ea14ed58-15e0-4fb2-abc0-d1804cfdea11..jpg

Luis Moreno Okampo – rüşvət və ofşor bataqlığı, gizli əlaqələr, pullu xidmətlər – ŞƏRH + FOTO

Baxış sayı: 649 dəfə baxılıb.

Luis Moreno Okampo – rüşvət və ofşor bataqlığı, gizli əlaqələr, pullu
xidmətlər – ŞƏRH + FOTO

Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) keçmiş prokuroru Luis Moreno Okampo son
günlər qalmaqallı bəyanatı ilə gündəmə gəlib. Azərbaycan əleyhinə qərəzli
hesabatın müəllifi olan Moreno, deyəsən, beynəlxalq hüquqdan da xəbərsizdir.
Beynəlxalq hüquqa görə, Qarabağ iqtisadi rayonu Azərbaycanın ərazisi sayılır və
buradakı separatçı rejim qeyri-qanuni fəaliyyət göstərir.

Bu səbəbdən Luis Moreno Okamponun kim olması barədə kiçik bir araşdırma
apardıq. Moreno 1952-ci ildə Argentinanın Buenos-Ayres şəhərində anadan olub.
İxtisasca hüquqşünas olan Moreno 2003-cü ildən 2012-ci ilin 5 iyun tarixinə
qədər Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru postunu tutub. Əslində,
argentinalı olması onun hazırladığı qeyri-qanuni hesabata işıq tutur.
Argentinanın dövlət səviyyəsində Ermənistanı dəstəkləməsi heç kəsə sirr deyil
və Okampo da dövlətinin siyasətinə sadiq qalıb.

Okamponun Ermənistana və cinayətkar ermənilərə sevgisinin tarixi keçmişə gedib
çıxır. Hələ 2010-cu ildə, BCM-in prokuroru olduğu dövrdə Ermənistana səfər
edərək Beynəlxalq İnsan Hüquqları Federasiyasının 37-ci Forumunda iştirak edib.
Onun bu forumda iştirakı ilə yanaşı, Ermənistana o dövrdə rəhbərlik edən Serj
Sarqsyanla görüşü diqqətdən yayınmayıb. Görüşlə bağlı Serjin: “Ölkəmizdə insan
hüquqlarının müdafiəsi, eləcə də bəşəriyyətə qarşı törədilmiş cinayətlərin
pislənməsi ilə məşğul olan və böyük təcrübəyə malik insanların olması bizim
üçün çox vacibdir”, – açıqlaması mənzərənin nə dərəcədə iyrənc olduğunu bir
daha göz önünə gətirir. Xocalı cəlladı, hərbi cinayətkar Serjin dilindən bu
sözləri eşidən Okamponun hansı hisslər keçirdiyi məlum deyil. Amma fotolardan
erməni cəllada süni təbəssüm və heyranlıq dolu nəzərlə baxdığı məlum olur.

Xocalı soyqırımında aktiv iştirak edənlərdən sayılan Serjin bu cinayətinin
bütün dünyada tanınmasına rəğmən, BCM kimi qurumun prokuroru olan Okamponun
saxta gülüşü və görüşdən sonra: “Onların fəaliyyəti insan hüquqlarının
qorunmasına yönəlib və əsas məqsədlərdən biri sonrakı soyqırımlarının
qarşısının alınmasıdır”, – tipli açıqlaması erməni lobbisinə necə xidmət
göstərdiyini sübut edir. Əgər fəaliyyəti insan hüquqlarının qorunmasına
yönəlibsə, hərbi cinayətkarla əl sıxışmaq hansı çərçivəyə sığır? Əgər əsas
məqsədi sonrakı soyqırımlarının qarşısını almaqdırsa, Xocalı soyqırımına imza
atan biri ilə necə görüşə bilir? Okampo əvvəlcə vicdanını qarşısına qoymalı, bu
iki suala cavab tapmalıdır. Cəlladın əlini sıxaraq özünü hüquqşünas, insan
hüquqlarını qoruyan, cinayətkarlığa qarşı mübarizə aparan adlandırmaq
həyasızlığın hansı səviyyəsidir?

Amma Okamponun cinayətləri bununla bitmir və bu barədə daha ətraflı aşağıda
məlumat verəcəyik. Okampo prokuror kimi 2012-ci ilin 5 iyun tarixində postunu
Qambiyadan olan Fatu Bensudaya təhvil verib. Elə qalmaqallar da buradan start
götürüb.

