Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Səhiyyə Nazirliyi “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” Proqramı
çərçivəsində vətəndaşlar arasında sağlam həyat tərzinin təşviqi və fiziki
aktivliyin təbliği ilə bağlı tədbirləri davam etdirir. Tədbirlər zamanı
nazirliyin qurumları tərəfindən qeyd edilən ərazilərdə yaşayan əhalinin
müxtəlif istiqamətlərdə tibbi müayinələri aparılır, həkim məsləhətləri verilir
və sağlamlığın təşviqi istiqamətində maarifləndirici aksiyalar keçirilir.
Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nazirliyin təşkilatçılığı ilə keçirilən növbəti belə tədbir bu
gün Laçın şəhərində baş tutub. Aksiya zamanı Səhiyyə Nazirliyi K.Y.Fərəcova
adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun ixtisaslaşdırılmış həkim heyəti, o
cümlədən pediatrlar, nevroloq və uşaq cərrahı məktəbli və azyaşlı uşaqların
kompleks tibbi müayinələrini aparıblar.
Müayinələr zamanı səhhətində problem aşkarlanan məktəbli və azyaşlı uşaqlar
üçün yerində tibbi məsləhətlər verilib, profilaktik baxış keçirilib və müvafiq
müalicələr təyin edilib.
Tədbir zamanı yüzə yaxın uşaq həkimlər tərəfindən ümumi müayinədən keçirilib.
Müayinələrdən sonra valideynlər üçün maarifləndirici tədbir təşkil edilib.
Tədbirdə institutun həkimləri mövsümi xəstəliklər və respirator virus
infeksiyaları, həmçinin uşaqlarda qəbizliyin yaranması mövzularında
təqdimatlarla çıxış ediblər. Qripin simptomları, profilaktikası, hansı
xəstəliklərin qripə bənzər əlamətlərə səbəb olduğu, uşaqlarda respirator virus
xəstəliyi və müalicəsi, eyni zamanda körpələrdə qəbizliyin səbəbləri barədə
ətraflı məlumat verilib.
Bundan əlavə, yoluxucu xəstəliklərin immunoprofilaktikası məqsədilə Səhiyyə
Nazirliyi tərəfindən müəyyən edilən Azərbaycan Respublikasının Milli peyvənd
təqviminə uyğun olaraq, körpələrin vaxtında vaksinasiyadan keçməsinin vacibliyi
vurğulanıb. Bundan əlavə, valideynlərə övladlarının hərtərəfli inkişafı üçün
erkən yaşlardan sağlam həyat tərzi seçməyi, hər gün fiziki aktiv olmağı və
sağlam qidalanmanın vacibliyi barədə tövsiyələr verilib.
Sonda valideynləri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən işğaldan azad olunan digər
ərazilərdə də davamlı olaraq tibbi müayinələrin və maarifləndirici tədbirlərin
keçirilməsi nəzərdə tutulub.