Məhkəmə azyaşlı bacıların ölümünə səbəb olan sürücü ilə bağlı qərar çıxardı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bakı Apellyasiya Məhkəməsində azyaşlı bacıların ölümü ilə nəticələnən
yol-nəqliyyat hadisəsini törətməkdə təqsirləndirilən Abil Həsənovun barəsindəki
hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az xəbər verir ki, hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən
prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin
edilməyib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Həsənov səkkiz il
müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən il dekabrın 20-si saat 17 radələrində Xəzər
rayonunun Türkan qəsəbəsi ərazisində baş verib. Bakı şəhər sakinləri, 34 yaşlı
Abil Sədrəddin oğlu Həsənovun idarə etdiyi “Hyundai” markalı, 99-OH-223 dövlət
qeydiyyat nişanlı və 63 yaşlı Qurban Polad oğlu Əliyevin idarə etdiyi VAZ-2107
markalı, 90-EY-518 dövlət qeydiyyat nişanlı avtomobillər toqquşub. Nəticədə
Qurban Əliyev və sərnişinləri – paytaxt sakinləri, 13 yaşlı Əminə Əhməd qızı
Lütfəlizadə və onun bacısı 12 yaşlı Zalina hadisə yerində həyatlarını itirib,
onların anası Nigar Elbrus qızı Lütfəliyeva, həmçinin digər sərnişin Ülviyyə
Eldar qızı İsmayılova isə xəsarət alıblar.
Bununla yanaşı, “Hyundai” markalı avtomobildə olan beş sərnişin – İradə Quli
qızı Babayeva, Xatirə Babakişi qızı Babayeva, Nayibə Ağaraza qızı Hüseynova,
Göyərçin Arif qızı Babayeva və Təranə Murad qızı Zeynalova – müxtəlif dərəcəli
bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.
İlkin araşdırma zamanı “Hyundai” markalı avtomobilin sürücüsü Abil Həsənov
həmin gün səhər saatlarından başlayaraq fasiləsiz taksi fəaliyyəti ilə məşğul
olduğu üçün yorulduğunu və bu səbəbdən sükan arxasında yuxulayaraq qarşı
hərəkət zolağına çıxdığını bildirib. Faktla bağlı cinayət işi açılıb, Abil
Həsənov məsuliyyətə cəlb olunub.