“Ölkə olaraq qarşımıza qoyulan əsas məqsədlərdən biri də 2050-ci ilə qədər
atmosferə buraxılan karbon emissiyalarını 40 faizə qədər azaltmaqdır. Təbii ki,
yaşıl enerjidən nə qədər geniş istifadə olunarsa, atmosferə buraxılan karbon
qazı da azalmış olar”.
Bu fikirləri Cixisyolu.com-a açıqlamasında Naxçıvan Muxtar Respublikası Dövlət
Energetika Xidmətinin rəis müavini, rəis vəzifələrini müvəqqəti icra edən
Məhərrəm Abbasov deyib.
O bildirib ki, hazırda enerji istehsalında yaşıl enerjinin payının 55 faizə
çatması atmosferə buraxılan karbon qazını da ötən illərə nisbətən dəfələrlə
azaldılması deməkdir:
“Hətta biz Dövlət Energetika Xidməti olaraq birgünlük Naxçıvanda karbon
emissiyasını sıfıra endirmişik.
Oktyabrın 11-də muxtar respublikanın 947 508 kVt-saat elektrik enerjisinə
tələbatı tam yaşıl enerji hesabına ödənilib. Digər günlərlə müqayisədə təqribən
130 min kubmetr həcmində təbii qaza qənaət edilib, həmin gün karbon emissiyası
sıfıra düşüb”.
Məhərrəm Əliyev