69271ccf-1157-4ac5-ae12-99201fd30ea7..jpg

“Leş avtomobillər”, 1 milyardlıq metal qırıntısı: Yeni qadağadan necə ziyansız çıxmalı? – MÜSAHİBƏ + FOTO

Baxış sayı: 984 dəfə baxılıb.

“Leş avtomobillər”, 1 milyardlıq metal qırıntısı: Yeni qadağadan necə ziyansız
çıxmalı? – MÜSAHİBƏ + FOTO

Baş nazir Əli Əsədovun imzaladığı qərarla zavod buraxılış tarixi 10 ildən çox
olan minik avtomobillərinin Azərbaycana gətirilməsinin məhdudlaşdırılacağı
bildirildi.

Nazirlər Kabinetinin bu qərarı müzakirələrə səbəb olmaqla bərabər, ölkədə
avtomobil qiymətlərinin yüksələcəyi, bu sahədə tələbatın ödənilməsində
çətinliklərin yaranacağı haqqında narahatlıqlara da gətirib çıxardı.

Avtomobil Dilerləri Assosiasiyasının təsisçisi və sədri Natiq Zərbəliyev yeni
qərarla bağlıCixisyolu.com-ın suallarını cavablandırıb. Onunla müsahibəni təqdim
edirik:

– Natiq bəy, Nazirlər Kabinetinin məlum qərarı Azərbaycanda avtomobil bazarına
necə təsir edəcək? Qiymətlərin bahalaşması hansı səviyyədə gözlənilir?

– Öncəliklə qeyd etməliyəm ki, Azərbaycanın avtomobil parkı durmadan köhnəlir
və qocalır. Bu isə yollarda təhlükəsizliyin pozulmasına və ekoloji problemlərə
səbəb olur. Köhnə avtomobillərə məhdudiyyət labüd idi.

Qiymətlərin bahalaşmasına gətirib çıxaracaqmı, buna gəlincə, ola bilər, ikinci
əl avtomobillərin bahalaşması olsun. Amma unutmamaq lazımdır ki, başqa
ölkələrdə istismara yararsız olan, hətta utilizasiyaya göndərilən
avtomobillərin ölkəmizə gətirilməsi bizim sağlamlığımıza pis təsir edir,
təhlükəsizliyimizə təhdiddir. Ona görə çalışmaq lazımdır ki, ikinci əl
avtomobil bazarı da ölkə daxilində olan avtomobillərin hesabına formalaşsın.
Rəsmi olaraq, satılmış yeni avtomobilin sahibi köhnə avtomobilini başqa bir
salonda satışa çıxara bilər. Avtomobillərin istismarı, yürüşü, texniki
vəziyyəti durumu bəlli olmayan, suda batmış, xarab avtomobillərin bərpa
edilərək ölkəmizə göndərilməsindən daha yaxşıdır. Bu problemə kompleks yanaşma
olmalıdır. Köhnə avtomobillərə məhdudiyyət qoyulursa, yeni avtomobillərin
güzəştlə, əlverişli şərtlərlə satışı təmin edilməlidir.

– Yerli istehsal daxili tələbatı ödəyə bilmir. Xaricdən gətirilən
avtomobillərə də məhdudiyyət qoyulur. Bəs bu, ölkədəki avtomobil bazarına hansı
təsirləri göstərəcək?

– Yerli istehsalçılar tələbatı say baxımından ödəyə bilməzlər. Hətta ola
bilər, yerli istehsalın keyfiyyəti də hansısa istehlakçıları qane etmir. Amma
bu o demək deyil ki, qadağanın avtomobil bazarına təsirinin güclü olacağını
qeyd edə bilərik. Sadəcə, köhnə avtomobillərdən istifadə edilməməlidir. Daha
yeni, ekoloji təhlükəsiz avtomobillərin ölkəyə gətirilməsi
stimullaşdırılmalıdır. Nəyə görə “avtomobil bazarı” deyəndə ancaq “leş
avtomobillərdən” danışırıq? Mənə elə gəlir, avtomobil bazarı getdikcə
formalaşacaq. Nisbətən az yürüşü, buraxılış ili gənc olan avtomobillərin
gətirilməsi ilə bu problem həll ediləcək. Ölkəmizdə satılmış yeni
avtomobillərin təkrar bazara çıxarılması sayəsində bazar formalaşmalıdır.

– Qərar ekoloji təhlükəsizliyin təmin olunması ilə əsaslandırılır. Bu addım
ekoloji təmizliyə hansı təsiri göstərəcək?

– Ölkədə olan köhnə avtomobillərin sayı və paytaxt Bakıda müşahidə olunan
trafik problemləri, sıxlıqlar və tıxaclar havanın ciddi dərəcədə zəhərlənməsinə
gətirib çıxarıb. Xüsusilə bilirsiniz ki, köhnə avtomobillər hərəkətdə olarkən
deyil, məhz tıxacda, yerində çalışarkən ətraf mühiti zəhərləyir. Mənə elə gəlir
ki, hətta öz sağlamlığımız bir yana, gələcək nəslin sağlamlığını da
düşünməliyik. İstəmirəm, kiminsə yolu düşsün, amma Milli Onkologiya Mərkəzinin
bir mərtəbəsində nəfəs yollarının onkoloji problemlərindən əziyyət çəkən
xəstələr müalicə alırlar. Həmin mərtəbədə iynə atsan, yerə düşməz, nəzərə almaq
lazımdır. Bütün dünyada atmosferi zibilləyən nüanslar arasında ilk yeri
müəssisələr, zavod və fabriklər, ikinci yeri isə avtomobillərin zəhərli
tullantıları tutur. Bakıda o qədər də zavod və fabrik sıxlığı yoxdur. Amma
külli miqdarda avtomobil səhərdən axşama kimi paytaxt küçələrində havaya zəhər
atır. Ekoloji situasiyanın daha müsbət istiqamətə getməsi üçün bu qərarın
təsiri böyük olacaq.

