Legionerlərimiz futbol millimiz üçün Bakıya gəldi

Baxış sayı: 2. 924 dəfə baxılıb.

Legionerlərimiz futbol millimiz üçün Bakıya gəldi

Futbol millimiz Novruz bayramı günündə ilin ilk sınağına çıxacaq.

ÇıxışYolu.Com xəbər verir ki, millimiz yeni baş məşqçi Nikola Yurçeviçlə martın 21-də Xorvatiya millisinin qonağı olacaq.

Martın 16-dan hazırlıqlara başlayan millimizin düşərgəsindən son məlumatları öyrənmək üçün yığmanın yeni meneceri Zaur Hacı-Məhərrəmovla əlaqə saxladıq:

“Bildiyiniz kimi, millidə Aleksey İsayev zədələndiyi üçün heyətdən kənarlaşdırıldı. Onun yerinə yeni oyunçu götürməyə lüzum görülmədi.

Baş məşqçi bildirdi ki, həmin mövqedə (mərkəz yarımmüdafiəçisi) millidə yetərincə futbolçu var. Ona görə də 22 futbolçu ilə Xorvatiyaya gedəcəyik.

Milli hazırda tam heyətlədir. Dünən axşam üç legionerimiz də artıq Bakıya gəlib. Söhbət İspaniyada oynayan Eddi İsrafilov, eləcə də Almaniyada çıxış edən Dmitri Nazarov və Rüfət Dadaşovdan gedir.

Bu gün axşam saat 17:00-da Mərdəkandakı “Dalğa Arena”nın əsas meydançasında məşqə çıxacağıq. Sabah saat 11-də Bakıda sonuncu məşqimizi keçirdikdən və nahar etdikdən sonra saat 16:30 birbaşa reyslə Zaqrebə yola düşəcəyik.

Martın 21-də oyundan dərhal sonra isə Bakıya qayıdacağıq. Martın 22-si təxminən səhər saat 8-də Bakıda olacağıq”.

Qeyd edək ki, millimiz xorvatlarla martın 21-də Zaqrebin Maksimir qəsəbəsində yerləşən stadionda qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Səbuhi MUSAYEV