Məlum olub ki, Fatu Bensuda keçmiş prokuror Moreno ilə mütəmadi olaraq
məsləhətləşib və gizli sənədləri ona ötürüb. Bu, aparılan araşdırmalarda
elektron poçtların yoxlanılması zamanı üzə çıxıb. Bensuda məxfi BCM sənədlərini
belə, Moreno ilə paylaşmaqdan çəkinməyib. Onun Okampo üçün lobbiçilik etdiyinə
dair şübhələr də ortaya çıxıb. Bensuda dərhal məhkəmənin iki əməkdaşının işinə
xitam verib və onların guya Okamponun adından gizli lobbiçilik etdiklərinə dair
Avropa İstintaq Əməkdaşlıq Təşkilatı (EIC) tərəfindən irəli sürülən iddialar
üzrə daxili araşdırma elan edib. İki əməkdaş məhkəmənin mətbuat katibi Florens
Olara və beynəlxalq əməkdaşlıq müşaviri Cennifer Şensedir. Onlar Okampoya
məhkəmə daxilindən köməklik göstərməkdə və işini tərk etdikdən sonra da daxili
məlumatlarla təmin etməkdə ittiham edilirlər.

Qalmaqal üzə çıxdıqdan sonra Bensuda vəziyyəti yatırtmaq üçün əvvəlcədən
hazırlanmış bəyanatlarla çıxış edib. O, Okampodan məsləhət almadığını, onunla
əlaqə saxlamadığını və birlikdə işləmədiyini bəyan edib.

Daxili sənədlər isə bu bəyanatların əksinə olan mənzərəni ortaya qoyub.
Bensuda Okampo ilə tez-tez danışıb, məlumat paylaşıb, məsləhət alıb, daxili
sənədləri ona göndərib. Bununla da Beynəlxalq Cinayət Məhkəməsinin “daxili
məlumatların üçüncü tərəfə ötürülməsi ilə bağlı” qaydanı pozub.

Bensudanın 2013-cü ildə Keniya məsələsi ilə bağlı Okampoya müraciət etdiyi üzə
çıxıb. Eyni zamanda, Moreno təqaüdə çıxdıqdan sonra Kolumbiya hökuməti ilə 40
ildən çox qanlı müharibə aparan Farc üsyançıları arasında vasitəçilik etməyə
başlayıb. Elə Bensuda ilə də bu məsələ ilə bağlı danışıqları olub və Okampo
regiona səfər edəcəyini bildirib. Maraqlıdır ki, bir neçə həftə sonra Bensuda
şəxsi elektron poçtu vasitəsilə Okampoya Kolumbiya Konstitusiya Məhkəməsinin
sədrinə Kolumbiyadakı sülh danışıqları ilə bağlı mövqeyini aydın şəkildə
bildirən məktub göndərdiyini xəbər verib. O, məktubu Okampoya göndərdiyi poçta
əlavə edib.

Moreno ilə bağlı qalmaqal bununla da bitmir. 2017-ci ildə Almaniyanın nüfuzlu
“Spiegel” nəşri yeni qalmaqallı məqalə yayımlayıb. Məlum olub ki, Okampo hələ
prokuror işlədiyi dövrdə vergi cənnətləri sayılan Panama və Britaniya Virciniya
adalarında müxtəlif şirkətlərə rəhbərlik edib, bunu bəyan etməyib. Eyni
zamanda, məxfi sənədləri və məlumatları məşhurlarla, milyarderlərlə paylaşıb.
Bu siyahıda məşhur aktyorlar Ancelina Coli, Corc Kluni, EBAY-in həmtəsisçisinin
həyat yoldaşı Pierre Omidyarın da adı var.

2012-ci ilin 15 avqust tarixində, yəni BCM-in prokuroru vəzifəsindən
ayrıldıqdan cəmi iki ay on gün sonra Okamponun Niderlandın “ABN Amro”
bankındakı hesabına 50 min dollar köçürülüb. Pul İsveçrədəki hesabdan köçürülüb
və Panamada yerləşən “Tain Bay” korporasiyası tərəfindən Avropaya göndərilib.
Növbəti aylarda pul transferi çoxalıb. 140 min dollar Niderlanddakı hesaba bir
neçə tranşla, Panama vasitəsilə ötürülüb.

