“Aqrar sahədə gəlirliliyin yüksəldilməsi, dayanıqlı satış kanallarının təmin
edilməsi, məşğulluğun artırılması üçün digər dəstək tədbirləri ilə yanaşı,
aqrar istehsal və emal sənayesini inkişaf etdirmək son dərəcə vacibdir. Halal
standartları əsasında emal prosesinin təşkili dəyər zəncirini formalaşdırmaqla
fermer və sahibkarların gəlirlərini artıracaq, kənd təsərrüfatı məhsullarına
olan tələbatı yüksəldəcək, maliyyə bazarlarını canlandıracaq, ixrac
potensialını daha da artıracaq”.
Cixisyolu.com xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bakıda
keçirilən Azərbaycan Halal Biznes və Turizm Forumunda bildirib.
O bildirib ki, bu sahədə dayanıqlı inkişafa nail olmaq üçün dünyada mövcud
olan trendlər dəyərləndirilməli, kənd təsərrüfatı və ərzaq məhsullarının
istehsalı günümüzün çağırışlarına uyğun qurulmalıdır:
“Kənd təsərrüfatında yüksək məhsuldarlıq və keyfiyyətli məhsul yetişdirmək
üçün tarladan süfrəyədək hər bir addıma xüsusi diqqət və innovativ yanaşma
tətbiqi zəruridir. Bu baxımdan, göstərilən hədəflərə nail olmaqda əsas ağırlıq
özəl sektorun üzərinə düşür”.
“Azərbaycan Halal Biznes və Turizm Forumu iştirakçılara bu sektorda mövcud
potensialı və investisiya perspektivlərini dəyərləndirmək, ən yaxşı təcrübələri
bölüşmək imkanı yaradır. Ümidvaram ki, bu sahənin inkişafı dövlət-özəl sektor
əməkdaşlığını daha da genişləndirəcək, məşğulluğu daha da artıracaq, dayanıqlı
iqtisadi inkişafı təmin edəcək, fermer və sahibkarların gəlirlərini artıracaq.
Bu gün toplaşdığımız bu platformada hər bir iştirakçının rolu böyükdür və birgə
addımlar ataraq, bu vacib məqsədlərə nail ola biləcəyimizə inanıram. Bu
istiqamətdə aparılacaq müzakirələrdə və qərarların qəbulunda forum
iştirakçılarına uğurlar diləyirəm”, – deyə nazir əlavə edib.
Məhərrəm Əliyev