3dd95ca5-cbe5-459b-a754-278cb3d5a078..jpg

Məhəbbəti əfsanəyə çevirən bəstəkar – FOTO

Baxış sayı: 523 dəfə baxılıb.

Məhəbbəti əfsanəyə çevirən bəstəkar – FOTO

“Mənim baletim dünyanın 64 teatrında tamaşaya qoyulub”, – deyə qürurla söyləyə
bilən yeganə müasir bəstəkar idi Arif Məlikov. 1961-ci ildən bəri onun
“Məhəbbət əfsanəsi” baleti dünya səhnələrini dolaşıb. Nəhayət, yarım əsrdən çox
fasilədən sonra dünya klassik musiqisinin bu şah əsəri Heydər Əliyev Fondunun
təşkilatçılığı ilə Bakı səhnəsinə qayıdır. Sentyabrın 18-i və 19-da Heydər
Əliyev Sarayında “Məhəbbət əfsanəsi” baletinin təqdimatı Milli Musiqi Günündə
əsl bayram əhval-ruhiyyəsi yaşatmaqla bərabər, müəllifinin 90 illik yubileyinə
(sentyabrın 13-ü Arif Məlikovun doğum günüdür) layiqli töhfə olacaq.

“Kaspi” qəzeti
məşhur bəstəkar, SSRİ və Azərbaycanın Xalq artisti Arif Məlikov haqqında məqalə
dərc edib.

O insanlar hamısı getdi…

“Arif Məlikovla bağlı o qədər xatirələrimiz var ki… Hansını danışaq?”, –
deyə sənət yoldaşları tarixi təqdimata sevinərək görkəmli bəstəkarı məhəbbətlə
anırlar.

Əməkdar İncəsənət xadimi, professor Məmmədağa Umudov xatırlayır:

“Arif Məlikovun ən yaxın həmkarı və ailə dostlarından olmuşam. Mən
Konservatoriyaya daxil olanda Soltan Hacıbəyovun sinfində oxuyurdum. Bir ay
sonra o, dünyasını dəyişdi. Məni Arif Məlikovun sinfinə göndərdilər. Bir neçə
gün dərsə getmədim. Dərsə ilk dəfə gələndə “Nə üçün gəlməmisən, get,
prorektordan icazə al, yoxsa auditoriyaya buraxmayacağam”, – deyə bildirdi. Bu
hadisə mənə dərs oldu. Ondan sonra bircə gün də dərs buraxmadım. Sonradan
dostlaşdıq, hətta ailəvi dost olduq. Birlikdə çox qastrollara çıxmışıq”.

Bəstəkarlıq məktəbinin sonuncu mogikanı

Bəstəkar xatırlayır ki, Arif Məlikovun “İki qəlbin dastanı” baleti Daşkənddə
nümayiş olunanda onu da dəvət edib:

“Maestro Niyazi ilə getmişdik. Birlikdə o qədər şəkillərimiz var ki… 50
illik yubileyini də “Moskva” hotelində qeyd elədik. Mən, Niyazi, Arif Məlikov –
birlikdə şəkil çəkdirdik. Onun ad günlərini hər il adətən Nardarandakı bağında
qeyd edərdik. Rəhmətlik Adil Bəbirov, Ramiz Mirişli və digər sənət adamları və
ziyalılar gələrdi. O dövr Azərbaycan bəstəkarlıq məktəbinin qızıl dövrü idi.
Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Rəşid Behbudov, Cövdət Hacıyev, Tofiq
Quliyev vardı. Heyf ki, o insanlar hamısı getdi. Arif müəllimi sonuncu mogikan
adlandırmaq olar. O gedəndən sonra bizim bəstəkarlıq məktəbi yetimləşdi”.

M.Umudov müəllimini böyük şəxsiyyət və gözəl insan kimi dəyərləndirir:

“Onunla daim ünsiyyətdə idik. İlk baxışdan sərt görünsə də, obyektiv, düzlüyü
sevən adam idi. Onun qədər intizamlı və məsuliyyətli insan tanımıram. Arif
müəllimlə yola getmək çətin idi. Sadəcə, onu başa düşmək lazım idi. Arif
müəllimlə münasibətdə dürüstlük olmayanda çox sərt reaksiya verirdi”.

M.Umudov müəlliminin şöhrəti dünyanı dolaşan “Məhəbbət əfsanəsi”ni qürur hissi
ilə xatırlayır:

“Tək SSRİ miqyasında yox, həm də dünyada “Böyük teatr” truppası birinci truppa
sayılır. Bu truppanın repertuarında Azərbaycan bəstəkarlarının əsərlərindən
daimi qalan Arif Məlikovun “Məhəbbət əfsanəsi” idi. Baletin xoreoqrafı Yuri
Qriqoroviç məhz bu baleti Sankt-Peterburqun “Mariinski” Teatrında
səhnələşdirəndən sonra populyarlaşdı və onu “Böyük Teatr”a baş baletmeyster
gətirdilər. Bu əsərdə kimlər yox idi: Nazim Hikmət, Niyazi, Arif Məlikov,
Virsaladzenin rəssamlıq tərtibatı, musiqi və rəqslərin harmoniyası… Ancaq
Arif Məlikov narazı idi. O, baletinin Azərbaycan truppası tərəfindən
qoyulmasını istəyirdi. Sağlığında Sverdlovsk, Mariinski teatrları Bakıya
qastrola gələrək baleti nümayiş etdirmişdilər. Təəssüf ki, bizim truppa
tərəfindən səhnəyə qoyulmadı”.

