Ötən il 20 yaşlı tələbə Leyla və 9 aylıq körpəsinin əri tərəfindən qətli
gündəmi zəbt etmişdi. Heç bir səbəb və ya bəhanənin əsas vermədiyi faciəni
törədən Fərid Hüseynli ömürlük azadlıqdan məhrum edildi. Amma məhkəmənin yalnız
hökm hissəsi mediaya açıq keçirildi.
“Qafqazinfo” cinayət işinin bəzi detallarını əldə edib. İstintaq
materiallarında yazılanlardan məlum olub ki, Fərid arvadını qısqanclıq
zəminində qətlə yetirib.
Hadisə günü o, qəddarlıq nümayiş etdirərək körpəsini Leylanın gözləri
qarşısında 7 dəfə bıçaqlayıb. Bununla da anaya əzab verib. Daha sonra isə eyni
bıçaqla çarpayının üstündə dayanan Leylanın üstünə hücum edib, onun boğazına
bıçaqla vuraraq qətlə yetirib. Ən sonda isə intihar niyyəti ilə eyni bıçaqla
özünün qarın nahiyəsindən iki zərbə endirib. Leyla hadisə yerində, 9 aylıq Ayla
xəstəxanaya aparılarkən vəfat etsə də, Fəridin həyatını xilas etmək mümkün olub.
Onun cinayətini Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Nurəddin Hüseynlinin
sədrlik etdiyi hakimlər araşdırıb.
Fərid məhkəmədə yalnız bir dəfə ifadə verib, onun üçün danışmağın çətin
olduğunu əsas gətirərək suallara cavab verməkdən imtina edib. Deyib ki, həyat
yoldaşı ilə münasibəti onun atası ilə tanışlığından sonra yaranıb. Həmin vaxt
Leyla Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin ilk kursunda təhsil
alırmış. Dediyinə görə, hələ nişanlı vaxtlarında aralarında problemlər yaşanıb,
amma sonradan mehriban olublar. Toydan sonra Leylanın təhsilinə maneə
yaratmayıb, hər gün özü universitetə aparıb-gətirib. Hadisədən bir müddət əvvəl
onda yenə qısqanclıq hissləri baş qaldırıb. Leylanın “Instagram” səhifəsi
üstündə başlanan dava dəhşətli cinayətə gətirib çıxarıb.
Fərid özünü Leylanın qətlində təqsirli bilib. Amma körpəsini öldürməsini
boynuna almayıb. O, israrla iddia edib ki, uşağı müqavimət göstərmək istəyərkən
Leyla bıçaqlayıb:
“Həmin vaxt Aylanı yatırmışdıq. Mən Leylanın üstünə gedəndə bıçaq əlimdən
düşdü. Bu vaxt Leyla bıçağı götürüb məni vurmaq istəyirdi. Həmin vaxt təsadüfən
Aylaya bıçaqla xəsarətlər yetirdi. Birtəhər bıçağı əlindən alıb boğazını
kəsdim. Öldüyündən əmin olduqdan sonra Aylaya tərəf çönüb onu da qanın içində
gördüm. Buna dözə bilməyib iki bıçaq da özümə vurdum. Ayılanda artıq
xəstəxanada idim. Dediyim kimi, Aylanı mən yox, ehtiyatsızlıqdan Leyla vurdu”.
Leylanın hüquqi varisi qismində tanınmış atası Əlişan İbadov məhkəmədən
qızının qatilinin ən ağır formada cəzalanmasını xahiş edib. Atası ifadəsində
onu da deyib ki, qızı hamilə olan vaxt Fəridlə arasında münaqişə olub:
“Leyla demişdi ki, ata, Fərid bir dəfə məni boğurdu, mənimlə bərk danışır,
üstümə qışqırır. Fəridin anası da Leylanı xilas etdiyini demişdi”.
Hüquqi varis hadisənin tam səbəbini bilməsə də, qızının əvvəllər də əri
tərəfindən incidildiyini hakimlərin diqqətinə çatdırıb.
Fərid Leylanı öldürdükdən sonra dayısı oğluna zəng edib. Şahid qismində ifadə
verən dayıoğlu deyib ki, Fərid onunla iş yoldaşı olub. Onlar birgə zərgərliklə
məşğul olublar: “Həmin gün Fərid işdən tez çıxdı. İki saat sonra mənə zəng edib
dedi ki, bəs Leylanı vurdum, indi də özümü öldürəcəyəm. Ondan sakit olmasını
xahiş etsəm də, telefonu söndürdü. Sonrası da məlumdur”.
Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə müstəntiqə də bənzər ifadə
verib. Həmin vaxt da körpəsini öldürmədiyini bildirib.
Amma hakimlər onun körpəsini öldürmədiyi ilə bağlı dediklərini inandırıcı
hesab etməyiblər. Belə qənaətə gəlinib ki, çarpayıda uzanmış körpənin qarınüstü
nahiyəsinə öndən arxaya 3 yanaşı zərbənin və sol kürəkaltı nahiyəyə arxadan önə
2 yanaşı zərbənin təsadüfən yetirilməsi ağlabatan deyil.
Məhkəmə hökmdə Fərid Hüseynliyə verilmiş ittihamların hamısını əsaslı hesab
edib.