Sumqayıt Apellyasiya Məhkəməsində əzab vermədə təqsirləndirilən C.Süleymanovun
barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elman Rəhimovun sədrliyi ilə
keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
İttihama görə, hadisə 1 oktyabr 2023-cü il tarixində saat 21 radələrində
Siyəzən şəhərinin Xətai küçəsində yerləşən evlərin birində qeydə alınıb.
Belə ki, C.Süleymanov yedikləri yeməyin yaxşı olmamasını bəhanə edərək
yumruqla arvadının baş nahiyəsinə vuraraq müxtəlif dərəcəli bədən xəsarətləri
yetirib. O, bir neçə gün sonra yetkinlik yaşına çatmayan qızlarına köynəyini
gətirməməsi səbəbindən yumruqla onların başına və bədəninin müxtəlif
nahiyələrinə vurmaqla xəsarət yetirib. Daha sonra C.Süleymanov şüşə külqabını
həyat yoldaşına atıb.
Beləliklə o, ailə üzvlərinə mütəmadi olaraq döyməklə və ya sair zorakı
hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar verməklə əzab verib.
Siyəzən Rayon Məhkəməsinin hökmü ilə C.Süleymanov 2 il müddətinə azadlıqdan
məhrum edilib.