Londonda Natiq Qasımov haqqında çəkilən filmin təqdimatı olub – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
London şəhərində yerləşən nüfuzlu Britaniya Film Mükafatları Akademiyasının
(BAFTA) kino zalında Birinci Qarabağ müharibəsi zamanı ermənilər tərəfindən
əsir götürülmüş azərbaycanlı hərbçi Natiq Qasımovun taleyindən bəhs edən “Oğul”
(The Son) sənədli filmi nümayiş etdirilib.
Bu barədə “Report”a Azərbaycanın Böyük Britaniyadakı səfirliyindən məlumat
verilib.
Tədbir Britaniya Avropa Azərbaycan Məktəbinin təşkilatçılığı və Azərbaycanın
Böyük Britaniyadakı səfirliyinin dəstəyi ilə keçirilib. Tədbirdə diplomatik
korpusun çoxsaylı nümayəndələri, ictimai-siyasi xadimlər, Azərbaycan, Türk və
digər icmaların üzvləri, jurnalistlər iştirak ediblər. Tədbiri Britaniya Avropa
Azərbaycan Məktəbinin müəllimi Rauf Xəlilov açıq elan edib.
Daha sonra çıxış edən Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov
filmin ərsəyə gəlməsinə görə Heydər Əliyev Fonduna, TEAS Press Nəşriyyat Evinə,
filmin icraçı direktoru Tale Heydərova, eləcə də tədbirin təşkilinə görə
Britaniya Avropa Azərbaycan Məktəbinin müəllimləri Səbinə Rakçeyeva və Səbinə
Quliyevaya təşəkkürünü bildirib.
Səfir çıxışında Natiq Qasımovun göstərdiyi şücaətin qəhrəmanlıq nümunəsi
olduğunu vurğulayıb, onun xatirəsini yaşatmaq üçün və Qarabağ müharibəsi barədə
həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından filmin mühüm
əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Səfir bu yaxın günlərdə Azərbaycan icmasının üzvləri ilə birlikdə Xocalı
faciəsi qurbanlarının xatirəsinin yad edildiyini qeyd edib və bu kimi ağır
məqamların Azərbaycanın yeni tarixinin tərkib hissəsi olduğunu vurğulayıb.
Dünyada Azərbaycana dost və tərəfdaş olan ölkələrin bunu anlamasının
vacibliyini qeyd edib.
Səfir eyni zamanda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
tarixin münaqişə ilə bağlı səhifəsini bağlamalıyıq fikrini xatırladaraq,
torpaqlarımız işğaldan azad edildikdən sonra Azərbaycan və Ermənistan arasında
sülhün bərqərar olması üçün tarixi fürsətin yarandığını vurğulayıb. Azərbaycan
– Ermənistan arasında olan birbaşa ikitərəfli danışıqların aparılmasının
vacibliyini qeyd edib və bu prosesə kənardan mane olmaq istəyənlərin olduğunu
diqqətə çatdırıb.
Tədbirdə həmçinin filmin rejissoru Karan Sinqh çıxış edib. O, Natiq Qasımovun
əsirlikdə olarkən italyan fotoqraf və jurnalist Enriko Sarsini tərəfindən
çəkilmiş şəkillərindən çox təsirləndiyini və filmin çəkilməsi ideyasının burdan
yarandığını bildirib. O, filmin çəkiliş prosesi və hadisənin canlı şahidləri
ilə müsahibələri barədə danışıb. Filmin çəkiliş prosesində ona ən çox təsir
edən səhnənin Natiq Qasımovun anasının göz yaşları olduğunu bildirib.
Filmin prodüseri Ekard Sager çıxışında Azərbaycanın artıq öz torpaqlarını
işğaldan azad etdiyini qeyd edib, yüz minlərlə məcburi köçkünün, o cümlədən
Natiq Qasımovun ailəsinin öz doğma yurdlarına qayıtması üçün şərait yarandığını
vurğulayıb. O, çıxışında Azərbaycanın azad edilmiş ərazilərində işğal dövründə
1,5 milyondan artıq minaların basdırıldığına diqqət çəkib.