Arif müəllimin əli nəyə toxunubsa…

“Konservatoriyanın bəstəkarlıq fakültəsinə daxil olanda Arif Məlikov
“orkestrovka” üzrə mənim müəllimim oldu”, – deyə Xalq artisti Faiq Sücəddinov
xatırlayır:

“Sonra Estrada Simfonik Orkestrinin bədii rəhbəri kimi çalışanda onun “Dağlar”
mahnısını aranjeman etdim. Mahnını Akif İslamzadə oxuyurdu. Əsərlərini pianoda
çalmaq üçün mənə tez-tez müraciət edirdi. Sonradan Arif müəllimin bir neçə
mahnısını aranjeman etdim. Bizim yaxın ünsiyyətimiz vardı. Musiqi ilə bağlı
qızğın müzakirələrimiz olurdu”.

F.Sücəddinov müəlliminin kino və tamaşalar üçün yazdığı musiqiləri yüksək
sənət inciləri kimi dəyərləndirir:

“26 Bakı komissarı”na yazdığı musiqi möhtəşəm idi. Ümumiyyətlə, Arif müəllimin
bu səpkili musiqiləri əsl sənət əsərləridir. Onun “Məhəbbət əfsanəsi” baleti
isə bütün dünyada populyar idi. Elə tək bu əsər müəllifi haqqında hər şeyi
deyir. Arif müəllim ömrünün sonuna kimi müəllimlik etdi və çox dəyərli
tələbələr yetişdirdi. O nə yazıbsa – kino, tamaşa musiqisi, balet, mahnı –
hamısı gözəl idi. Arif müəllimin əli nəyə toxunubsa möhtəşəm, ürəyəyatan olub.
O, bizim fəxrimiz idi”.

Bəzən deyirdilər ki, xasiyyəti ağırdır…

“Tələbə vaxtı Arif müəllimin assistenti, sonra aspirantı olmuşam. Baş müəllim,
dosent, professor vəzifəsinə qədər yüksəlmişəm. 30 ilə yaxın bəstəkarlıq
sinfində birgə çalışmışıq”, – deyə Musiqi Akademiyasının bəstəkarlıq
kafedrasının professoru Ceyhun Abdullayev xatırlayır:

“Arif müəllimlə bir dəfə ünsiyyətdə olan insan nə qədər enerji alır və bu onun
üçün həyatda unudulmaz gün olur. Təsəvvür edin ki, bizim 30 il müddətində nə
qədər xatirələrimiz var. Onun kimi dünyada ikinci bəstəkar tapmaq çətindir.
Çünki elə bir bəstəkar yoxdur ki, hələ sağlığında yazdığı balet dünyanın
aparıcı ölkələrinin səhnəsində oynansın. Bu, bizim üçün böyük qürur mənbəyidir.
Arif müəllim Qara Qarayevdən dərs almışdı. Qara Qarayevin müəllimi Şostakoviç,
onun müəllimi Lev Şteynberq olub. Bu ənənə Bethovenə qədər gedib çıxır. Bizim
bəstəkarlıq məktəbinin böyüklüyü də ondadır – həm Şərq, həm də Qərb
mədəniyyətinin köklərinə bağlıdır”.

C.Abdullayev deyir ki, Arif Məlikovla tək tələbə-müəllim yox, həm də ata-oğul,
sirdaş olublar:

“Arif müəllim mənəviyyatsız, çirkablı insanları yaxına buraxmırdı. Bəzən
deyirdilər ki, onun xasiyyəti ağırdır. Amma elə deyildi, o insanlıqda da,
müəllimlikdə də təmiz idi. O həm də sözünü deyə bilən bir qəhrəman idi. 20
Yanvar hadisələrində Qorbaçova cəsarətlə “Sizin əliniz mənim millətimin qanına
batıb” deyə bildi. Sonra o, DTX-nın arxivindən əldə etdiyi sənədlər əsasında
“Mən ittiham edirəm” adlı sənədli kitab yazdı. 75 illiyində onun rəsm sərgisi
də keçirilmişdi. Həmin illər musiqi yazmırdı. “Xalqıma, millətimə xidmət
edirəm” deyirdi. Arif müəllim həm də yaxşı rəssam idi. 20 Yanvarla bağlı
çəkdiyi rəsm əsərində qan damcıları süzülən ürək çəkmişdi. Onun hisslərinə nə
yaxın idisə, onu sənəti ilə göstərməyə çalışırdı”.

C.Abdullayevin fikrincə, Arif Məlikov kimi sənətkarları tək
yubileydən-yubileyə deyil, tez-tez xatırlamaq lazımdır:

“Arif Məlikov təkcə simfonik əsər yazmayıb. Onun 3 baleti var, 40-a yaxın
filmə, tamaşalara musiqi yazıb. Onun 27 cilddən ibarət külliyyatı Prezidentin
sərəncamı ilə çap olundu. Mən xoşbəxtəm ki, o kitabların üzərində musiqi
redaktoru kimi çalışdım. Həmin kitablar nəşr olunanda Arif müəllim uşaq kimi
sevinirdi. “Ömrümün bu çağında bütün əsərlərimin çap olunduğunu gördüm”, – deyə
özünü xoşbəxt sayırdı”.

Source link