətində həyata keçirilən tədbirlər haqqında məlumat verildi.

Ermənistan tərəfindən 30 illik işğal dövründə ətraf mühitə vurulmuş ziyana
görə beynəlxalq hüquqi müstəvidə qiymət verilməsi ilə əlaqədar məsələyə cəlb
olunmuş ekspertlərlə birgə məlumat mübadiləsi aparılır.

İşğal dövrünə qədər rayon ərazisində qeydə alınmış 40 filiz və qeyri-filiz
faydalı qazıntı yatağından 36-sı monitorinq və təftişə cəlb edilərək
ehtiyatları yenidən qiymətləndirilib.

Laçın rayonu ərazisində müvafiq cihaz və avadanlıqlarla təchiz olunmuş 1 ədəd
avtomatik radioekoloji stansiya quraşdırılaraq, istifadəyə verilmiş və 1 ədəd
avtomat meteoroloji stansiyanın quraşdırılması planlaşdırılır.

İşğaldan azad edilmiş ərazilərdə ekosistemin bərpası məqsədilə meşəbərpa, yeni
yaşıllıq sahələrinin salınması, xüsusi mühafizə olunan təbiət ərazilərində
infrastrukturun bərpası tədbirləri ilə yanaşı fauna növlərinin reintroduksiyası
layihələri də həyata keçirilir. Bu məqsədlə Laçın rayonu ərazisinə 5 Şahin quşu
və 4 baş Şərqi Qafqaz turu , eləcə də Həkəriçay hövzəsinə 33 500 forel və çəki
cinsli (ağ amur, ağ qalın alın) balıq körpələri buraxılıb. Laçın rayonunda 3600
ədəd müxtəlif cinsli ağac tingi əkilib və 100 kiloqram palıd toxumu səpilib.
İşğaldan azad edilmiş ərazilərdə ümumilikdə 160 hektar sahədə 124 mindən çox
ağac tingi əkilib, 3000 kiloqram palıd və Şərq çinarı toxumu səpilib, salınmış
yaşıllıqların suvarılması məqsədilə damcılı suvarma sistemi quraşdırılıb.
Həmçinin “Böyük Qayıdış I Dövlət Proqramı”nda 2024-2026-cı illərdə Laçın
rayonunda 195,0 hektar meşə fondu sahəsində meşəbərpa tədbirləri planlaşdırılır.

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa
dair I Dövlət Proqramı” çərçivəsində meşəbərpa, yeni yaşıllıq sahələrinin
salınması ilə yanaşı Laçın Dövlət Təbiət Yasaqlığının və Qaragöl Dövlət Təbiət
Qoruğunun bərpası tədbirləri nəzərdə tutulur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Faiq Mütəllimovun
təqdimatında işğaldan azad edilmiş ərazilərdə dövri iqtisadiyyatın təmin
edilməsi və təbii sərvətlərdən səmərəli istifadə olunması istiqamətində Ağdam
rayonunun Kəngərli kəndinin bərpa və yenidənqurulması zamanı yaranan
tikinti-söküntü tullantılarının təkrar emalına başlanıldığı qeyd olunub.
Hazırda işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri
nəticəsində tikinti və söküntü tullantılarının həcminin artması ilə əlaqədar
Ağdam rayonunda başlanılan bu fəaliyyətin genişləndirilərək işğaldan azad
edilmiş digər ərazilərdə də tətbiqi ilə bağlı tədbirlər görülür.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza
Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov Laçın şəhəri ərazisində
icra olunan layihələrin ekoloji qiymətləndirilməsi məsələləri,
yol-infrastruktur layihələrininin icrası zamanı ətraf mühitə təsirlər,
Füzuli-Şuşa yolunun və Zəfər yolunun kənarlarında yol tikintisi aparılan
dövrdən qalmış ağac-kol tör-töküntülərinin yığışdlırılması işinin təşkili,
Laçın şəhərində infrastruktur layihələrinin icrası zamanı yaşıllıqların
mühafizəsi və bərpası perspektivləri barədə məlumat verdi.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndəsi tərəfindən Laçın
şəhərində aparılan içməli və tullantı su sistemlərinin yenidən qurulması işləri
barədə məlumat verildi. Laçın şəhərinin perspektiv inkişafı nəzərə alınmaqla 18
min nəfərin içməli su və kanalizasiya tələbatının ödənilməsinə hesablanmış
içməli su təchizatı, yağış və tullantı sularının idarə olunması sisteminin
yaradılması üzrə yeni layihə-smeta sənədləri hazırlanıb. Şəhərin dayanıqlı və
keyfiyyətli içməli su ilə təmin etmək məqsədilə Sus kəndi yaxınlığındakı mövcud
6 subartezian quyusu bərpa edilir. Quyu zonasında nasos stansiyası, sutoplayıcı
kamera, zərərsizləşdirici qurğu, anbar və digər yardımçı binalar tikilib. Nasos
stansiyasında nasoslar, dayanıqlı elektrik təchizatı məqsədilə generator və 2
ədəd transformator quraşdırılıb. Su mənbəyindən Laçın şəhərinə içməli suyun
verilməsi pilləli nasoslar vasitəsilə veriləcək. Bu məqsədlə quyu zonasında və
magistral su kəməri üzərində nasoslar quraşdırılır. Su mənbəyindən Laçın
şəhərinədək polad borularla 10 kilometr uzunluğunda magistral su kəməri inşa
edilib. Mənbədən şəhərdəki anbarlara suyun ötürülməsi məqsədilə 3 nöqtədə nasos
stansiyasının tikintisi yekunlaşmaq üzrədir.

