Məhkəmə əlilliyi olan şəxsin pozulmuş hüququnu bərpa etdi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bakı İnzibati Məhkəməsində Raul İsmayılzadənin əlillik dərəcəsinin
dəyişdirilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
tabelində Tibbi-Sosial Ekspert Komissiyasına qarşı iddiaya baxılıb.
Bu barədə e-huquq.az-a hüquqşünas Rahim Abıyev məlumat verib.
Onun sözlərinə görə, hakim Səlma Salahovanın sədrliyi ilə keçirilən prosesdə
iddia təmin olunub.
R.Abıyev deyib ki, iddiaçıya 2022-ci ilin oktyabr ayında 3-cü dərəcə əlillik
(orqanizmin funksiyalarının 50% pozulması) təyin olunub:
“Qərardan narazı qalan vətəndaş Tibbi-Sosial Ekspert Komissiyasına müraciət
edərək əlilliyin təyini ilə bağlı məsələyə yenidən baxılmasını xahiş edib.
Lakin Komissiya vətəndaşa imtina cavabı verib”.
Hüquqşünas bildirib ki, komissiyadan rədd cavabı alan vətəndaş məhkəməyə üz
tutmalı olub:
“Vətəndaş hüquqi yardım üçün mənə müraciət etdikdə sənədlərlə tanış olanda
gördüm ki, həqiqətən də bu şəxsə 3 deyil, 2-ci dərəcə əlillik təyin
olunmalıdır. Odur ki, müvafiq sənədləri hazırlayaraq iddia ərizəsi ilə Bakı
İnzibati Məhkəməsinə müraciət etdik. Məhkəmə tibbi ekspertizanın yenidən
aparılması barədə qərardad qəbul etdi.
Bundan sonra Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən şəxsin əlilliyinin
yenidən qiymətləndirilməsi həyata keçirildi. Beləliklə, məlum oldu ki,
vətəndaşın əlillik dərəcəsi düzgün təyin olunmayıb.
Hakim Səlma Salahovanın sədrliyi ilə şəxsə təyin olunmuş 3-cü dərəcə əlilliyin
ləğv edilməsi və ona 2-ci dərəcə əlilliyin (orqanizmin funksiyalarının 70%
pozulması) təyin olunması barədə qərar qəbul olundu. Məhkəmə ədalətli qərar
qəbul edərək vətəndaşın hüquqlarını təmin etdi.
Onu da qeyd edim ki, Komissiya daha əvvəl şəxsin əlilliyinin
qiymətləndirilməsində yanlışlığa yol verildiyini etiraf etmiş və hələ məhkəmə
qərarı çıxmadan, yəni proses davam edərkən artıq iddiaçıya 2-ci dərəcə əlillik
təyin etmişdi”.