“Le Fiqaro” terrorçuların, kütləvi qırğın törədənlərin müdafiəçisi rolunda –
ŞƏRH + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Fransanın “Le Fiqaro” nəşri 150-yə yaxın “beynəlxalq xadim”in açıq məktubunu
öz səhifəsində dərc edib. 30 il Azərbaycan torpaqlarının işğal altında
qalmasına göz yuman, Xocalı soyqırımı ilə bağlı bir material belə dərc etməyən
media orqanı soyqırımı, hərbi cinayətlər və kütləvi qırğınlarda şübhəli
bilinərək həbs olunan şəxslərin azad edilməsi ilə bağlı qərəzli çağırışa öz
səhifəsində geniş yer ayırıb. Çox güman ki, sözügedən məktubu elə-belə dərc
etməyib, ortada maddi maraq var. Yoxsa barələrində hələ ki məhkəmə qərarı
verilməyən şəxslərin azad edilməsi məsələsi onu bu qədər maraqlandırmazdı.
Azad edilməsi istənilən şəxslərin siyahısı da qərəzlidir. 44 günlük müharibə
zamanı Gəncə və digər şəhərlərimizin bombalanması əmrini şəxsən verdiyini
etiraf edən Arayik Arutyunyan, Qarabağda keçmiş qondarma quruma rəhbərlik etmiş
Bako Saakyan və Arkadi Qukasyan, Qarabağda terrorçuları maliyyələşdirən erməni
milyarder Ruben Vardanyan və s. şəxslərin adları siyahıda var.
Şübhəsiz ki, müraciəti imzalayanların əksəriyyəti heç həbsdə olan şəxsləri
tanımırlar, istisna deyil ki, erməni lobbisinin sifarişini yerinə yetiriblər.
Bir faktı da qeyd etmək yerinə düşər ki, lobbi ilə Ermənistan hakimiyyəti
arasında siyahıda əks olunan şəxslərlə bağlı ortaq mövqe yoxdur. Lobbi hər
vəchlə Azərbaycanla sülh razılaşmasına qarşı çıxır, revanşist qüvvələri
dəstəkləyir. Ermənistanla Azərbaycan arasında son razılaşmalara qarşı çıxan
lobbinin indiyə qədər əldə olunan razılaşmalara reaksiya bildirməməsi də bundan
xəbər verir. Rəsmi İrəvan isə qeyd olunan şəxslərlə bağlı heç bir mövqe ortaya
qoymayıb. Görünən odur ki, azərbaycanofobiya, türkofobiya xəstəliyi erməni
lobbisinin qurtula bilmədiyi xəstəlikdir. İki ölkə arasında münasibətlərin
gərginləşməsi, Azərbaycan torpaqlarının işğalında da diasporun rolu bəllidir.
Birinci və İkinci Qarabağ müharibəsi zamanı bölgəyə muzdlu terrorçuların
göndərilməsi, maliyyə toplanması, xeyriyyə kampaniyaları altında marafonlar
keçirilməsinin də ilhamvericisi məhz onlar olublar. Bu kampaniyalar isə ona
milyardlarla dollar gəlir gətirib. İndi isə Azərbaycan və Ermənistanın
vasitəçilərin iştirakı olmadan sülhə doğru getmələri erməni lobbisinin
planlarını pozub.
Şübhəsiz ki, Azərbaycanda həbs edilən, məhkəmə qərarlarını gözləyən
terrorçuların azad olunmasına çağırış ölkəmizə qarşı növbəti təzyiq
vasitəsidir. Bu, ilk belə hal deyil. Bir müddət əvvəl erməni lobbisinin təsiri
altında olan qüvvələr həmin şəxsləri hətta “siyasi məhbus” elan etmişdilər. 55
nəfərlik siyahıya 44 günlük müharibə zamanı Gəncə və digər şəhərlərimizin
bombalanması əmrini şəxsən verdiyini etiraf edən Arayik Arutyunyan, qondarma
quruma rəhbərlik etmiş Bako Saakyan və Arkadi Qukasyan, erməni milyarder Ruben
Vardanyan və s. şəxslərin adları salınmışdı. Müraciətə imza atanların adlarına
nəzər salaq – qatı ermənipərəst mövqeləri ilə tanınan Paris meri Ann İdalqo,
Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş baş prokuroru Luis Moreno Okampo. Hər
ikisinin, xüsusən də Okamponun adı hər kəsə yaxşı məlumdur. Bir neçə il əvvəl
korrupsiya və cinsi təqibdə ittiham olunan bu şəxsin 44 günlük müharibə zamanı
insanlıq əleyhinə cinayətlər törətmiş Arayik Arutyunyanla sıx dostluq
münasibətləri var.
Okamponun yeni kampaniyada da öndə getməsi təsadüfi deyil. Belə ki, onunla
qondarma qurumun keçmiş rəhbəri Arayik Arutyunyan arasında işbirliyi olub. Bu
barədə mediada da dəfələrlə yazılıb. Vaxtilə Arayik məhz Okampodan Qarabağdakı
vəziyyətə münasibət bildirməyi xahiş edib və bu, faktdır. Eks-prokuror da
tapşırığı yerinə yetirərək Qarabağda mövcud vəziyyət barədə qərəzli hesabat
dərc edib. Keçmiş prokurorun Qarabağda “humanitar fəlakət” yaşanması ilə bağlı
yersiz iddiası hətta Qərb mediası tərəfindən də təkzib olunmuşdu.
Parisin 62 yaşlı meri xanım Ann İdalqoya gəldikdə, keçmiş separatçıların
lideri Arayik Arutyunyanla onu sıx əlaqələr bağlayır. Onun Zəngəzurda
separatçıların lideri Arayik Arutyunyanla onlayn mətbuat konfransı keçirib
Azərbaycana qarşı hədyanlar yağdırdığı yaddan çıxmayıb. Bu da təəccüblü deyil.
Belə ki, İdalqonun müavinlərindən biri – Anuş Toronyan ermənidir.
Paris meri anti-Azərbaycan, anti-Türkiyə çıxışları ilə tanınır. Qondarma
erməni soyqırımı ilə bağlı sosial şəbəkələrdəki paylaşımları ilə də ad çıxarıb.
Yəni o, Fransa hakimiyyətinin qatı ermənipərəst siyasətinin ən fəal
təbliğatçısıdır. Lakin “ermənidən artıq erməni” rolunda çıxış edən merə qarşı
korrupsiya ittihamları pik həddə çatıb. Onun büdcə vəsaitləri hesabına xarici
səfərlər etməsi xəbərləri Fransa mediasının əsas gündəmindədir. Bundan əlavə,
Paris meri sosial şəbəkələrdə təhqir olunur, söyülür. Etirazlar və təhqirlərin
geniş miqyas alması İdalqonun sosial şəbəkələrdən çıxmasına səbəb olub.
Beləliklə, erməni lobbisindən maliyyələşən dairələr Azərbaycana qarşı təzyiq
göstərməyə çalışırlar. Lakin hər dəfə olduğu kimi, bu dəfə də səyləri əbəs
olacaq. Xocalı qatili Vaqif Xaçatryanla bağlı qaldırılan hay-küy kampaniyası
kimi, bu “təzyiq” də nəticəsiz qalacaq. Çünki hədə və haqsız tələblərə
baxmayaraq, kütləvi qırğın və terror törətməkdə ittiham olunan şəxslərlə bağlı
ədalətli məhkəmə prosesi keçiriləcək və günahkarlar layiqli cəzalarını
alacaqlar.
“Report” İnformasiya Agentliyi