Oktyabrın 28-də Sumqayıt Reabilitasiya Mərkəzinin təşkilatçılığı ilə 8 Noyabr
– Zəfər Gününə həsr olunmuş “Ülviyyət” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Sumqayıt Şəhər Heydər Əliyev Mərkəzində təşkil olunan
tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidentiLeyla Əliyeva iştirak edib.
Tədbirin açılışında Azərbaycan Milli Konservatoriyasının nəzdində Sumqayıt
Musiqi Kollecinin simli kvartetinin ifasında musiqi əsərləri səsləndirilib.
Leyla Əliyeva tədbirdə sərgilənən müxtəlif sənət əsərləri ilə yaxından tanış
olub. Sərgidə rəssamlıq, daş tozundan fiqurların tökülməsi, ağac üzərində bədii
oyma, toxuculuq və digər sənət növləri üzrə əl işləri nümayiş olunub. Tədbir
çərçivəsində, həmçinin şəhid ailəsi üzvlərinin əl işlərindən ibarət kulinariya
sərgisi də təşkil edilib.
Bundan əlavə, şəhid övladlarından ibarət “Zəfər sədası” xor qrupunun ifasında
səsləndirilən Vətənə həsr olunmuş mahnılar tədbirə xüsusi ab-hava qatıb.
Sonda Sumqayıt Reabilitasiya Mərkəzinin əməkdaşları və sağlamlıq imkanları
məhdud şəxslər birgə türk rəqsi ifa ediblər. Qarabağ müharibəsi qazisi və
Sumqayıt Reabilitasiya Mərkəzinin əməkdaşının inklüziv rəqsi də iştirakçılar
tərəfindən böyük maraqla qarşılanıb.
Qeyd edək ki, bu cür tədbir və sərgilərin təşkili əlilliyi olan şəxslərin və
şəhid ailələrinin üzvlərinin cəmiyyətə daha çox inteqrasiyasına, onların
inklüzivlik meyarlarının artmasına və sosial statuslarının yaxşılaşmasına
xidmət edir.