Leyla Əliyeva Dubayda COP-28 çərçivəsində iqlim dəyişiklikləri üzrə
müzakirələrdə iştirak edib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində keçirilən COP-28 çərçivəsində
dekabrın 4-də Ümumi Qadınlar Birliyinin sədri Şeyxa Fatimə Bint Mübarəkin
himayəsi altında “Qadınlar tərəqqiyə liderlik edir: Su və Dayanıqlı İnkişaf
Məqsədləri” mövzusunda panel iclas təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT), Ümumi Qadınlar
Birliyinin və İsveçrə Qadınlar və Gücləndirmə Assosiasiyasının təşkilatçılığı
ilə keçirilən iclasda Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai
Birliyinin təsisçisi və rəhbəriLeyla Əliyeva, BMT-nin Cenevrə bölməsinin baş
direktoru Tatyana Valovaya, Birləşmiş Ərəb Əmirliklərinin iqlim dəyişikliyi və
ətraf mühit naziri Mariam Almheiri iştirak ediblər.
İclasda bildirilib ki, iştirakçılar BMT Baş Assambleyasının təhlükəsiz və
təmiz içməli su hüququnu başlıca insan hüquqlarından biri kimi təsbit edən
qətnaməsinə uyğun olaraq, su idarəçiliyi ilə bağlı aktual problemi həll etmək,
onun icmalara və ekosistemlərə təsirlərini araşdırmağa yönəlmiş səyləri
əlaqələndirməyə və gücləndirməyə çalışacaqlar.
Müzakirələrdə çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva
deyib: “Biz görürük ki, iqlim dəyişikliklərinə görə Kür, Samur, Araz çaylarında
suyun səviyyəsi aşağı düşür. Volqa çayında suyun səviyyəsi enir və bu, Xəzər
dənizinə də təsir edir. Biz ötən 7-8 ildə Azərbaycanda quraqlığa şahid olmuşuq
və bu da aqrar sahəyə təsirini göstərir. Hökumət ölkədə 10 su rezervuarı
yaratmağı planlaşdırır və bununla problem həll olunacaq. Digər məsələsi isə
odur ki, təəssüf, biz ölkəmizin ərazisinin 20 faizinin 30 il ərzində işğal
altında qaldığı dövrdə həmin torpaqlardakı su ehtiyatlarımızdan məhrum
olmuşduq”.
Çıxışlar zamanı su problemlərinin həlli ilə bağlı qarşılıqlı məlumatlılığının
artırılmasının, davamlı su idarəçiliyi üçün inklüziv və məlumatlı həllərin
təşviq edilməsinin, Dayanıqlı İnkişaf Məqsədlərinə və gender bərabərliyinə nail
olmağın əhəmiyyəti xüsusi vurğulanıb. Panel iştirakçıları, həmçinin BMT-nin 17
Dayanıqlı İnkişaf Məqsədinə nail olunmasını sürətləndirmək baxımından dünya
miqyasında icmaların rifahına, sağlamlığına və bərabərliyinə müsbət təsir
göstərə biləcək daha yaxşı su idarəçiliyi üçün qabaqcıl təcrübə və mümkün həll
mexanizmlərini, eləcə də iqlim məsələlərini müzakirə ediblər.
Xəlifə Universitetinin professoru Mariam Rashed Al Shehihi bildirib: “Biz
BƏƏ-də su ilə bağlı vəziyyət haqqında ən yeni məlumata sahib olmalıyıq. Bununla
da problemləri daha yaxşı anlayıb su ehtiyatlarının daha səmərəli idarə
edilməsinə nail ola bilərik. Biz anlamalayıq ki, məsələn, BƏƏ-də hansı
sahələrdə nə qədər su sərf edilir. Bununla da biz problemləri, indiki və
gələcəkdə yarana biləcək vəziyyəti daha yaxşı başa düşə bilərik”.
Panel iclasından sonra iştirakçılar COP28 çərçivəsində fəaliyyət göstərən
Azərbaycan pavilyonunda olublar. Məlumat verilib ki, dekabrın 12-dək davam
edəcək COP28 çərçivəsində Heydər Əliyev Fondu, Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin birgə təşkilatçılığı ilə yaradılan milli pavilyon “İqlim
dayanıqlığı üçün davamlı həlləri rəhbər tutaq” mövzusunu əhatə edir.
Pavilyonun konsepsiyası Azərbaycanın zəngin flora və faunası üzərində qurulub.
İnteraktiv formatda qurulan pavilyonda ölkəmizin iqlim dəyişikliyi sahəsində
siyasəti, atmosferə atılan istixana qazlarının azaldılması istiqamətində
Azərbaycan hökumətinin tədbirləri, mitiqasiya və adaptasiya üzrə fəaliyyəti və
digər layihələr barədə məlumat verilir. Bildirilib ki, ölkəmiz 2030-cu ilə
qədər istilik effekti yaradan qazların emissiyasının 35 faiz azaldılması,
2050-ci ildə isə bu hədəfin 40 faizə çatdırılacağına dair öhdəliyi təsdiqləyib.
Bu istiqamətdə aktiv fəaliyyət göstərmək Azərbaycan hökuməti üçün prioritet
məsələdir.
Dekabrın 4-də, həmçinin Azərbaycan pavilyonunda İDEA İctimai Birliyi,
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Ümumdünya Təbiəti Mühafizə Fondunun
təşkilatçılığı ilə “İqlim dəyişməsi və ekosistemlərin bərpası” mövzusunda
tədbir keçirilib.
Ümumdünya Təbiəti Mühafizə Fondunun Qafqaz ofisinin mühafizə meneceri Maka
Bitsadze, layihə meneceri Yerney Strith, Fondun Azərbaycan nümayəndəliyinin
rəhbəri Elşad Əskərov və İDEA təşkilatının nümayəndəsi Zərxanım Ağayeva
regionda təbiətin mühafizəsi və bərpası layihələri barədə məlumat verib,
Azərbaycanın bu layihələrdəki xüsusi rolunu vurğulayıblar. Bildirilib ki, ötən
əsrin ortalarında nəsli kəsilməkdə olan ceyranların tarixi arealı bərpa
olunmaqdadır və yeni ərazilərə 350 başa yaxın ceyran köçürülüb. O cümlədən
işğaldan azad olunmuş ərazilərə 33 baş ceyran reintroduksiya edilib və bu
proses davam etdiriləcək.