Bakı Apellyasiya Məhkəməsində dörd nəfərin ölümü ilə nəticələnən avtomobil qəzası törətməkdə təqsirləndirilən Elturan Fərəcovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
ÇıxışYolu.Com-ın xəbərinə görə, hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, E.Fərəcovun apellyasiya şikayəti qismən təmin edilib. Onun 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası 7 il 6 aya endirilib.
Qeyd edək ki, hadisə 2017-ci ilin iyul ayının 13-də gecə saatlarında Ələt-Astara magistralında baş verib. Rusiyaya gedən “Mercedes” markalı mikroavtobus “KamAZ” markalı qoşqulu yük maşınına çırpılıb.
Qəza nəticəsində “Mercedes” markalı maşının sərnişinlərindən dörd nəfəri – 1993-cü il təvəllüdlü Əliyev Tuhid Mirzərəhim oğlu, 1982-ci il təvəllüdlü Qəhrəmanov Şahid Əbdülhüseyn oğlu, Rusiya vətəndaşı, 1947-ci il təvəllüdlü Xudaverdiyev Ramiz Ağahüseyn oğlu və 1951-ci il təvəllüdlü Abdullayev Azad İsməli oğlu dünyasını dəyişib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Fərəcov 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan sürücü apellyasiya şikayəti verib.
Etibar Məmmədov
www.ÇıxışYolu.Com