c05411a9-9852-439a-875d-bdb08e22f34a..jpg

“Location” klubundakı partlayışda təqsirləndirilən şəxslər Ali Məhkəməyə müraciət etdilər

Baxış sayı: 717 dəfə baxılıb.

“Location” klubundakı partlayışda təqsirləndirilən şəxslər Ali Məhkəməyə
müraciət etdilər
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Location” gecə klubundakı partlayışa görə ittiham olunan Rəsul Rəsulov, Orxan
Səfərov və Ruslan Məmmədovun barəsindəki hökmdən kassasiya şikayəti verilib.

Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmədə keçiriləcək iclas
dekabrın 6-na təyin edilib.

Kassasiya şikayəti hakim Əziz Seyidovun sədrliyi ilə araşdırılacaq.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəsul Rəsulov 5 il, Orxan Səfərli
4 il müddətinə azadlıqdan məhrum ediliblər. Hökmə əsasən, onlar cəzalarını
məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək. Bundan başqa, digər
təqsirləndirilən Ruslan Məmmədova isə şərti cəza verilib. Bakı Apellyasiya
Məhkəməsi şikayəti təmin etməyib.

Qeyd edək ki, hadisə 2022-ci ilin aprelində Səbail rayonunda qeydə alınıb.

Belə ki, yaşayış binasının birinci mərtəbəsində yerləşən “Location” gecə
klubunda partlayış baş verməsi nəticəsində bir nəfərin ölməsi, 37 şəxsin
müxtəlif dərəcəli bədən xəsarətləri alması, 14 avtomobil, bir mənzil və iki
qeyri-yaşayış obyektinə ziyan dəyməsi faktı əsasında Cinayət Məcəlləsinin
müvafiq maddələri ilə başlanmış cinayət işinin istintaqı Baş Prokurorluğun
İstintaq idarəsi tərəfindən aparılıb.

Toplanmış ilkin sübutlarla müəyyən edilib ki, qeyd olunan obyektin mətbəxində
qanunsuz olaraq, eləcə də mövcud qaydaların tələbləri pozulmaqla propan qazının
sıxılmış mayesi ilə dolu olan qaz balonundan istifadə edilib, həmin qaz
balonunun partlaması binada dağıntılara və yanğına səbəb olub.

Partlayış nəticəsində bir nəfər – gecə klubunun əməkdaşı, 1979-cu il
təvəllüdlü Maya Axundova ölüb, 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri
alıb. Aprelin 6-da 1999-cu il təvəllüdlü Fərqanə Fərhad qızı Eynullayeva
xəstəxanada vəfat edib. Aprelin 9-da isə klubun işçisi Gülbala Abdullayev
dünyasını dəyişib.

İstintaq zamanı yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsinə məsul olan
iaşə obyektini icarəyə götürmüş “Merser food” MMC-də administrator işləyən
Rəsul Rəsulova Cinayət Məcəlləsinin 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarını
pozma – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə
səbəb olduqda), həmin MMC-nin təsisçisi, klubun meneceri Orxan Səfərova Cinayət
Məcəlləsinin 314.2-ci (səhlənkarlıq – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin
ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan
edilib.

Eyni zamanda istintaq zamanı, qeyd olunan ərazi üzrə yanğın təhlükəsizliyinin
təmin edilməsinə məsul olan – Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın
Nəzarəti Xidmətinin 2-ci Ərazi Dövlət Yanğın Ərazi idarəsinin inspektoru Ruslan
Məmmədov tərəfindən vəzifələrin icrası zamanı səhlənkarlığa yol verilməsi
müəyyən edildiyindən, sonuncu Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə
təqsirləndirilən şəxs qismində cəlb olunub.

Hər üç şəxs barəsində Binəqədi rayon məhkəməsinin müvafiq qərarları ilə həbs
qətimkan tədbiri seçilmişdi. Daha sonra məhkəmə R.Məmmədovun barəsində ev
dustaqlığı qətimkan tədbiri seçilməsi ilə bağlı qərar çıxarıb.

Cinayət işi üzrə 53 zərərçəkmiş var. Zərərçəkmişlərin siyahısında qalmaqallı
bloqer, Bakı Lift İdarəsinin keçmiş rəhbəri Qüdrət Şükürovun qızı Aysel
Şükürovanın da adı yer alıb. O, həmin partlayışda ağır xəsarət alıb. Belə ki,
onun saçları, əlləri, üzü, ayaqları yanıb.

Source link