7f534f6b-6e69-4e00-adcb-449318f1f10a..jpg

Leyla Abdullayeva Fransada aparılan anti-Azərbaycan kampaniyasını pisləyib

Baxış sayı: 563 dəfə baxılıb.

Leyla Abdullayeva Fransada aparılan anti-Azərbaycan kampaniyasını pisləyib

Azərbaycan Respublikasının Fransadakı səfiri Leyla Abdullayeva son zamanlar
Fransada bir qrup siyasətçi, parlament üzvləri, bölgələrin nümayəndələri
tərəfindən həyata keçirilən, fransız ictimaiyyətinin yanlış
məlumatlandırılmasına xidmət edən anti-Azərbaycan kampaniyası, xüsusilə də bir
qrup siyasətçinin Ermənistana göndərilən humanitar yardım maşınlarını müşayiət
etmək niyyəti ilə bağlı açıq məktubla çıxış edib.

Cixisyolu.com xəbər verir ki, səfirliyin sosial şəbəkə platformalarında yayılan bu
məktubda özünü Ermənistanın “dost”u kimi təqdim edən bu şəxslərin Fransadakı
erməni diasporunun təsiri altında Azərbaycanı qaralamaq cəhdlərinə və ona qarşı
guya “humanitar böhran”ın yaradılması ilə bağlı tamamilə əsassız ittihamlar
irəli sürüldüyünə diqqət cəlb edilir.

Məşhur fransız filosofu Jan-Jak Russonun sözləri ilə “reallığın sərhədlərinin
olduğu, xəyal dünyasının isə heç bir sərhəd tanımadığı” qeyd edilərək,
bölgədəki reallığın sərhədlərinin beynəlxalq hüquq tərəfindən müəyyən edildiyi
və məhz beynəlxalq hüquqa əsasən Qarabağın Azərbaycanın suveren ərazisi olduğu
vurğulanır. Məktubda Azərbaycanın 2020-ci il müharibəsi nəticəsində öz
ərazilərini azad etdiyi, Ermənistan tərəfindən 30 ilə yaxın müddətdə hərbi
işğal altında saxlanılan bu ərazilərdə törədilən misilsiz dağıntıların
nəticələrinin aradan qaldırılması üçün Azərbaycan tərəfindən bərpa-quruculuq
işlərinin həyata keçirildiyi, məhz Azərbaycanın Ermənistan ilə normallaşma
prosesinin təşəbbüskarı olduğu, Laçın yolundakı mövcud vəziyyət, 10 noyabr
2020-ci il tarixli Üçtərəfli Bəyanata uyğun olaraq yol boyu təhlükəsizliyin
təmin edilməsi üçün tədbirlərin həyata keçirildiyi, o cümlədən sərhəd-keçid
məntəqəsinin fəaliyyəti, habelə humanitar məqsədlər üçün istifadə edilməsi
məqsədilə təklif edilən Ağdam-Xankəndi yolunun radikal erməni separatçıları
tərəfindən blok edildiyi məlumat verilir.

Fransız nümayəndələrin radikal erməni separatçılarını cəsarətləndirən
bəyanatlarının Azərbaycanın daxili işlərinə müdaxilə kimi qiymətləndirildiyi və
beləliklə də beynəlxalq hüquq pozuntusu olduğu vurğulanır. Müstəqil
Azərbaycanın azad etdiyi ərazilərini yenidən qurduğu və bu ərazilərin
reinteqrasiyasını həyata keçirdiyi, məhz Azərbaycan xalqının ölkənin gələcəyi
ilə bağlı qərar verdiyi qarşı tərəfin diqqətinə çatdırılır. Qarabağda yaşayan
ermənilərin Azərbaycan vətəndaşı kimi nəzərdən keçirildiyi və onların ölkə
Konstitusiyasının bütün vətəndaşlara verdiyi hüquqlardan istifadə edə
biləcəkləri qeyd edilir.

Məktubda bu müraciətin məqsədinin heç də “ermənipərəst” fransız
siyasətçilərinin Azərbaycan ərazilərinin işğal altında saxlanıldığı 30 il
ərzində susqunluq nümayiş etdirdikləri kimi susmalarını tələb etməkdən ibarət
olmadığını, əksinə bu şəxslərin sülh, barışıq, reinteqrasiya naminə və
münasibətlərin beynəlxalq hüququn prinsipləri əsasında normallaşması üçün
danışmaları, zamanında Fransa-Almaniya yaxınlaşmasının ölkəyə və bölgəyə
verdiyi faydanı erməni dostlarına izah etmələri çağırışı əks olunur. Bölgənin
gələcəyi üçün Azərbaycanın sülh istiqaməti yolunu seçdiyi, Ermənistanın gələcək
inkişaf ilə bağlı hansı istiqaməti seçmək qərarını verməli olduğu vurğulanır.

Source link