48344282-658e-4a90-8872-f00fb9da2c2c..jpg

Mədəni İrs Forumu çərçivəsində “Qarabağ incəsənət düşərgəsi” sərgisi açılıb – FOTO

Baxış sayı: 839 dəfə baxılıb.

Mədəni İrs Forumu çərçivəsində “Qarabağ incəsənət düşərgəsi” sərgisi açılıb –
FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dekabrın 18-19-da keçirilən Mədəni İrs Forumu çərçivəsində “Gülüstan”
sarayında “Qarabağ incəsənət düşərgəsi” adlı rəssam və heykəltaraşların
əsərlərindən ibarət sərgi təşkil olunub.

Cixisyolu.com xəbər verir ki, sərgidə işğaldan azad olunmuş Qarabağa Mədəniyyət
Nazirliyinin dəstəyi ilə təşkil edilən səfərlər zamanı sənətkarların ərsəyə
gətirdikləri əl işləri yer alıb. Ekspozisiyada, həmçinin Heydər Əliyev Fondu
tərəfindən nəşr edilən, Qarabağdakı mədəni irsimizi əks etdirən kitab-albom da
nümayiş olunur. İngilis dilində çap olunan kitab-albomda işğaldan azad edilmiş
ərazilərimizdəki sənət nümunələrimiz, onların real təsvirləri verilib.

Rəssamların işləri arasında Cavanşir Məmmədovun “Qarabağ, əziz Şuşa, sən
azadsan!”, Samir Səmədovun “Xəzinə yüklü Qarabağ gözəli”, Kamran Əsədovun
“Zəfər” və digər müəlliflərin rəngkarlıq və heykəltaraşlıq nümunələri maraq
doğurur.

Sərgi məkanında yer alan Gömrük Tarixi Muzeyinin stendində də maraqlı
nümunələr var. Qaçaqmalçılıq yolu ilə ölkədən çıxarılmağa cəhd göstərilən
əşyalar – maddi mədəniyyət nümunələri təqdim edilir. Burada zinət əşyalarından
silah növlərinə, qiymətli əlyazmalardan musiqi alətlərinə müxtəlif əsərlər
maraqla qarşılanır.

Sərgidə, həmçinin təkəlduz tətbiqi sənət növü, misgərlik, zərgərlik,
quramalar, təzhib, balaban və sədəfdüzmə nümunələri də təqdim olunur.

Source link