Kreml keçmiş rusiyalı casus Serqey Skripalın zəhərlənməsi ilə bağlı çərşənbə gününün sonuna kimi rəsmi açıqlama verməsə, Britaniya Moskvaya qarşı ölçülər qəbul edəcək.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “Euronews” Britaniya KİV-nə istinadən məlumat yayıb.
Bundan əvvəl Britaniya baş naziri Tereza Mey parlamentdə etdiyi çıxışda Skripal və onun qızının Rusiyada istehsal olunmuş və hərbi təyinatlı sinir iflic edən maddə ilə zəhərləndiyini açıqlamışdı.
Mey xəbərdar edib ki, Moskvanın məsələyə münasibəti Londonu qane etməsə Rusiyaya qarşı geniş miqyaslı sanksiyalar tətbiq olunacaq. Britaniya liderinin sözlərinə görə, sanksiyalar Aleksandr Litvinenkonun ölümünə görə, Moskvaya qarşı tətbiq olunan sanksiyalardan daha ağır olacaq.
Bəzi mənbələr Londonun Rusiyalı diplomatları ölkədən qovacağını, Rusiya hökuməti ilə əlaqəli iş adamları və digər şəxslərə qarşı iqtisadi sanksiyalar tətbiq edəcəyini, Rusiyada keçiriləcək Futbol üzrə dünya çempionatını boykot edəcəyini və Avropa İttifaqı ilə birgə digər sərt ölçülər qəbul edəcəyini iddia edir.
Xatırladaq ki, Britaniyada sığınacaq almış keçmiş Rusiya kəşfiyyat zabiti Solsberi şəhərində qızı ilə birgə huşsuz vəziyyətdə aşkarlanıb.
Hüquq mühafizə orqanları onun sinir sistemini iflic edən xüsusi qazla zəhərləndiyini bildirib. Hadisə yerinə birinci gələn polis zabiti ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Ümumilikdə 21 nəfərin zəhərləndiyi xəbər verilir.