– Statistika Komitəsinin rəqəmlərinə əsasən, ölkədə 10 ildən artıq yaşı olan
avtomobillər 80 faiz təşkil edir. Qadağa durğunluq yaratmaqla yanaşı, bu sahədə
iqtisadi problemə səbəb ola bilərmi?

– Düşünmürəm ki, indiyə qədər köhnə avtomobillərin ölkəyə gətirilməsi
sayəsində hansısa iqtisadi problemlərin həllinə dəstək mümkün olub. Büdcəni
doldurmaq üçün belə addımlar gərəkli olmamalıdır. Məsələyə başqa tərəfdən
yanaşmalıyıq.

– Aşağı faizli kredit proqramlarına, lizinq proqramına ehtiyac olduğu haqqında
da fikirlər səsləndirilir. Bu istiqamətdə hansı addımlar atıla bilər?

– Yeni avtomobillərə marağı artırmaq üçün kredit şərtlərinin nisbətən
yüngülləşdirilməsi, ilkin ödənişlə bağlı tələbin azaldılması lazımdır. Əlçatan
şərtlərlə avtomobil kreditləri verilməlidir. Bankların tələbi ilə avtokreditlər
üçün 50 faiz ilkin ödəniş nəzərdə tutulur. Hesab edirəm ki, bu, 20-25 faizə
qədər azaldıla bilər. Bununla bərabər, beş-yeddi il müddətlə, münasib illik
faiz dərəcəsi ilə avtokreditlər təqdim edilə bilər. Banklar bildirə bilərlər
ki, inflyasiyanı nəzərə alaraq, avtokreditlər sərf etmir. Amma mənə elə gəlir,
avtomobil parkını yeniləmək istəyiriksə, Mərkəzi Bank tərəfindən müvafiq qərar
qəbul olunmalıdır. Təkcə ekoloji təhlükəsiz, hibrid avtomobillərə deyil, eyni
zamanda kiçikmühərrikli avtomobillərə də bu güzəştlər edilə bilər. Düşünürəm
ki, avtokredit proqramlarına diqqət göstərmək vacibdir.

Avtomobillərin lizinqi məsələsi də bütün dünyada aktualdır. Bu, Azərbaycanda
da tam gücü ilə işləməlidir. Qanunvericilikdə lizinq var, amma bunun
fəaliyyətində maneələr görürük. Qanunvericiliklə, xaricdən avtomobil almaq üçün
mütləq sahibkar olmalısan, VÖEN hesabın olmalıdır. Bir çox şəxslər, sadəcə, bu
məqsədlə VÖEN açmalı olurlar. Bu, bir çoxlarını çəkindirir, qorxudur. Ona görə
bütün dünyada olduğu kimi, fiziki şəxs olaraq lizinqdən istifadəni Azərbaycanda
da tətbiq etmək lazımdır.

Lizinq zamanı ƏDV problemi də var. Buna görə şirkətlər də minik
avtomobillərinin lizinqi ilə məşğul ola bilmirlər. Biz bu barədə təkliflər
hazırlamışıq, üzərində iş gedir.

Dünyada avtomobillərin qısamüddətli icarəsi təcrübəsi də mövcuddur. Bu da
avtomobillərin satışının əlçatanlığın üçün mövcud alətlərdən biridir.

Bütün bunlara kompleks baxmaq lazımdır ki, verilən qərar həm estetik, həm
təhlükəsizlik, həm də avtomobil bazarının yenilənməsi baxımından faydalı olsun.

– Görünür ki, qərarın təsiri ilə ölkəyə avtomobil idxalında bir müddət azalma
müşahidə ediləcək. Bəs bu təsirlər nə zaman aradan qalxa bilər?

– Statistikaya əsasən, 2022-ci ildə avtomobil idxalına bir milyard dollara
yaxın pul sərf edilib. Ölkəyə təxminən 100 min avtomobil gətirilib. Adi
hesablama sayəsində görürük ki, idxal edilən bir avtomobilə ortalama 10 min
dollar düşür. Nəzərə alsaq ki, bu sayın içərisində ən yeni və istifadə
edilməmiş avtomobillər də var, onda belə çıxır ki, ölkəyə gətirilən bir
işlənmiş avtomobilin təxmini qiyməti 7-8 min dollara başa gəlir. Bu gün heç bir
istehsalçıda bu qiymətə başa gələn təhlükəsiz, ekoloji təmiz, yeni avtomobil
görə bilməzsiniz. Bu, açıq-aydın xəbər verir ki, ölkəyə durmadan metal
qırıntıları daşınır. Ona görə vaxtında qadağa qəbul edildi. Amma yenə də
deyirəm ki, yeni avtomobillərin satışı üçün əlverişli kredit, lizinq sistemi
tətbiq edilməlidir. Beləliklə, avtomobil bazarında yarana biləcək boşluğu daha
qısa müddətə aradan qaldırmaq mümkündür.

Aysel Aslan

Source link