Məhkəmə direktor haqqında paylaşımlar edən katibə ilə bağlı qərar çıxardı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Ali Məhkəmədə Astara rayon F.Əliyarov adına 6 saylı tam orta məktəbin
direktorunun katibəsi Validə Məmmədovanın barəsindəki hökmdən verilən kassasiya
şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rəşad Abdulovun sədrliyi ilə
keçirilən prosesdə qərar elan olunub.
Qərar tamamilə ləğv edilib, iş yenidən baxılması üçün apellyasiya instansiyası
məhkəməsinə göndərilib.
Qeyd edək ki, Astara Rayon Məhkəməsində V.Məmmədova barəsində direktor Ülviyyə
Bayramovanın etdiyi xüsusi ittiham qaydasındakı şikayətə baxılıb. Ü.Bayramova
katibənin Cinayət Məcəlləsinin 147.2-ci (Böhtan) maddəsinə uyğun
cəzalandırılmasını tələb edib.
Araşdırmalar zamanı məlum olub ki, Validə Məmmədova direktora oğlunu işə
götürülməsi ilə bağlı müraciət edib. Ü.Bayramova məktəbdə yaranacaq vakant yerə
qaydalara uyğun olaraq şəhid ailə üzvlərindən, qazi və müharibə
iştirakçılarından müraciət edən olmayacağı təqdirdə V.Məmmədovanın oğlunun işlə
təmin olunmasına köməklik göstərəcəyini bildirib. Lakin məktəbdə yaranmış
vakant yerə şəhid ailəsi üzvünün götürülməsi V.Məmmədovanın direktora qarşı
münasibətinin dəyişməsinə səbəb olub. V.Məmmədova müxtəlif dövlət orqanlarına
şikayət məktubları yazaraq direktoru rüşvətxorluqda və vəzifə
səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham edib. Şikayət məktubları
araşdırılıb, məktəbdə vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvətxorluq və
korrupsiya hallarının olmadığı müəyyən edilib.
Direktor Ü.Bayramova məhkəmədə V.Məmmədovanın qanunun tələbinə uyğun şəkildə
cəzalandırılmasını tələb edib. V.Məmmədova isə özünü təqsirli bilməyib.
Astara Rayon Məhkəməsi direktorun şikayətini təmin edib. V.Məmmədovaya
qazancının 10 faizi dövlət nəfinə tutulmaqla 6 ay islah işləri cəzası verilib.