Bakı Apellyasiya Məhkəməsində Pərviz Şabanovun (1979-cu il təv.) CM-nin 126.2.4 (qəsdən sağlamlığa ağır zərərvurma, ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə), 221.3 (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) və 228.4-cü (qanunsuz olaraq soyuq silah əldə etmə, satma və gəzdirmə) maddəsi ilə cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
ÇıxışYolu.Com-ın məlumatına görə, ittiham aktına əsasən, сinayət hadisəsi “Gürcü mətbəxi” kafesində baş verib.
Pərviz Şabanov dostları Tural Məmmədov və Kənan Qədirovla yeyib-içərkən, aralarında mübahisə düşüb.
Qarşılıqlı söyüşlərdən sonra, dava zamanı Şabanov hər iki şəxsə bıçaqla xəsarətlər yetirib. Nəticədə zərərçəkənlər xəstəxanaya çatdırılıblar və onların həyatlarını həkimlər xilas edib.
Məhkəmə prosesində Pərviz Şabanov son sözündə özünün döyüldüyünü, ailə üzvlərinin təhqir edildiyini, özünü müdafiə etmək üçün bıçağa əl atdığını bildirib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə P.Şabanov yeddi il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Hökmdən təqsirləndirilən şəxsin vəkili apellyasiya şikayət edib.
Bakı Apellyasiya Məhkəməsi işin hallarını araşdıraraq, onun şikayətini təmin etməyib və hökmü dəyişdirmədən saxlayıb.