Sumqayıt Apellyasiya Məhkəməsində Sumqayıt şəhər sakini Pərviz Şahbazovun (1992-ci il təv.) CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
ÇıxışYolu.Com-ın məlumatına görə, hadisə 2016-cı il oktyabrın 11-də, səhər saat 07:00 radələrində şəhərin “Saray bağları” yaşayış massivində qeydə alınıb.
Həmin massivdə yaşayan Pərviz Şahbazov qısqanclıq zəminində bacısı Zümrüd Soltanovanın (1994-cü il təv.) boyun nahiyyəsinə bir neçə bıçaq zərbəsi vurmaqla, onu qətlə yetirib və hadisə yerindən qaçıb.
Daxil olan məlumat əsasında hadisə yeri ekspertin iştirakı ilə müayinə olunub, müvafiq maddi sübutlar götürülüb. Səhəri gün şübhəli şəxsi Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları tutublar.
Məlum olub ki, evli olan Zümrüd Soltanova bir müddət öncə yoldaşından küsərək ata evinə qayıdıb, yaxınlarının dəstəyinə ehtiyacı olub. Lakin Pərviz Şahbazov bacısından şübhələnməyə başlayıb, hərçənd ki, Zümrüdün kimlərləsə kənarda hər hansı əlaqədə olması istintaqda öz təsdiqini tapmayıb. Buna baxmayaraq, Şahbazovun uydurulmuş fərziyyələri onun tərəfindən bu ağır cinayəti törətməsinə kifayət edib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 15 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Hökmdən məhkum apellyasiya şikayəti verərək, cəzasının azaldılmasını xahiş edib.
Sumqayıt Apellyasiya Məhkəməsi işin hallarını araşdıraraq, P.Şahbazovun şikayətini təmin edib. Qərara əsasən, hökm dəyişdirilib və onun cəzası 11 ilə endirilib.