Laçın şəhərində yaradılan yeni infrastruktur “Ağıllı su” sistemi əsasında
idarə olunacaq. Suyun mənbədən götürülməsi, subartezian quyularının işçi
vəziyyəti, anbarların səviyyəsi, hidravlik rejimlər və digər proseslər SCADA
sistemləri vasitəsilə tənzimlənəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral Xammal
Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədr müavini Azər Şükürov
faydalı qazıntı yataqlarından səmərəli istifadənin təşkili, müasir
texnologiyalardan istifadə olunması, yol tikintisi işlərində tələb olunan
xammal təminatı, həmçinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən
tikinti-quruculuq işləri ilə bağlı daxil olan müraciətlər barədə məlumat verdi.

Elm və Təhsil Nazirliyinin Mikrobiologiya İnstitutunun baş direktoru, Ekoloji
məsələlər üzrə işçi qrupun üzvü Pənah Muradov Qarabağda kəhrizlərin bərpası və
su ehtiyatlarının idarə olunmasında onlardan istifadə perspektivləri barədə
məlumat vermişdir. İşğaldan azad edilmiş ərazilərdə kəhrizlər sisteminin
inkişaf etdirilməsinin iqtisadi aspektlərinin qiymətləndirilməsi və mövcud
ehtiyatların idarəedilməsi məqsədilə müvafiq tədqiqatlarının aparılması tövsiyə
olundu.

Azərbaycan Respublikasının Kosmik Agentliyinin (Azərkosmos) nümayəndəsi
tərəfindən işğaldan azad edilmiş ərazilərdə aparılan kosmik tədqiqatlar, o
cümlədən peyk təsvirlərindən istifadə edilməklə ötən illərlə müqayisədə cari
ildə ümumi vegetasiya vəziyyətinin monitorinqinin aparılması və quraqlıq
səviyyəsinin öyrənilməsi işləri, Kəlbəcər və Laçın rayonları ərazisində yaşayış
məntəqələri salınacaq ərazilərin mühəndis-geoloji, hidrogeoloji,
seysmik-geoloji və iqlim şəraitinin qiymətləndirilməsi işləri, Qarabağ və Şərqi
Zəngəzur iqtisadi rayonları üzrə rəqəmsal və topoqrafik xəritələrin
hazırlanması işləri, kənd təsərrüfatı təyinatlı ərazilərdə torpağın su
eroziyası riskinin qiymətləndirilməsi işləri, işğaldan azad edilmiş rayonlarda
su ehtiyatlarının səmərəli istifadəsi məqsədilə mövcud su təsərrüfatı və
meliorasiya obyektlərinin cari vəziyyətlərinin qiymətləndirilməsi işləri, bu
ərazilərdə baş verən yanğınların monitorinqləri barədə məlumat verildi.

İclasda dəvət olunan digər qurumlar tərəfindən tikinti-söküntü
tullantılarından təkrar xammal materialı kimi istifadə perspektivləri, işğaldan
azad edilmiş ərazilərin, o cümlədən Laçın rayonunun çayları və onların
hidroenerji potensialından istifadəsi, eləcə də istismara verilmiş və icrası
davam edən kıçık su elektrik stansiyaları barədə məlumat verildi.

İclasda həmçinin aidiyyəti qurumlara Laçın-Şuşa yolunda ətrafa atılmış
tullantıların yığışdırılması, Füzuli-Şuşa yolunun və Zəfər yolunun kənarlarında
yol tikintisi aparılan dövrdən qalmış ağac-kol tör-töküntülərinin
yığışdlırılması işinin təşkil edilməsi, meşə yanğınlarının qarşısının vaxtında
alınması üçün xəritələrin hazırlanması və su mənbələrinin yaradılması məqsədilə
təxirəsalınmaz tədbirlərin görülməsi tapşırılıb.

Sonra iştirakçılar Zerti Aqro-Sənaye Parkının işi ilə tanış olublar.

Source link