df120e69-d4f4-4986-be78-90bea6793797..jpg

Mədəniyyətə qənim kəsilən Ermənistan – ŞƏRH

Baxış sayı: 742 dəfə baxılıb.

Mədəniyyətə qənim kəsilən Ermənistan – ŞƏRH

Ermənistanın Azərbaycana qarşı təcavüzü mədəni, tarixi, dini abidələrin məhvi
ilə də yadda qalıb.

Ermənistan indi faktları təhrif etməyə çalışır və özünün vandallıq aktlarına
müxtəlif don geyindirir.

Lakin İrəvanın nə deməsindən asılı olmayaraq, fakt faktlığında qalır.

Ermənistan Azərbaycan ərazilərini işğalda saxladığı müddətdə mədəni irsə,
tarixi, dini abidələrə vəhşicəsinə yanaşıb.

Ermənistan məqsədli şəkildə islam mədəniyyətinə aid bütün izləri silməyə
çalışıb. Bu məqsədlə 192 ziyarətgah, 65 məscid dağıdılıb.

Ağdam Cümə məscidinin saxlanılmasının səbəbi isə sırf Ermənistan tərəfindən
onun hərbi məqsədlə oriyentir kimi istifadə edilməsi idi.

Prezident İlham Əliyev fevralın 18-də Münhen Təhlükəsizlik Konfransı
çərçivəsində “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması”
mövzusunda plenar iclasda deyib:

“Biz, sadəcə, Qarabağda bugünkü vəziyyəti və ya oradakı erməni icması ilə
əlaqələrimizi kontekstdən çıxararaq 30 illik işğalı, Livan böyüklüyündə
ərazinin tamamilə xarabalıqlar içində olduğunu unutmamalıyıq. Bu,
yadplanetlilər tərəfindən edilməyib, gəlib bizim torpağımızı işğal etmiş, bir
milyon azərbaycanlını evindən didərgin salmış, 67 məsciddən 65-ni dağıtmış,
onları təhqir etmiş qonşularımız tərəfindən edilib. Biz onları qovandan sonra
indi onlar ədalət üçün yalvarırlar. Onlar – ərazimizi 30 il ərzində işğal
altında saxlayanlar – bizi işğalda günahlandırırlar”.

Azərbaycan tolerant ölkədir və burada yaşayan xalqlar bir-birilə vahid
orqanizm kimi bağlıdırlar.

Azərbaycan xalqı və dövləti dini, mədəni abidələrə heç zaman təhqirlə baxmayıb
və onların tarixi, simvolik əhəmiyyətinə qiymət verib.

Multikultural və tolerant dəyərlərin mənəvi sərvət kimi qorunub-saxlanıldığı
ölkəmizdə bütün dinlərə, mədəni, tarixi, dini abidələrə hörmətlə yanaşılır.

Hətta Bakının mərkəzində yerləşən erməni kilsəsi dövlət tərəfindən qorunan
abidələr siyahısındadır.

Ermənistan isə vandal təyinatını dəyişmir. İşğal müddətində Qarabağdakı tarixi
abidələrə qənim kəsilən Ermənistan üçün mənəvi prinsip deyilən bir şey yoxdur.

Qeyd edək ki, Vətən müharibəsindən sonra Qarabağ və Şərqi Zəngəzur
ərazilərində monitorinqlər nəticəsində 403 tarixi abidə aşkar edilib və bundan
əlavə, 162 yeni abidə (dövlət reyestrinə daxil olmayan) ortaya çıxarılıb.

Ermənistanın yuxarıda göstərilən əməlləri onun beynəlxalq hüquqda işğal
olunmuş ərazilərdə mədəni irsə hörmət etmək və onu qorumaq sahəsində
öhdəliklərinin ciddi şəkildə pozuntusudur.

Bu torpaqlardakı erməni təcavüzkarların cinayətkarlıqları, dini, tarixi və
mədəni irsimizin qəsdən məhv edilməsi Haaqa Konvensiyasının (1954) silahlı
münaqişələr zamanı mədəni irsin qorunması, Arxeoloji irsin qorunması üzrə
Avropa Konvensiyası (1992) və mədəni və təbii irsin qorunması üzrə UNESCO
Konvensiyası (1972) prinsiplərinin tapdalanmasıdır.

Hazırda Azərbaycan işğaldan azad etdiyi ərazilərdə tarixi, dini, mədəni
abidələrin bərpası işlərini davam etdirir.

Aqil Vəlili

Source link