Leyla Abdullayeva fransız seçkili orqanlarının nümayəndələrinə cavab yazdı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Fransanın “La Tribune” qəzeti bu ilin 17 dekabr tarixində bir qrup fransız
seçkili orqanlarının nümayəndələrinin imzaladığı və sözügedən qəzetin dərc
etdiyi məqaləyə Azərbaycan Respublikasının Fransadakı səfiri Leyla
Abdullayevanın cavabını işıqlandırıb.
Səfir məqaləsində bildirib:
“Azərbaycan və Ermənistan arasında ədalətli və davamlı sülhün bərqərar olması
perspektivi heç vaxt bu qədər güclü olmadığı bir halda, özünü Ermənistanın
dostu kimi təqdim edən Fransanın seçilmiş orqanlarının bir qrup nümayəndəsinin
imzaladığı və qəzetdə dərc edilmiş “COP29 Bakıda, utanc və ləyaqətsizlik
görüşü” başlıqlı məqalə bir çox səbəblərdən anlaşılmaz və qəbuledilməzdir.
İlk növbədə ona görə ki, o, COP29-un Bakıda keçirilməsi qərarının qəbul
edilməsi ilə bağlı diplomatik prosesə məhəl qoymur. Xatırladırıq ki, bu qərar
yekdilliklə qəbul edilib, o cümlədən Fransa və Azərbaycanın xeyrinə öz
namizədliyini geri götürən Ermənistanın özünün dəstəyi ilə qəbul edilib”.
Səfir ikinci məqama da diqqət çəkib.
“Azərbaycan və Ermənistanın bu yaxınlarda qəbul etdiyi birgə bəyanat yalnız
iki ölkə arasında etimadın yaradılması deyil, həm də ümumilikdə bölgədə
dayanıqlı sülhün təmin edilməsi istiqamətində atılan təqdirəlayiq addım olduğu
bir vaxtda, bu məqalə nifrət oyatmağa çalışır”, – deyən səfir üçüncü amili də
izah edib:
“Üçüncüsü, ona görə ki, bu məqalə yalanları əks etdirir. O yalanlar ki, hətta
ermənilər belə buna əl atmırlar! Vurğulayırıq ki, Azərbaycan 1991-ci ildən
müstəqilliyini bərpa edən, həqiqi demokratik prosesi həyata keçirən, tamamilə
dünyəvi, kişilər və qadınlar arasında bərabərliyə sadiq (azərbaycanlı qadınlar
fransız qadınlardan 26 il əvvəl səs vermək hüququna malik olublar), tam
iqtisadi inkişafda olan gənc dövlətdir. Belə ki, Azərbaycan karbohidrogenlərin
istehsalçısı olsa da, çox iddialı proqramlar həyata keçirir.
Ermənistanın dostu olan bir qrup fransız nümayəndəsi bu platformadan istifadə
edərək, əslində, Azərbaycana qarşı qarayaxma ilə məşğul olmaqla yanaşı,
Ermənistanın seçimlərini pisləyir və iki dövlət arasında sülh prosesinə əngəl
törədirlər.
Bu tarixi bir məqamda, hazırda nadir hallarda rast gəlinən və milyonlarla
insana firavanlıq və xoşbəxtlik gətirəcək sülh prosesini irəli aparmağın
şübhəsiz mümkün olduğu bir vaxtda, fransız seçkili orqanlarının nümayəndələri
özlərini fransız diasporunun radikal təmsilçilərinin ruporu kimi aparmaqla
deyil, sülh prosesini dəstəkləməklə fayda əldə edəcəklər”.
Məqaləni bu linkdən linkdən
oxuya bilərsiniz.