Panamanın kommersiya reyestrinə görə, “Furman Management” adlı şirkət “Tain
Bay”in prezidenti kimi fəaliyyət göstərib. Amma Fransanın “Mediapart” araşdırma
saytı tərəfindən əldə edilən məlumata görə və jurnalistlər tərəfindən təhlil
edilən sənədlərə əsasən, Panamadakı “Tain Bay” korporasiyasının arxasında
həqiqətdə kimin olduğu üzə çıxıb. Bu, Okampo və həyat yoldaşıdır. Moreno
prokuror kimi fəaliyyətini başa vurduqdan sonra aktivlərini təmkinli şəkildə
dəyişdirmək istəyirdi. “Tain Bay” Okamponun yeganə ofşor şirkəti deyil.
Sənədlər sübut edir ki, keçmiş prokuror həm də Britaniya Virciniya adalarında
(BVI) da bir şirkətin sahibidir. Onun həyat yoldaşı Belizdəki “Lucia
Enterprises” şirkətinin sahibidir. Uruqvayda qeydiyyatdan keçmiş “Transparent
Markets” şirkəti də onlara məxsusdur. Sənədlərə görə, Okampo ofşor
şirkətlərinin gizli qalmasına böyük əhəmiyyət verir. Görəsən, niyə? Bəlkə, bu
hesablara axan pulların mənbəyini gizli saxlamaq istəyir?

Panama, Beliz və Britaniya Virciniya adaları maliyyə əməliyyatlarını gizlətmək
və vergilərdən yayınmaq üçün mükəmməl yerlərdir. Okampo bunu çox gözəl bilir.
Axı o, bir vaxtlar “Transparency International” təşkilatının Latın Amerikası və
Karib hövzəsi üzrə prezidenti vəzifəsində çalışıb. Təşkilat uzun müddətdir ki,
vergi cənnətlərində maliyyə sirri ilə mübarizədə fəaldır.

Bu, Okamponun səlahiyyət müddətində ofşor şirkətlərlə əlaqəsinin olmasını daha
da təəccüblü hala gətirir. Sənədlərə görə, baş prokuror və həyat yoldaşı BVI-da
qeydiyyatdan keçmiş “Yemana Trading” şirkətinin səhmdarları olublar. Şirkəti
ofşor biznesləri “Panama sənədləri” ilə ifşa olunmuş “Mossack Fonseca” hüquq
firması idarə edirdi.

“Yemana Trading” Fransa bankı “Crédit Agricole”un Cenevrə filialında şirkət
hesabı açıb. 2009-cu ilin dekabrında, hələ də ICC-də işləyərkən, Okampo “Crédit
Agricole”dakı bankirə yazıb: “Mən yanvar ayında neft almaq üçün birbaşa yol
tapmaq istərdim”. Amma bankir ona vəsait yatırmağın daha yaxşı olacağını
söyləyib.

2009-cu ildə Britaniya Virciniya adaları ofşor şirkətlərin benefisiar
sahiblərinin anonim qalmasını çətinləşdirən yeni qaydalar çıxarmışdı. Qanun
2010-cu ildə qüvvəyə minməli idi. Elektron poçt mübadiləsi göstərir ki, Okampo
ofşor biznesini dəyişmək istəyirdi, lakin onların vaxtı tükənirdi. Çünki
qaydaların qüvvəyə minməsinə az qalmışdı. Bu səbəbdən 18 dekabrda bankir
Okampoya yazırdı: “Vəziyyəti nizama salmaq üçün dekabrın 31-nə qədər vaxtımız
var”.

O, BVI şirkətini ləğv etmək üçün “Yemana Trading”in “Mossack Fonseca”dakı
meneceri ilə əlaqə saxladığını bildirib. Beləliklə, Okampo öz daşıyıcı
səhmlərinin “orijinal sertifikat”larını “Mossack Fonseca”ya qaytarmalıdır.

Okampo ona köməyə görə təşəkkür edib və yeni ofşor imkanları axtarmağa
başlayıb.

“Mən Fonseka əhalisi ilə Panamada şirkət qurmaq üçün danışıram”, – deyə
bankirə yazıb. Əlavə edib ki, “mənə deyirlər ki, bunu 48 saat ərzində edə
bilərlər”. Göründüyü kimi, Okampo o zaman “Yemana Trading”i bağlayıb və “Tain
Bay”in sahibi olub.

“Der Spiegel” nəşri Londonda müsahibə zamanı Okampo və həyat yoldaşının üç
ofşor şirkəti barədə sual versə də, Moreno şirkətlərin varlığını inkar etmir,
bunun qeyri-qanuni olmadığını müdafiə edirdi:

“Mən elə bir ölkədə özümü qorumalı oldum ki, banklar bir gün sizin pulunuzu
almağa qərar versinlər. Beləliklə, Argentinadan kənarda pulum var idi”.

