Leyla Həsənova COP29-un Azərbaycan üzrə “Gənclər İqlim Çempionu” təyin edilib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Leyla Həsənova COP29-un Azərbaycan üzrə “Gənclər İqlim Çempionu” təyin edilib.
“Report” xəbər verir ki, hazırda Leyla Həsənova Qoşulmama Hərəkatının Gənclər
Təşkilatında Katibliyin rəhbəri vəzifəsində çalışır.
O, ADA Universitetində Beynəlxalq tədqiqatlar üzrə bakalavr təhsili alıb. Daha
sonra Dövlət idarəçiliyi üzrə magistr dərəcəsi alıb, o cümlədən Türkiyənin
Kadir Has Universitetində Siyasət və Beynəlxalq münasibətlər üzrə akademik
mübadilə proqramında iştirak edib.
Təhsil aldığı müddət ərzində iqlim dəyişikliyi, davamlı inkişaf, bərpaolunan
enerji resursları, gənclər, gender və iqlimə davamlılıq kimi bir sıra mövzuda
araşdırmalara və analitik təhlillərə rəhbərlik edib.
O, həmçinin Birləşmiş Millətlər Təşkilatının Sistem Heyətləri Kollecini və
təşkilatın Fəlakət Riskinin Azaldılması məktəbini (kursunu) uğurla bitirib.
Orada təhsil alarkən “Düşüncə Liderlik Kursu – Fəlakət Riskinin Azaldılması və
İqlim Dəyişikliyinə Adaptasiya olmağın Sinerjiləşdirilməsi (birləşdirilməsi)”,
“Gənclik, Sülh və Təhlükəsizlik” və “Digital4Sustainability Learning Path” kimi
kurslarda iştirak edib.
Leyla Həsənova əvvəllər İnkişaf və Diplomatiya İnstitutunda Proqram
koordinatoru vəzifəsində çalışıb. O, burada korporativ sektorlar və dövlət
qurumları üçün rəhbər təhsil proqramlarının idarə edilməsinə cavabdeh olub.