“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində oktyabrın 29-da Heydər Əliyev
Fondunun vitse-prezidenti, “IDEA” İctimai Birliyinin təsisçisi və rəhbəriLeyla
Əliyevavə Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevanın iştirakı ilə paytaxt
Bakının Xətai rayonunda yerləşən “Gənclik” parkında növbəti ağacəkmə aksiyası
həyata keçirilib.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai
Birliyinin və “IDEA” könüllülərinin, o cümlədən Avropa Azərbaycan Məktəbinin
şagirdlərinin iştirakı ilə keçirilən ağacəkmə aksiyası zamanı 600 ədəd Eldar
şamı əkilib.
Qeyd edək ki, “Gənclik” parkı Heydər Əliyev Fondunun təşəbbüsü ilə salınıb.
Ərazisi 43 hektar olan parkda yaşıllıq zolaqları ilə yanaşı, əyləncə və
istirahət sahələri yaradılıb.
Eyni zamanda, tədbir zamanı IDEA İctimai Birliyinin “Şəhər ekologiyası”(“Urban
Ecology”) layihəsi çərçivəsində “Gənclik” parkında mövcud olan yaşıllıq
sahəsinə Bakı Zooloji Parkında çoxaldılmış 20 sincab buraxılıb. “Şəhər
ekologiyası” layihəsi şəhər mühitinə xas olan və keçmişdə geniş yayılmış fauna
növlərinin qorunmasına və qaytarılmasına yönəlib. Sincabların məhz bu əraziyə
buraxılmasında digər məqsəd onların “Gənclik” parkı ərazisində təbii şəkildə
çoxalmasıdır.
Keçmişdə Bakı şəhəri ərazisində çoxsaylı sincab və tutuquşular məskunlaşıb,
onlar parklarda, yaşıllıqlar mövcud olan digər ərazilərdə insanlar arasında
sərbəst dolaşıb. Lakin ötən əsrin sonlarında mövcud olan ekoloji problemlər
səbəbindən bu növlərin sayı kəskin azalmışdı. Son illər ölkədə aparılan geniş
yaşıllaşdırma və abadlaşdırma işləri, xüsusən də IDEA İctimai Birliyinin
səyləri sayəsində Bakıda qanunsuz ağac kəsilməsi hallarının azaldılması və
saysız-hesabsız yeni ağacların əkilməsi nəticəsində şəhərdə bir çox fauna
növlərinin qaytarılması üçün münbit şərait yaradılıb.
“IDEA” İctimai Birliyi bu cür ekoloji aksiyaların mütəmadi olaraq təşkili ilə
ətraf mühitin mühafizəsinin vacibliyini insanların, xüsusilə gənc nəslin
diqqətinə çatdırır və onları ekoloji problemlərə qarşı mübarizədə birgə
fəaliyyətə səsləyir.
Vətəndaşlar qanunsuz ağac kəsilməsi halları ilə rastlaşdıqda şikayət və
təkliflərini şəhər və ya mobil telefonlardan 1113 qaynar xətt vasitəsilə IDEA
İctimai Birliyinə çatdıra bilərlər.
Qeyd edək ki, “1113 – Təbiətin təcili yardımı” “qaynar xətt”i və mobil qrupu
2014-cü ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin
təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Ağacların kəsilməsinə
yox!” proqramı çərçivəsində yaradılıb. Sözügedən “qaynar xətt”ə daxil olmuş
minlərlə vətəndaş şikayəti üzrə tədbir görülüb.