Dindirilərkən Okampo ailəsinin ofşor şirkətlərdən istifadə edərək vergidən
yayındığını inkar edib. Okampo işlədiyi müddətdə Niderlandda öz vergilərini
ödədiyini söyləyib. O bildirib ki, heç vaxt BCM-ə ofşor biznesi barədə deməyib,
çünki “onlar heç vaxt soruşmayıblar”. Həmin ofşor biznesləri niyə gizli
saxladığını soruşduqda isə o belə cavab verib: “Siz o faktları elə təqdim
etməyə çalışırsınız ki, guya mən səhv etmişəm. Mən heç bir səhv etməmişəm”.

Okampo prokuror işlədiyi dövrdə də müəyyən səhvlərə yol verib və bir sıra
ittihamlarla üzləşib. Məsələn, 2011-ci ildə Keniya prezidenti Uhuru Kenyatta və
digər hökumət və müxalifət rəsmilərinin həbsi ilə bağlı order alıb. Kenyatta
minlərlə insanın ölümündə ittiham olunsa da, dəlil və şahidlərin olmaması,
Keniyadakı siyasi hadisələr Morenonun sələfi Bensudanı 2015-ci ildə məhkəmə
araşdırmasını dayandırmağa məcbur edib.

Okamponun cinayət əməlləri bununla da bitmir. O, 2012-ci ildə şübhəli
fəaliyyətlə məşğul olan, Qəddafi rejiminə yaxın olan Liviya neft milyonçusunun
lobbiçiliyi ilə məşğul olan və həmçinin onun əvvəlki işlərinə müdaxilə edərək
pullarını talayan məsləhətçi firma qurub. Onun adı neft maqnatı, bir neçə ölkə
tərəfindən korrupsiyada ittiham edilən Həsən Tatanaki ilə hallanıb. Həsən
Tatanaki əvvəlcə Liviyada Qəddafi rejimini dəstəkləsə də, sonradan qiyamçı
generala dəstək verir və prezident olmaq eşqinə düşür. Qalmaqal isə 2017-ci
ildə üzə çıxır.

Əldə edilən sənədlərə əsasən, 2015-ci ildə Tatanaki Okampo ilə üç milyon
dollar dəyərində konsaltinq xidmətləri üçün üç illik müqavilə imzalayıb.
Müqavilə vaxtından əvvəl ləğv edildiyi üçün yalnız 750 min dollarlıq ilk ödəniş
edilib.

Okampo deyir ki, o, Liviya vətəndaşlarına kömək etmək üçün işə başlayıb. Lakin
sənədlərdən belə çıxır ki, ona mümkün problemlər barədə xəbərdarlıq edilib.

Məsələn, bir neçə məktub keçmiş prokurorun Haftar və onun tərəfdarları ilə
əlaqələrinin mahiyyətini ortaya qoyur. Birində Tatanakinin əməkdaşı Ömər Xəlifə
Okampoya Misirin “təhlükəsizlik xidmətləri”nin nümayəndələri ilə görüşü barədə
danışıb və əlavə edib ki, “Həsən Misirin milli kəşfiyyat rəhbəri ilə əlaqə
saxlayır”. Başqa bir məktubda Okamponun əməkdaşlarından biri “YouTube”dakı
audioyazıya (ehtimal ki, qiyamın ilk günlərində Seyf əl-İslam Qəddafi ilə
telefon danışığının səsyazısı) istinad edir ki, burada diktatorun oğlu
Tatanakinin hələ də rejimi “dəstəklədiyini” deyir.

2015-ci ilin may ayında Haftara sadiq bir hərbi lider Tatanakinin “Libya
Awalan TV” televiziyasına müsahibə verib. O, Haftara dəstək verməyənlərin
“öldürüləcəyini” və əvvəlcə “qadınlarının gözləri qarşısında zorlanacağını”
bildirib. Məktublardan aydın olur ki, Okamponun komandası bu işi potensial
problemli hesab edib.

Bir neçə gün sonra Okampo Ömər Xəlifə məktub yazaraq Tatanakini Beynəlxalq
Cinayət Məhkəməsi tərəfindən mümkün təqiblərdən qorumaq üçün plan hazırlamağı
təklif edib…

Qısacası, Azərbaycana qarşı qərəzli mövqe sərgiləyən keçmiş prokurorun həyat
yolunda kifayət qədər qaranlıq və qalmaqallı məqamlar var. Bu kiçik yazıda,
sadəcə, onlardan birinə toxunduq. Azərbaycana və onun yürütdüyü siyasətə qarşı
fikir bildirmədən öncə Okampo əvvəlcə öz keçmişinə baxmalıdır…

“Report” İnformasiya Agentliyi

Source link