Mədəniyyətlərin Birləşdiyi Ölkə konfransı keçirilib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
ADA Universitetində Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət
Təşkilatının dəstəyi, Azərbaycan Respublikasının Gənclər Fondunun tərəfdaşlığı
və NAYORA-nın təşkilatçılığı ilə “Mədəniyyətlərin Birləşdiyi Ölkə” konfransı
keçirilib.
Layihənin həyata keçirilməsində əsas məqsəd gənclərin mədəniyyətlərarası
dialoqda aktiv iştirakını stimullaşdırmaq və ölkəmizdəki multikulturalizm,
həmçinin tolerantlıq dəyərlərini təbliğ etməkdən ibarət olub.
Layihə çərçivəsində azsaylı xalqların və etnik azlıqların mədəniyyəti, tarixi
yaşayışları, adət-ənənələri və onlara göstərilən dövlət qayğısını özündə əks
etdirən sənədli film və jurnal hazırlanıb. Jurnal Azərbaycan dilindən əlavə
olaraq, 6 dilə tərcümə olunacaq.
Proqrama uyğun olaraq konfrans zamanı ilk olaraq ümummilli lider Heydər
Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan Şəhidlərimizin əziz
xatirələri bir dəqiqəlik sükutla yad edilib, daha sonra Azərbaycan
Respublikasının Dövlət Himni səsləndirilib.
NAYORA-nın sədri Azər Əliyev açılış nitqi ilə çıxış edərək Azərbaycanda
yaşayan azsaylı xalqlarla bağlı dövlət tərəfindən atılan məqsədyönlü
addımlardan, müharibə dövründə canını torpaqlarımız uğrunda qurban verən
azsaylı xalqların nümayəndəsi olan gənclərin qəhrəmanlıqlarından danışmış,
həmçinin dövlətin dəstəyi ilə gənclər arasında bu cür təbliğat layihələrinin
tez-tez həyata keçirildiyini xüsusilə vurğulamışdır.
Ulu öndərin “Azərbaycanın varı, dövləti təkcə onun pambığı, yeraltı, yerüstü
sərvətləri deyil, onun ərazisində yaşayan xalqlardır” sitatını nümunə gətirərək
və ölkəmizin multikulturalizm tarixindən söz açaraq, günümüzdə bu ənənələrin
Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd etmişdir.
Tədbirin rəsmi açılış hissəsində Azərbaycan Respublikasının Gənclər və İdman
nazirinin müavini İndira Hacıyeva, Azərbaycan Respublikasının Gənclər Fondunun
İcraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov, Bakı Slavyan
Universitetinin rektoru Anar Nağıyev və Bakı Beynəlxalq Multikulturalizm
Mərkəzinin İcraçı direktoru Rəvan Həsənov çıxış edərək öz fikirlərini
iştirakçılarla bölüşüblər.
Qeyd edək ki, hazırlanan sənədli film təqdim edildikdən və sərgiyə baxış
keçirildikdən sonra panel müzakirəsi öz işinə başlayıb.
NAYORA-nın Baş katibi Ramin Həbibzadənin moderatorluğunu etdiyi panelin
spikerləri qismində İslam Əməkdaşlıq Gənclər Forumu Avrasiya Regional Ofisinin
Baş direktoru vəzifəsini icra edən Vüsal Qurbanov, Dini Qurumlarla iş üzrə
Dövlət Komitəsinin şöbə müdiri Əli Həzi, Mənəvi Dəyərlərin Təbliği Fondunun
İcraçı direktorunun müavini Hatəm Gülməmmədov, Avropa Gənclər Parlamenti
Azərbaycan İctimai Birliyinin prezidenti Güldanə Dadaşova çıxış edib.
Panel müzakirəsi zamanı Azərbaycanın Multikulturalizm Siyasətinin beynəlxalq
arenada gənclərimiz vasitəsilə həyata keçirilməsi, müasir mədəniyyətdə ənənəvi
dəyərlərin yaşadılması, Azərbaycanda dinlərarası yanaşmalarda tolerantlıq
dəyərləri, İslam ölkələri arasında mədəniyyətlərarası dialoqda gənclərin rolu
kimi mövzular ətraflı müzakirə olunub, həmçinin iştirakçıların ünvanladığı
suallar cavablandırılıb.